Ən vacibli ehtiyaclarımız içərisində yer alan informasiya texnologiyaları modern insan həyatının ayrılmaz hissəsinə çevrilib. İnternetin kəşfi isə xüsusilə böyük hadisədir. İnternet vasitəsilə dünyanın hər tərəfi ilə informasiya alış-verişi etmək mümkündür. Sosial-iqtisadi sahələrlə yanaşı, elm, təhsil, səhiyyə sahələrində də internet əhəmiyyətli yer tutmaqdadır. İnternet insanları bir-birinə yaxınlaşdırmaqdadır.
Əlbəttə, fiziki olaraq bir izolyasiya olduğu doğrudur, ancaq insanlar internet vasitəsilə fikirlərini bir-birlərinə daha yaxşı çatdırır, fikri baxımdan daha çox mövzunu müzakirəyə cəlb edə bilirlər. İnternet ictimailəşmək baxımından da əhəmiyyətli rola malikdir, çünki bu mühitdə kimsə əvvəlcə nə geydiyinizə, necə göründüyünüzə baxaraq sizi qiymətləndirmir. İnternet fikirlərin ön plana çıxdığı bir mühitdir. Xüsusilə son zamanlarda təhsil sahəsində internetdən geniş şəkildə istifadə olunur. İnternet məlumatlanmaq baxımından böyük bazaya sahibdir. Dünyada internetdən istifadə edənlərin sayı getdikcə artmaqdadır. İnternet vasitəsilə insanlar elektron kitabxanalardan istifadə edir, elektron formada alış-veriş və sair həyata keçirirlər. Bu isə insanlara vaxt qazandırmaqla bərabər, rahat və ucuz başa gəlir. Bundan əlavə, internet vasitəsilə dünyanın müxtəlif kitabxanaları, ticarət obyektləri, mağazaları ilə əlaqə saxlamaq mümkündür.
Naxçıvan Muxtar Respublikasında da informasiya texnologiyalarının inkişafı ilə bağlı genişmiqyaslı işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanalar, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidməti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İKT ilə bağlı demişdir: “Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdikcə genişlənməsi gənclər qarşısında əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkəmiz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar”.
Dövrümüzdə internet deyəndə 100 milyondan çox internet ünvanı, 30 milyard internet səhifəsi, 1,2 milyard istifadəçi və trilyonlarla dollar ticarət başa düşülməlidir. Sosial şəbəkələrdə təbliğat, informasiya alış-verişi son dövrlərdə daha da populyarlaşıb. Bu məsələ ilə bağlı Naxçıvan şəhərində sorğu keçirdik. İnternetin, sosial şəbəkələrin insanların həyatının ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə “Sosial şəbəkələrdən nə məqsədlə istifadə edirsiniz?” sualına Naxçıvan şəhərinin sakinləri belə cavab verdilər…
18-40 yaş arası şəhər sakinlərinin cavabları belə idi: məlumat tələbatımız var – xəbər saytlarını oxumaq üçün; iş üçün; işimiz üçün; yeni insanlarla tanış olmaq üçün; vaxt keçirmək üçün; darıxdığım üçün; ən maraqlı və intensiv xəbərləri burdan oxuya bildiyim üçün; ölkədəki ictimai-siyasi vəziyyətə vətəndaş prizmasından baxışı buradan daha asan yolla öyrənirəm; dostlarımla söhbət edirəm; fikirlər yazıb, fikirlərə rəylər bildirməklə öz fikirlərimi açıqlayıram və sair.
Verilən cavabların əksəriyyəti bu cür idi.
Ancaq sosial şəbəkələrə özünü daha yaxşı ifadə etmək məqsədilə baş vuranlar da az deyil.
40-60 yaş arası insanların isə cavabları, əsasən, belə idi: fikir mübadiləsi aparmaq və informasiya almaq üçün; xəbərləri oxumaq üçün; bu şəbəkələrə olan marağım üçün…
Göründüyü kimi, Naxçıvan Muxtar Respublikasında hər yaşdan internet istifadəçiləri vardır. Və bunların əksəriyyəti sosial şəbəkələrdə qeydiyyatdadır. Bu şəbəkələr arasında ilk yeri feysbuk (facebook), adnaklasnik (odnaklassniki), tviter (twitter) tutur.
Muxtar respublikamızda internetdən istifadə üçün geniş imkanlar yaradılmışdır. Bu imkanlardan səmərəli istifadə etməklə tariximizi, ədəbiyyatımızı, milli dəyərlərimizi dünya səviyyəsində təbliğ etməliyik. Xüsusilə ermənilərin Vətənimizdə törətdiyi vəhşilikləri, soydaşlarımıza qarşı törədilən soyqırımları internet vasitəsilə dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışmalıyıq.
Son dövrlərdə internet üzərindən aparılan təbliğatlar geniş vüsət alıb. Bu, böyük şansdır; günümüzü lazımsız internet səhifələrində keçirmək əvəzinə Vətənimizi, milli dəyərlərimizi internet üzərindən təbliğ etmək daha yararlı olar. Gənclərimiz bu sahədə böyük işlər görməkdədirlər. Bununla belə, bizim İKT sahəsində daha fəal və bu sahəyə xüsusi maraq göstərən savadlı gənclərə ehtiyacımız var.
Nərgiz İSMAYILOVA