Bu gün qadınlarımızın böyük əksəriyyəti ailə büdcəsinə kömək etmək, həyat standartlarını yüksəltmək, yaxud peşə sevgisi, cəmiyyətdə mövqe tutmaq kimi bir sıra səbəblərdən işləməyə üstünlük verir. Uzun müddət işləmək istəyən qadınlarımızı uğurlu karyera qurmaq maraqlandırır. Xanımlarımızı ən çox düşündürən sual isə budur ki, ailəyə və karyeraya bərabər zaman ayırmaq mümkündürmü?
Bu yazımızda qadınların seçim qarşısında qaldıqları məsələlərdən biri olan ailə və karyera mövzusundan bəhs etməyə çalışacağıq. Bir vaxtlar çalışan kişilərin sayı qadınlara nisbətən daha çox idi və onlar karyeraya üstünlük verirdilərsə, hazırda dünyada, o cümlədən ölkəmizdə çalışan qadınların sayı getdikcə artmaqda, karyera tendensiyası kişilərlə qadınlar arasında bərabərlik təşkil etməkdədir. Kişilərin bir çoxu belə düşünür ki, yalnız onlar karyera sahibi ola bilərlər. Eyni zamanda qadınların karyera sahibi olmalarını onlardan daha üstün bir mövqedə olmaları kimi səciyyələndirirlər. Bu gün əksər qadınlarımız öz karyeralarını qurmaqla həm də ailələrinə iqtisadi cəhətdən kömək etmiş olurlar.
Bütün işləyən qadınların bir ortaq problemi var: evləri ilə iş yerləri arasında seçim etmək. İlk olaraq vəziyyəti idarə edə biləcəklərini düşünən qadınlar daha sonra bu gərginlikdən yorulur, eyni zamanda ailədən kənarda qaldıqları üçün özlərini günahkar hiss edirlər. Bəzən qadınlar bunun üçün evdə köməkçidən istifadə etsələr də, köməkçilər qadının istədiyi şəraiti yarada bilmirlər və bu, işləri daha da çətinləşdirir. Başqa sözlə, ailə və karyera seçimində əsas çətinlik qadınların üzərinə düşür.
Qeyd edək ki, əvvəllər xanımların işi daha çətin olduğundan onlar həm ailəyə, həm də karyeraya vaxt ayıra bilmirdilər. Həm evdar, həm də iş həyatının ikisi bir arada mümkün deyildi. Müasir zamanda isə xüsusi olaraq texnoloji inkişaf qadının ev işləri ilə məşğul olmasını daha da yüngülləşdirib. Artıq bir çox iş məhz texnologiyanın köməyi ilə yerinə yetirilir. Lakin buna baxmayaraq, elə işlər vardır ki, sadəcə olaraq, diqqət tələb edir. Bu da yalnız qadının öhdəsindədir. Bəs karyera? Hal-hazırda bir çox qadın mükəmməl karyerası olsun deyə, çalışır və bunu arzu edir. Statistika göstərir ki, bəzi gənc xanımlar ailə qurmaqdan çox gələcəyi üçün mükəmməl karyera arzulamaqdadırlar və bunun üçün can atırlar.
Bəs mükəmməl karyeraya sahib olan qadın mükəmməl ailəyə sahib ola bilərmi? Əgər qadın zamanının çox hissəsini ailəsinə deyil, iş həyatına həsr edirsə, o zaman onun necə mükəmməl ailəsi ola bilər? Apardığımız araşdırmalar göstərir ki, artıq kişilər üçün karyera bir o qədər də mühüm əhəmiyyət kəsb etmir, nəinki qadınlar üçün. Yəni ölkəmizdə, eləcə də muxtar respublikamızda kişilərlə bərabər, qadınlar üçün də mükəmməl iş şəraiti yaradıldığından qadınlarımız karyera yaratmağa daha çox üstünlük verirlər. Bəs ailə? Bu zaman, yəni yaxşı iş, mövqe qazandığı zaman qadın ailə üçün vacib və mütləq olanları düşünə bilərmi: uşaqların tərbiyəsi, dərs, ev işləri və sair? Sübuta yetirilib ki, mükəmməl ailəyə sahib qadınların mükəmməl karyerası ola bilməz, bu, faktdır. İkisinin də eyni zamanda istədiyimiz səviyyədə mövcudluğu mümkün deyildir, çünki fikir, düşüncə, ideya yalnız bir istiqamətə yönəldiləndə uğurla nəticələnər.
Əksər hallarda gənc qızlarımız arasında karyeraya deyil, ailəyə üstünlük verildiyinin şahidi oluruq. Bu vəziyyət hal-hazırda daha çox üstünlük təşkil edir. Bu da onun göstəricisidir ki, çox gənc qızlarımız hələ yeniyetməlikdən beynində “mən böyüyəndə ailə qurmalı, ana olmalıyam” kimi düşüncələr yaradır. Belə olduqda təhsil önəmini itirir, demək olar ki, ikinci plana keçir. Ailə quran gənc qızlardan bəziləri yaxşı ailə şəraitinə düşür, bəziləri isə... İkincilər maddi və mənəvi çətinliklərlə qarşılaşdıqda təhsilin, karyeranın nə qədər önəmli olduğunu dərk edir, iş imkanlarını dəyərləndirmədikləri üçün peşman olurlar.
Sevindirici haldır ki, Azərbaycan xanımları arasında “ailə müqəddəsdir” prinsipi əsasən özünü qoruyur. Eyni zamanda xanımların böyük əksəriyyəti karyeranın ailə həyatı üçün böyük maneəyə çevrilməməsi mövzusunda da həmfikirdirlər. Lakin bununla belə, apardığımız araşdırmalarda ailə institutumuza zidd bəzi neqativ halların da mövcudluğunu müşahidə etdik. Bunu daha çox xüsusi informasiya kanalları vasitəsilə xaricdən ötürülən və milli-mənəvi dəyərlərimizlə ziddiyyət təşkil edən həyat tərzi təbliğatının nəticəsi kimi də qiymətləndirmək olar. Xanımlarımızın getdikcə daha çox iş həyatının müxtəlif sahələrində yer almaq istəyilə əlaqədar ailədə övladların tərbiyəsi baxımından rol bölgüsünün düzgün aparılması vacibdir. Belə ki, bu gün də boşanmanın əsas səbəbləri arasında göstərilən bəzi problemlərin yaşanmaması üçün valideynlər, xüsusilə oğlan övladlarına həyat yoldaşlarına zərurət anında kömək etməyin vacib olduğunu təlqin etməyi unutmamalıdırlar. Aparılan araşdırmaların nəticələrinə görə, iş həyatında uğurlu olan bir qadının ailəsinə vaxt ayırması çətin problem kimi həmin qadını daim düşündürür. Belə bir vaxtda ən yaxşı addım yaxşı bir proqram hazırlamaqdır. Məsələn, həftə içində işin ən az olduğu gün bir az daha tez işdən çıxaraq ailə üzvləri ilə daha çox vaxt keçirmək olar. Ev işləri və uşağa qulluq işini həyat yoldaşı ilə bölüşmək, boş vaxtlarda ailə ilə teatra, kinoya getmək məsləhətdir.
Bəli, etiraf etmək lazımdır ki, həyatda nələrlə qarşılaşacağımız, başımıza nələr gələcəyindən xəbərsizik. Buna görə də hər birimiz öz gələcəyimiz üçün təhsilə, karyeraya xüsusi əhəmiyyət verməli, gələcəyimizi müstəqil şəkildə qurmalıyıq. Yaxşı karyera isə hər bir qadın üçün maddi və mənəvi təminat, müstəqillik deməkdir. Əgər hər hansı bir qadın işində irəli gedirsə və ailə başçısına, yəni həyat yoldaşına həm də maddi köməklik göstərirsə, bunun nəyi pisdir ki? Əksinə, belə qadınlarla fəxr etməliyik.
Sona MİRZƏYEVA