Vətən hardan başlanır? Sərhəddənmi? Belə düşünənlər var, qoy kim necə düşünürsə, elə düşüncəsində də qalsın. Vətən mənim evimdən başlanır, mənim küçəmdən başlanır, mənim məhəlləmdən, kəndimdən, şəhərimdən başlanır və bir kəpənək qanadı da, bir şibyə də, mamır da, bir lalə də, bənövşə də, zirinc də, bir sözlə, bu torpağımın yetirdiyi nə varsa, hamısı Vətəndir. Vallah, lap oxumaq istərdim: bura Vətəndir, səsim çatandır, ünüm yetəndir. Təkcə bumu? Məmməd Araz demişkən: “Vətən mənə oğul desə, nə dərdim, Mamır olub qayasında bitərdim”. Bir də Rəşid Behbudov oxuyardı: “Bir anamdan, bir də səndən doya bilmirəm, ey Vətən”. Bu deyimlərin lap öncəsi Abbas Səhhətin təbirincə desək: Vətəni sevməyən insan olmaz, |Olsa da, ol şəxsdə vicdan olmaz.
Bu fikirləri, düşüncələri beynimdə sağa-sola döndərə-döndərə üzüyuxarı dağlara sarı gedirəm. Sağımda-solumda yalçın qayalar, zirvəsi papaq düşürən ucalıqlar, aşağıda şaqqıltı ilə axan çay, bu çayı bağrına basan yaşıllıqlar, vadi boyunca səpələnən sürülər, naxırlar, özlərini qaya kölgəsinə verən çobanlar, naxırçılar, yan-yörəmdən sürətlə ötüb keçən bahalı maşınlar, ən başlıcası isə rahat dağ yolu.
Budəfəki yolum da sərhəd kəndlərinə, dağ kəndlərinə – Gərməçataq, Aşağı-Yuxarı Buzqov kəndlərinədir.
Hər hansı bölgənin, yaxud ölkənin tanınması üçün çox şərtlər vardır. Amma bu şərtlərin arasında yol infrastrukturu çox önəmlidir. Naxçıvan şəhərindən Aşağı Buzqov kəndinə 36 kilometrlik məsafə var. Nəzərabad kəndi körpüsündən Cəhri kəndi istiqamətinə dönər-dönməz budaqları az qala buludlara çatan qələmə ağaclarının qol-boyunluğuna düşürsən; yol da ki, necə deyərlər, lap əl içi kimi. Cəhri kəndi, Gülşənabad, Payız kəndləri arxada qalır və bundan sonra dolaylı dağ yolu başlanır. Avqust ayının qorabişirən Günəşi yan-yörədəki dağların ot-alafını saraldıb-soldurub. Amma aşağıda – çay yatağı vadisində yamyaşıl kollar, yulğunlar, yemişan kolları dağların sarımtıl ab-havasına bir bahar nəfəsi gətirir sanki. Dağ dolaylarını hərlənə-fırlana, yan-yörəmdəki bu əsrarəngiz gözəlliklərə məftun ola-ola düşünürəm, ulu Tanrı bizə necə nemətlər, gözəlliklər bəxş edib. Yadıma ulu öndərimiz Heydər Əliyevin bir kəlamı düşür: “Tarixini bilən, ölkəsini tanıyan xalq güclüdür”. Ürəyimdə təskinlik tapır, bir az rahatlanıram ki, nə yaxşı bir də təzədən buralara güzar saldım. Yavaş-yavaş papaqdüşürən dağ zirvələrinin ucalıqları arxada qalır, daha doğrusu, elə bil qayalıqlar kənara çəkilib yolçuya “buyur” deyir, ala-tala yaşıllıqları olan düzəngahlar, bu düzəngahlarda sürülər, naxırlar görünür. Hələlik bir qədər uzaqda, cəviz ağaclarının altında gizlənən və təkəmseyrək görünən üstükirəmitli kənd evləri. Bilirəm ki, ayın-ilin bu vədəsində kənd evlərini tam aydınlığı ilə görmək çətindir. Nədən ki, maşallah olsun, o qədər ağac-budaq var ki, iynə atsan, yerə düşməz, evlər necə görünsün – bura Aşağı Buzqov kəndidir.
Bəli, hörmətli oxucu, elə söhbətimizi də burdan başlayaq. Ondan başlayaq ki, növbəti səfərimdəki kəndlərin hamısı sərhəd kəndləridir, mənfur düşmənlə qabaq-qənşər duran Vətən torpaqlarıdır, bir qarışını belə nədir, bir kəpənək qanadını belə, bir parça qaya mamırını belə, bir damla suyunu belə, uca, müqəddəs tutan ləngərli bir köç kimi dünənimizdən bu günümüzə gələn və elə eyni ləngərlə sabaha irəliləyən soykökümüzün ana yurdudur. Oxucuya Aşağı Buzqov kəndi haqqında ötəri məlumat: 284 evi, 303 təsərrüfatı var. Kəndlər barədə yazarkən bir rəqəm məni daha çox sevindirir. Bu, nədir? Təsərrüfat evdən çoxdur, yəni evlər azalmır, çoxalır, yeni-yeni ailələr yaranır, sakinlər öz dədə-baba ocaqlarına daha ürəkdən, daha möhkəm bağlanırlar. Yeni ocaqlar yanır, yeni işıqlar parlayır, özü də harda, düşmənə gözdağı olan dağ kəndlərimizdə.
Aşağı Buzqovda məni qürurlandıran çox şey gördüm, amma hamısından əzəli, hamısından ucası üçrəngli bayrağımızın əzəmətlə dalğalanması oldu. Çay vadisindən axıb gələn nəsim sanki ona tumar çəkir, Azərbaycan adında bir məmləkətin mübarək himnini bütün səmaya yayırdı.
Bu, mənim düşüncələrim idi, bəs həyat həqiqətləri necə idi? Başqa bölgələrimizi deyə bilmərəm, amma bu il Naxçıvanımızda yay bir qədər quraqlıq keçir. Bir az geriyə qayıdım: yol boyu əkilmiş ağaclara avtomaşınlarla elə bir ucdan su daşıyıb verirdilər. Vallah, qəhrəmanlıqdır, ağac bir deyil, iki deyil, min deyil, yüz minlərlədir. Eşq olsun bu yaşıllığı düşünənə, halal olsun onu yaşadanlara.
Qayıdıram yenə Buzqov kəndinə. Yol boyu sıralanan kənd evləri, həyət-bacalar bolluqdan, bərəkətdən xəbər verir. Elə həyət görmürəm ki, yan-yana düzülən arı pətəkləri olmasın. Üst-üstə hesablayanda kənddə 800-dən yuxarı arı ailəsi var və bir də təxmini hesablayanda ki, hər qutudan ən azı 10 kiloqram bal çıxır, onda belə qərara gəlirəm ki, vallah, bunlar bal içində üzürlər. Camaatın 2 mindən yuxarı qoyun-quzusu var. Hər il buzqovlular ağac-budaqdan ən azı 15 tondan çox cəviz çırpır. Kənddən bir az aralıda qoyun-quzu yatağı görünür. Bura buzqovlu Nazim Allahverdiyevin fermasıdır. Hələlik min başdan yuxarı xırdabuynuzlusu var; hələ bala-bulasını demirəm. Kənddən hər gün 40-dan yuxarı minik maşını çıxır. Hara səmt döndərirsən, qoyun-quzudur, arı pətəkləridir. Buzqovluların nə az, nə çox, 7846 hektar örüş-otlağı var, nə qədər mal-heyvan saxlayırsan, buyur, saxla. Dövlət də hamısının əlindən tutur, kredit verir, deyir təsərrüfatını qur, gün-güzəranını sahmana sal. İsa Kərimov, İbrahim Qasımov, Misir Məhərrəmov və neçə-neçə başqaları dövlətin bu yardımından fayda görüblər. Aşağı Buzqov kəndində elə ev, elə həyət yoxdur ki, içməli, suvarma suyu olmasın. Kəndin icra nümayəndəsi Hüseyn Bağırovdan soruşuram ki, buzqovlulardan ünvanlı sosial yardım alan varmı? Cavabı belə olur: “Var, 5-6 il bundan irəli, hardasa, 35 ailə alırdı, indi onların sayı 5-6-ya enib”. Bu, nə deməkdir? İnsanlar ələbaxımlılıqdan uzaqlaşırlar, daha çox əllərinin zəhmətinə güvənirlər, bilirlər ki, ruzi-bərəkət əllərinin altındadır. Bir məsələni də hörmətli oxucunun nəzərinə çatdırım ki, Aşağı Buzqov kəndi dəniz səviyyəsindən 2 min 200 metr hündürlükdədir və buna görə də əməkhaqlarına, təqaüdlərinə dövlət əlavə olaraq 20 faiz də pul ödəyir. Daha nə istəyirsən? Əlbəttə ki, kəndlinin birinci istəyi torpaqdır. Bu kəndin də bütün torpaqları dədə malı kimi kənd camaatına paylanılıb və adambaşına min kvadratmetr torpaq verilib. 1068 nəfər əhalisi olan Aşağı Buzqov kəndinin lap ortasından üzüyuxarı bir yol ayrılır. Bu yol Yuxarı Buzqov kəndinədir. Amma daha bir yol ayrı yoldur, gah dağ zirvəsinə qalxırsan, gah da şırıl-şırıl axan dağ çayının vadisinə enirsən. Yan-yörədəki təbiət gözəlliklərini gərək öz gözünlə görəsən, yalçın qayalardakı kəkliklərin qaqqıltısını özün eşidəsən, kəklikotunun, dağçiçəyinin, adını-bəhsini bilmədiyim neçə-neçə ot-əncərin bihuşedici ətrindən valeh olasan, arandakı yandırıcı Günəşin əvəzində buradakı sərin nəsimin ürəkaçan ləzzətini görəsən. İlahi, Naxçıvan nə gözəldir, Vətən nə gözəldir?!
Artıq Şorlar dağı, Şəkəruçan, Qaraqum dağı, Günorta qayası arxada qalıb, bundan sonra Yellicə başlanır, Pələngli başlanır, hərəsinə bir kişi, bir qəhrəmanlıq adı qoyulan dağlar başlanır. “Dədə-Qorqud” boylarından axıb gələn Qazan xan yaylağı da bu həndəvərdədir. Yuxarı buzqovlu Abbas Ələkbərov 170 baş keçisini elə həmin Qazan xan yaylağında saxlayır. Keçi də ki inək deyil, camış deyil, ildə bir bala verə, ya verməyə. İl olmaz ki, hərəsi bir cüt bala verməsin. “İndi sən, müxbir qardaş, vurma cədvəliynən hesabla gör, nə qədər gəlir-çıxarım olur?” Vallah, nə gəlirini hesablaya bildim, nə çıxarını?! Allah bərəkətini daha da artırsın, hələ 6 baş inəyini, 40 baş qoyununu, 80 arı ailəsini əlavə eləyəndə vurma-bölmə cədvəlləri qalır körpünün o tayında. Bunları nəyə görə yazdım? Ona görə yazmadım ki, Abbas kişinin bu qədər varı-dövləti var. Ona görə yazdım ki, Abbas kişi düşmənlə min beş yüz metrlik üzbəsurət bir məsafədə həm özünə, həm də qohum-əqrəbasına gün-güzəran qurub. Axı bu qədər mal-heyvana baxmaq, qulluq eləmək bir adamın işi deyil.
Yuxarı Buzqov dəniz səviyyəsindən nə az, nə çox, 3 min metr hündürlükdədir. Belə ucalıqda yaşamaq hər oğulun işi deyil. Amma Hidayət Ələsgərov 200 baş qoyun, 5 baş inək saxlayır. Kənddə 700 arı ailəsi var, hansı evə getsən, ağızşirinliyi ilə çıxacaqsan; elə həyət yoxdur ki, heç olmasa, 30-40 arı pətəyi düzülməsin. Yadımda ikən bir-iki cümləni əlavə edim: bu qədər var-dövlətlə bərabər, kənddə hamı dövlətdən, necə deyərlər, pul da alır. Elə ev, ailə var ki, hər ay 700-800 manat pul gəliri də olur; dağın başında bu qədər pulu xərclə görüm, necə xərcləyirsən?
Gərməçataq kəndi Yuxarı Buzqovdan çox aşağıdadır, düşmənlə üzbəsurət dayanıb. Kəndin girəcəyində bir abidə ucalır: bu, kənd uğrunda ermənilərlə döyüşdə şəhid olmuş Vəli Zeynalovun şərəfinə ucaldılmış abidədir. Vəli Zeynalov bu kəndli deyildi, Naxçıvan şəhərindən idi, amma Vətən dar ayaqda olanda hər kəs də ayaqda olmalıdır. Vətənin hər qarışı müqəddəsdir. Kəndin icra nümayəndəsi Lazım Mirzəyevi gözlədim, nəhayət ki, gəldi, üzrxahlıq elədi, dedi: “Vallah, başımı qaşımağa da macal tapmıram, toya hazırlaşıram – oğlumun toyuna, Zülfü Mirzəyevin. Şahbuzun Ağbulaq kəndində müəllim işləyib, orda da birini sevib. İndi gərək Gərməçataqdan Ağbulağa gedək, gəlin gətirək, toy çadırı quraq, qohum-əqrəbaya xəbər göndərək, qazanlar asılsın, məclisə hazırlıq görülsün. Dağ kəndidir, hər gün toy olmur ki, bizimkilər də, Allah canlarına sağlıq versin, eşidən səhərdən axşama kimi toy evindədir”.
Lazım kişinin bu məlumatından sonra nə haqqım vardı ki, onun gecikməyini qınayım, ona görə də qeyd dəftərçəmi büküb gözaydınlığı verdim, fikirləşdim ki, kişinin başının belə qarışıq vədəsində daha onu sorğu-suala tutmazlar.
Qoy kənddə toy çalınsın, qoy kənddə təzə bir ailə qurulsun, qoy kənddə daha bir ev tikilsin, qoy kənddə bir ışıq da yansın, qoy bu işıqlar artsın, çoxalsın, Günəş kimi düzlərimizə səpələnsin. Dağlara yayılan hər toy sədası, cavanların, qız-gəlinlərin qol götürüb oynaması və hər dəfə də dağlara baxa-baxa igid oğullarımızın bu nidası insan qəlbini Vətən məhəbbəti, yurd sevgisi ilə doldurur: Ehey, bura Vətəndir, bura Vətəndir, Vətəndir!
Nurəddin BABAYEV
Azərbaycan Respublikasının əməkdar jurnalisti