Azərbaycan Respublikasında və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, əhalinin sosial müdafiəsi sahəsində də bir sıra uğurlu islahatlar aparılıb və təkmil sığorta-pensiya sistemi formalaşdırılıb.
Fərdi uçot sisteminə əsaslanan yeni sığorta-pensiya sistemi işləyən vətəndaşların Dövlət Sosial Müdafiə Fonduna ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqlarına əsasən, pensiya təyinatını özündə əks etdirir. Bu məqsədlə dövlət və özəl müəssisələrdə çalışan işçilər, həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslər və mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan torpaq mülkiyyətçiləri Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları tərəfindən qeydiyyata alınıb, onlara sosial sığorta şəhadətnamələri verilib və fondda fərdi şəxsi hesab açılıb. 2006-cı il yanvarın 1-dən həmin kateqoriyadan olan vətəndaşların (sığortaolunanların) ödəmiş olduqları məcburi dövlət sosial sığorta haqları onların fərdi şəxsi hesablarında toplanılıb. Sığortaolunanlar pensiyaya çıxanda toplanmış məcburi dövlət sosial sığorta haqlarından onlara pensiya təyinatı aparılacaq. Sığortaolunanlara təyin olunan pensiyanın məbləği onların fərdi şəxsi hesablarında olan məcburi dövlət sosial sığorta haqlarının məbləğindən və sığorta stajlarından asılıdır. Bunlar nə qədər çox olarsa, sığortaolunanın pensiyası da ona uyğun çox olacaqdır.
“2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na əsasən, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədilə müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulub və ardıcıl olaraq həmin tədbirlər həyata keçirilir.
Həmin tədbirlərdən biri vətəndaşların (sığortaolunanların) 2006-cı il yanvar ayının 1-dək bütün əmək fəaliyyəti dövrlərinin onların fərdi şəxsi hesablarına işlənilməsindən ibarətdir. Bunun əhəmiyyəti nədən ibarətdir? Birinci növbədə, avtomatlaşdırılmış pensiya təyinatı sistemində insan amili aradan qaldırılır, sığortaolunanlar bəzi sənədlər hazırlamaqdan azad olurlar və əmək pensiyasının məbləği xüsusi proqram vasitəsilə qısa müddətdə hesablanaraq sığortaolunana təqdim edilir. Eyni zamanda sığortaolunan internet vasitəsilə əmək pensiyasının məbləğini qabaqcadan hesablamaq imkanı əldə edir.
Hazırda bu sistem formalaşdırılmaqdadır. Bu məqsədlə sığortaolunanların 2006-cı il yanvarın 1-dək bütün əmək fəaliyyəti dövrlərinin onların fərdi şəxsi hesablarına işlənilməsi prosesi artıq başa çatdırılıb.
Sığortaolunanların sığorta stajlarının toplanılması onların əmək kitabçalarında əks olunan məlumatlar əsasında aparılır. Sığortaolunanın əmək kitabçasına əsasən, əmək fəaliyyəti barədə məlumatlar xüsusi hazırlanmış proqram təminatına işlənərək həmin müddətlər vətəndaşın fərdi şəxsi hesabında sığorta stajı kimi öz əksini tapıb. Qeyd edək ki, əmək stajlarının toplanılması bütün sığortaolunanlar, o cümlədən fiziki şəxslər və torpaq mülkiyyətçiləri üzrə də aparılıb.
2006-cı il yanvar ayının 1-dək sığortaolunanların əmək fəaliyyətinin proqram təminatında qeyd olunması pensiya təyinatında onların həm staj baxımından pensiya təminatı hüququnun yaranmasına, həm də təyin olunacaq pensiyanın məbləğinə təsir edəcəkdir.
Sığorta stajı və məcburi dövlət sosial sığorta haqlarının məbləği pensiya təyinatı üçün tələb olunan əsas göstəricilərdir. Bu göstəricilər də sığortaolunanın fərdi şəxsi hesabında öz əksini tapdığından avtomatlaşdırılmış qaydada xüsusi hazırlanmış proqram vasitəsilə vətəndaşa həmin məlumatlar əsasında pensiya təyinatı aparılacaqdır. Beləliklə, sığortaolunan əlavə sənədlər hazırlamaqdan azad olacaqdır.
Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı bir sənəd toplamadan və vaxt itirmədən təyin olunmuş telefon nömrəsinə zəng vurub şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində pensiya təyinatı hüququnu reallaşdıra bilər. Vətəndaşdan tələb olunan məlumat isə yalnız şəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Dövlət Sosial Müdafiə Fondunun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir. Eyni zamanda zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanı da çatdırılacaqdır. Bu, sistemdə şəffaflığın daha da artmasını təmin etməklə yanaşı, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə də şərait yaradır.
2006-2014-cü illər üzrə sığortaedənlər və sığortaolunanlar tərəfindən təqdim edilmiş məcburi dövlət sosial sığortası üzrə sığortaolunanlar haqqında məlumatlar və 2006-cı ilədək mövcud olan əmək stajlarına qanunvericiliyə uyğun hesablanmış pensiya kapitalları barədə məlumatların fondda hər bir sığortaolunan üçün açılmış fərdi şəxsi hesablara işlənilməsi işləri başa çatdırılıb. Hazırda Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda pensiya təyinatının avtomatlaşdırılması üçün görülən tədbirlərin mühüm istiqamətlərindən biri kimi müasir infrastrukturun qurulması və texniki məsələlər başa çatmaq üzrədir.
Qabaqcıl texnologiyaların sığortaolunanların və əmək pensiyaçılarının gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etmək məqsədilə də Naxçıvan Muxtar Respublikasında ardıcıl və məqsədyönlü işlər görülməkdədir.
“Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2011-ci il 15 iyul tarixli Fərmanının icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet saytının (www.dsmf.nakhchivan.az) yaradılması da vətəndaşların fonda elektron müraciət etmələrinə geniş imkanlar açıb.
Elektron xidmət vasitəsilə sığortaolunanların fərdi şəxsi hesablarına toplanan pensiya kapitalları barədə məlumat əldə edə bilmələrinin təmin olunması da bu istiqamətdəki uğurlu addımlardan biridir. Beləliklə, artıq istənilən sığortaolunan Dövlət Sosial Müdafiə Fondu tərəfindən açılmış fərdi şəxsi hesabında illər üzrə əks olunan pensiya kapitalına nəzarət etmək imkanı əldə edəcək. Bu, sistemdə şəffaflığın daha da artmasına səbəb olmaqla yanaşı, həm işəgötürənlər üzərində ictimai nəzarətin təşkilinə, həm də yaxın gələcəkdə avtomatlaşdırılmış pensiya təyinatına keçmək üçün qarşıya qoyulan vəzifənin yerinə yetirilməsinə imkan verəcəkdir. Başqa sözlə, hər bir işləyən vətəndaş sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək və gələcəkdə etibarlı pensiya təminatı əldə etmək imkanına malik olacaqdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti