Taxıl iki yay görməlidir
Taxıl əkini hər bir məmləkətin iqlim xüsusiyyətlərinə görə payız və yaz fəsli aparılır. Naxçıvan diyarının iqlimi mötədil olduğundan və yazda digər işlərin çoxluğundan bineyi-qədimdən taxılın payız əkininə daha çox üstünlük verilmişdir. İnsanın qida payında çörəklə yanaşı, un məmulatları (yarma, makaron, vermişel, əriştə, unlu-umaclı xörəklər, hər cür zənginliyə malik şirniyyatlar) məhz bərəkətli taxıl zəmilərindən hasilə gəlir. Culfa rayonu ərazisindəki Darıdağda minillik tarixə malik dəyirmandaşı yataqları, əksər yaşayış məntəqələrimizdəki xeyli sayda su dəyirmanları bu torpaqlarda bol taxıl yetişdirilməsindən xəbər verir. Arpa, buğda, gülül, çovdar, darı, vələmir, noxud, mərcimək kimi dənli- paxlalılar öz dadı-tamı ilə məşhurdur.
Payızlıq əkinlə yazlıq əkinin məhsulunda tərkibcə dad fərqi olur. Halva, plovluq üçün əriştə yazlıq buğda unundan hazırlanır.
Dağlıq zonalarda payız əkininə avqustun ikinci yarısından başlanardı ki, səpilən toxumlar cücərib, suvarılıb kollanma fazasına elə daxil olsun ki, necə deyərlər, içərisində kəklik gizlənə bilsin. Buna görə atalarımızın belə bir məsəli var: “Taxıl iki yay görməlidir”. Belə kollanmış taxıla qışın qarı, şaxtası güc gələ bilməz, o, yaza salamat çıxar. İkinci yayın günəşli günləri bol məhsul yetirir. Bu ilin nəticələri göstərir k, keçən payızdan əkilən 35,7 min hektaradək arpa, buğda əkinləri aqrotexniki qaydada optimal müddətdə keçirilmiş, suvarılıb gübrələnmiş, alaqlara, zərərverici və xəstəliklərə qarşı düzgün mübarizə aparılmış, yetişdirilən məhsul vaxtında və itkisiz tədarük olunaraq 103 min tondan çox məhsul əldə edilmişdir. İlkin emaldan toxumluq, ərzaq və mal-qara üçün yem ehtiyatı yaradılmışdır. Təbiidir ki, 2015-ci ilin məhsulu üçün payızlıq əkinlərə hələ iki ay bundan əvvəl hazırlıq görülüb. Mövcud vəziyyətlə bağlı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları Əsgər Həsənov və Zərrab Əfəndiyevlə həmsöhbət olduq.
Əsgər müəllim, payız əkininə başlanana kimi hansı ardıcıl aqrotexniki tədbirlər həyata keçirilməlidir?
– Əvvəla, torpağın potensial gücünü ortaya çıxarmaq üçün uzun illər ard-arda bir taxıl növünü eyni yerdə əkmək olmaz; torpaq birtərəfli mənimsədildiyi üçün qüvvədən düşər. Mütləq növbəli əkinə və xam, dincə qoyulmuş torpaqlara üstünlük verilməlidir. İkinci bir tərəfdən, yay şumunun faydası min illərdir, sınaqdan çıxıb. Yay şumunu Günəş istiliyi elə dağlayır ki, torpaq qızarır, alaq deyilənin toxumu kəsilir, torpaq dənəvər hala düşür. Təbiətin öz gücü ilə parçalanma prosesi elə bioloji fəallıq yaradır ki, daha torpaqlara azot, fosfor, kalium kimi mineral birləşmələrin verilməsinə ehtiyac qalmır. Həmin gübrələrdən istifadə tarixi son 70-80 ilə aiddir. Ata-babalarımızdan yay şumunun torpağın tərkibini təbii olaraq zənginləşdirdiyini öyrənmişik. Eləcə də yay şumu torpağın alt qatında rütubəti də saxlayır.
– Əsgər müəllim, yeri gəlmişkən, bir məsələni qeyd edim. Badamlı kəndində yaşayan 80 yaşlı Hüseyn baba deyirdi ki, yeniyetmə idim, cütə gedirdik, yay şumu aparırdıq. Macqal şuma 3 litrlik dolu su qələniyi basdırdıq. Payızda gedib baxdıq ki, şumdan kənar yerlərdə torpaq yay istisində cadar-cadar olduğu halda, yay şumuna basdırılmış qələnikdəki su buxarlanmadan olduğu kimi qalmış, şumun altında rütubət özünü saxlamışdır.
Bax min illərin sınağı budur. Ən qiymətli üsuldur. Ataların belə bir məsəli var: “Necə olarsa toxumun əsli, elə də olar onun nəsli”.
– Hazırda muxtar respublikada “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyətinin toxumçuluq təsərrüfatı özünün 200 hektarlıq sahəsində yerli “Arandəni” arpa, “Qılçıqsız-1”, “Qiymətli”, “Ruzi”, “Dağ-daş” buğda sortları ilə yanaşı, qonşu ölkələrdən “Quality”, “Quadilop” kimi məhsuldar buğda toxumları ilə fermer və sahibkarları toxum materialı ilə təmin edir. Heç şübhəsiz ki, taxıl məhsullarına tələbatın ödənilməsi məqsədilə bu payız da keçənilki qədər, yəni 36 min hektaradək arpa-buğda əkinləri keçirmək nəzərdə tutulmuşdur.
– Səpin norması necə olmalıdır?
Səpin norması torpaqların qida maddələri ilə təmin olunmasından, şum altına verilmiş mineral gübrələrin miqdarından asılı olaraq, arpa üçün hektara 180 kiloqramadək, buğda üçün sortlardan asılı olaraq, 220-280 kiloqram hüdudunda olmalıdır.
– Zərrab müəllim, muxtar respublikada bütün növ meyvə, tərəvəz və bostan, yem bitkiləri, eləcə də taxılçılıq üçün aqroservis xidməti yaradılmış, çətin əl əməyi xeyli yüngülləşdirilmişdir. Bilmək istərdik, taxılçılıqda payız səpini və sonrakı becərmələr üçün hansı texnika növləri işlək hala gətirilmişdir?
– Bəri başdan deyim ki, müasir texnika bizə həm də müasir sənaye texnologiyası ilə işləməyi diktə edir. 326-dan çox şum traktoru, 20 ədəd kəltənəziçi, vərdənələr, 70-ə yaxın toxumsəpən, o cümlədən 30 ədəd şırımaçan, 18 ədəd gübrəsəpən payız əkininə cəlb olunub. Çiləyici aqreqatlar da kifayət qədərdir. Bütün bunların müqabilində əkini vaxtında və keyfiyyətlə keçirib suvarmanı mütəşəkkil aparmaq lazımdır.
– Əsgər müəllim, taxılçılıqda suvarma işi ilə də bağlı fikirlərinizi bilmək istərdik.
– Torpağa mora açıb başqov üsulu ilə suvarma hər il tədricən şırımlarla suvarma üsulu ilə əvəz edilir. Bu da əl əməyini yüngülləşdirdiyi kimi, məhsul artımına da müsbət təsir edir. O ki qaldı dəmyə sahələrdə payız əkininə, atalar məsəlidir: “Dəmyənin dəhnəsi göydədir, baxar qar-yağış rütubətinə”.
Suvarılan sahələrdə məhsuldarlıq 30-35 sentnerə, dəmyə sahələrdə 15-18 sentnerə çatır. Taxılda suvarmanın düzgün təşkili başlıca şərtdir. Əlbəttə, əkinin düzgün becərilməsi də nəzarətdə saxlanılmalıdır.
– Əsgər müəllim, bir halda yurdumuzda payız əkinindən söhbət açdıq, əkinçilik mədəniyyətimizin bir zamanlar istifadə edilən “boğazına səpin” üsulundan da taxılçılarımıza məlumat verməyinizi xahiş edirəm.
– “Boğazına səpin” üsulu Naxçıvan torpağına məxsusdur. Öküz qüvvəsilə cüt-kotan əkini aparılan dövrlərdə tətbiq olunub. Əgər payızın son ayı imkan verirsə, qar-yağış yoxdursa, qədim üsul belədir ki, yerin qətəsinə, yəni ölçüsünə görə arpa, yaxud buğda toxumu səpilib üzdən dayaz şum edilir. Belə səpində toxum qış qabağı deyil, salamat qalaraq erkən yazda cücərir. Belə üsulda yazda il yaxşı gəlsə, suvarılan sahələrə bərabər məhsul əldə edilir. İşdir, il quraq gəlsə, belə əkinin ehtiyat rütubəti arandakı əkinlərdən də yaxşı olur, məhsul verir.
Müsahibə üçün sağ olun.
Qaşdar ƏLİYEV
aqronom-fenoloq