Kəngərli Rayon Məşğulluq Mərkəzində növbəti əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə mərkəzin direktoru Məzahir Rüstəmov açıb. Bildirib ki, ölkəmizdə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrası yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarıb. Həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev çıxış edərək qeyd edib ki, ötən illər ərzində muxtar respublikanın bütün bölgələrində, eləcə də Kəngərli rayonunda təşkil olunan əmək yarmarkalarında işaxtaran vətəndaşlara boş iş yerləri təklif olunmaqla yanaşı, onların mövcud əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına və haqqıödənilən ictimai işlərə cəlb olunması da təmin edilib. Kəngərli rayonu əhаlisinin məşğulluğunun gücləndirilməsi, işахtаrаnlаrlа işəgötürənlər аrаsındа birbаşа əlаqələrin yаrаdılmаsı və məşğulluq оrqаnlаrının fəаliyyətinin səmərəliliyinin yüksəldilməsi istiqamətində təşkil edilən əmək yarmarkalаrı mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə keçirilmiş tədbirlərin təhlili göstərir ki, belə tədbirlərdə işaxtaran vətəndaşlar yerli məşğulluq orqanlarının xidmətlərindən daha çox bəhrələnir, işəgötürən müəssisələrin məsul nümayəndələri ilə birbaşa ünsiyyət yaratmaq imkanı qazanırlar.
İşaxtaran vətəndaş Şəhriyar Quliyev çıxışında bildirib ki, belə tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır, onların müvafiq işlə təmin olunmaq imkanlarını artırır. O, bu gün təşkil olunan növbəti əmək yarmarkasında işə göndəriş alanlar adından minnətdarlığını bildirib.
12 özəl və dövlət müəssisəsindən 49 boş iş yerinin çıxarıldığı yarmarkada 16 nəfərə işə göndəriş verilib, 1 nəfər isə peşə hazırlığı kursuna cəlb olunub.
* * *
Şahbuz rayonunda da əmək yarmarkası keçirilib. Yarmarkaya 15 idarə, müəssisə və təşkilatdan 146 boş iş yeri çıxarılıb. 26 nəfərə işə göndəriş verilib, 4 nəfər isə peşə hazırlığı kursuna göndərilib.
Xəbərlər şöbəsi