İnkişafının keyfiyyətcə yeni və sürətli mərhələsini yaşayan Naxçıvan Muxtar Respublikasını xarakterizə edən əsas xüsusiyyətlərdən biri formalaşdırılmış möhkəm iqtisadi əsaslar fonunda əhalinin maddi rifah halının davamlı olaraq yüksəldilməsi, muxtar respublika sakinlərinin etibarlı sosial müdafiəsinin təşkilidir. Qloballaşma prosesinin geniş vüsət aldığı mövcud dönəmdə iqtisadiyyatda yaşanan yüksəlişin vətəndaşların həyatında da öz əksini tapması həyata keçirilən sosialyönümlü iqtisadi siyasətin yüksək səmərəliliyini və praktik nəticələrinin effektivliyini aydın şəkildə nümayiş etdirir. Sosial-iqtisadi tərəqqi prosesində qazanılan nailiyyətlərin miqyasının ildən-ilə genişlənməsi və dərinləşməsi əhalinin bütün təbəqələrinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bərabər, bu istiqamətdə mümkün zəruri tədbirlərin uğurla reallaşmasına da yeni imkanlar açır. Dövlətin iqtisadi əsaslarının davamlı olaraq möhkəmlənməsi şəraitində sosial-iqtisadi problemlərin həlli, yoxsulluğun azaldılması, işgüzar fəallığın yüksəldilməsi, habelə məşğulluq tədbirlərinin həyata keçirilməsi istiqamətində muxtar respublikada son illər ərzində uğurlu addımlar atılıb.
İşaxtaran vətəndaşların müvafiq iş yerləri ilə təmin olunması məqsədilə muxtar respublikanın şəhər və rayonlarında vaxtaşırı olaraq təşkil olunan əmək yarmarkaları isə aktiv məşğulluq tədbirlərindən sayılmaqla vətəndaşların böyük əksəriyyətinin daimi işlə təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Növbəti belə əmək yarmarkası dünən Naxçıvan şəhərində keçirilib.
Bu məqsədlə keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Şəhər Məşğulluq Mərkəzinin direktoru Əli Məmmədov açıb. Qeyd olunub ki, Naxçıvan şəhərində aparılan tikinti-quruculuq işlərinin genişləndirilməsi, müxtəlif istehsal və xidmət sahələrinin yaradılması, həmçinin müxtəlif dövlət müəssisələrində müvafiq ştatlara olan tələbatın ödənilməsi nəticəsində xeyli iş yeri yaradılıb. Bu da işaxtaran vətəndaşların qarşısında geniş imkanlar açır. Keçirilən əmək yarmarkaları isə əhalinin məşğulluğunun təmin olunmasında və sosial müdafiəsinin yaxşılaşdırılmasında mühüm rol oynayır.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, Azərbaycan vətəndaşlarının sosial rifahının yüksəldilməsi, əhalinin məşğulluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Hazırda uğurla davam etdirilən bu strateji xətt muxtar respublikamızın sosial-iqtisadi inkişafını sürətləndirməklə bərabər, əhalinin rifah halının yaxşılaşdırılmasına da geniş imkanlar açıb. Mütəmadi olaraq təşkil edilən əmək yarmarkaları isə qarşıya qoyulmuş vəzifələrin icrası yönündə həyata keçirilən tədbirlərdəndir. İnanırıq ki, əvvəlki dövrlərdə olduğu kimi, bu əmək yarmarkasında da işaxtaran vətəndaşlar özlərinə uyğun iş tapa biləcəklər.
İşaxtaran vətəndaşlar – Ramiz Quliyev və Leyla Məmmədova çıxış edərək bildiriblər ki, vətəndaşların müvafiq işlərlə təmin edilməsində əmək yarmarkalarının əhəmiyyəti böyükdür. İstənilən işaxtaran burada öz ixtisasına və bacarığına uyğun iş tapa bilər. Sevindirici haldır ki, yeni iş yerləri haqqında müəyyən məlumatları aidiyyəti qurumların burada təmsil olunan nümayəndələrindən almaq mümkündür. Çıxış edənlər əmək yarmarkalarının təşkili üçün dövlətimizə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, əmək yarmarkaları Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilir. Bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq işaxtaran vətəndaşların seçimi üçün boş iş yerləri barədə məlumatlar toplanılır və əmək yarmarkalarına təqdim edilir.
Naxçıvan şəhərində təşkil edilən əmək yarmarkasına 46 təşkilatdan 490 boş iş yeri təqdim olunmuşdu. Yarmarkada 57 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi