22 Dekabr 2024, Bazar

Dünən Şərur Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Sərxanlı kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin ətraf mühitin qorunmasına həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə Sərxanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Asəf Quliyev açaraq tədbirin mahiyyətindən danışmışdır.
Şərur rayon prokuroru, baş ədliyyə müşaviri Kamil Şükürov “Enerji resurslarının talanmasına qarşı mübarizə” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikaya təbii qazın nəqli bərpa olunmuş, yeni elektrik stansiyaları tikilərək istifadəyə verilmişdir. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. “Hər bir idarə, müəssisə və təşkilat, eləcə də vətəndaşlar elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir”, – deyən rayon prokuroru bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə olunmaqla cinayət qanunvericiliyimizdə bir sıra əməllər cinayət əməli kimi təsbit olunmuşdur.

Tədbirdə Şərur rayon prokurorunun müavini, birinci dərəcəli hüquqşünas Anar Həsənovun “Ətraf mühitin qorunması sağlam həyatımızın başlıca amillərindəndir” mövzusunda məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması sahəsində mühüm addımlar atılmışdır. Nəzərə çatdırılmışdır ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və sair hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcudur.
Vurğulanmışdır ki, ekologiyadan istifadə sahəsində inzibati məsuliyyət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindəki “Ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalar” fəslində, ekologiyadan istifadə sahəsində cinayət məsuliyyəti isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Ekoloji cinayətlər” adlanan 28-ci fəslində öz əksini tapmışdır. Anar Həsənov qanunsuz istifadə halları ilə əlaqədar İnzibati Xətalar və Cinayət məcəllələrindəki maddələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

*   *   *

Avqust ayının 28-də Sədərək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Sədərək kəndində təbii qazdan, sudan, elektrik və ya istilik enerjisindən düzgün istifadə qaydalarına, həmçinin valideynlərin hüquq və vəzifələrinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Sədərək rayon prokuroru, baş ədliyyə müşaviri Teymur Vəliyev “Təbii qazın, suyun, elektrik və ya istilik enerjisinin talanmasına görə cinayət və inzibati məsuliyyət” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunmuşdur. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir. Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir. Teymur Vəliyev qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə də sakinlərə məlumat vermişdir.
Vurğulanmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.2.8-ci maddəsinə əsasən, məişətdə istifadə edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilmədiyi hallarda kreditorun tələbi ilə borcun ödənilməsi məqsədilə kreditorun ərizəsinə əsasən məhkəmə tərəfindən məhkəmə əmri çıxarılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində isə su obyektlərindən və sudan istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət və belə inzibati xətaları törədən fiziki, hüquqi və vəzifəli şəxslər barəsində inzibati cərimələr nəzərdə tutulmuşdur.
Sonra Sədərək rayon prokurorunun köməkçisi, ikinci dərəcəli hüquqşünas Elvin Zeynalov çıxış edərək bildirmişdir ki, valideynlərin hüquq və vəzifələri Azərbaycan Respublikası Ailə Məcəlləsinin 12-ci fəslində təsbit olunmuşdur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yetkinlik yaşına çatmayan şəxslər nikah bağladıqda, eləcə də yetkinlik yaşına çatmayan uşaqlar qanunvericiliklə müəyyən edilmiş hallarda tam fəaliyyət qabiliyyəti əldə etdikdə valideynlərin bu fəsildə göstərilən hüquq və vəzifələrinə xitam verilir.
Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Onlar uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Digər şəxslərlə müqayisədə öz uşaqlarının tərbiyəsində üstün hüquqlara malikdirlər. Uşaqların ümumi orta təhsil almalarına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər.
Vurğulanmışdır ki, valideynlər uşaqlarının hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlərin və uşaqların maraqları arasında ziddiyyət yarandığı müəyyən olunarsa, müvafiq icra hakimiyyəti orqanı uşaqların hüquq və mənafeyini müdafiə üçün nümayəndə təyin etməlidir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR