Şərur Rayon Mədəniyyət və Turizm Şöbəsinin nəzdində yaradılmış “Arpaçay” instrumental, Şərur Xalq Yallı, “Şərur qönçələri” Uşaq Yallı ansamblları rayonun mədəni həyatında fəal iştirak edir, şərurluların asudə vaxtlarının səmərəli təşkilinə səy göstərirlər. Adıçəkilən kollektivlər tez-tez rayon ərazisində yerləşən hərbi hissələrdə də olur, hərbçilər qarşısında maraqlı konsert proqramları ilə çıxış edirlər.
Rayon Mədəniyyət və Turizm Şöbəsindən aldığımız məlumata görə, bu günlərdə adıçəkilən kollektivlər “N” hərbi hissəsində olub. Ansamblların repertuarında dövlətçiliyimizə, müstəqilliyimizə, vətənpərvərliyə həsr olunmuş mahnılar səsləndirilib, ansamblların ifasında əsgərlərimizdə döyüş ruhunu yüksəldən rəqslər və yallılar təqdim edilib. Konsert proqramı əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb.
Hərbi hissə rəhbərliyi bu tədbirin xalq-ordu birliyinin bariz ifadəsi olduğunu diqqətə çatdırıb, əsgərlərin asudə vaxtlarının səmərəli təşkilinə töhfə verdikləri üçün musiqi kollektivlərinə şəxsi heyət adından minnətdarlığını bildirib.
Xəbərlər şöbəsi