Müasir cəmiyyətdə insanların böyük bir qisminin evdə və işdə, toyda və səfərdə yerinə görə üstünlük verdikləri ümumi qəbul olunmuş bir geyim forması vardır ki, bunlar da zamanın diktəsi və inkişafın mövcud səviyyəsi ilə bir moda halına gəlib zövqlərə görə də dəyişir.
Bununla yanaşı, geyim, hər şeydən əvvəl, iqtisadi bir tələbatdır və bu tələbatın ödənilməsi üçün çəkilən xərclər qədər geyim istehsal edən firmalar da gəlir əldə edirlər. Yəni bu gün yeri gəldi-gəlmədi, yalnız bir məclis üçün alınan bahalı paltarlara ödənilən pul həmin firmanın, onun yerləşdiyi ölkənin qazancı deməkdir. Moda sürətlə dəyişdiyindən və insanların da geyimlərə olan marağı tükənmədiyindən geyim sənayesi dünyada çox geniş yayılmaqda və kənd təsərrüfatı, kimya, maşınqayırma sənayesi kimi bir çox sektorlara da qazanc gətirən bir sahəyə çevrilməkdədir. Bizdə isə, hələlik, əsaslı moda-geyim sənayesi olmasa da, hər kəsin maddi imkanından, milli adətlərimizdən, modaya çevik münasibətimizdən yaranan zəngin geyim ənənələrimiz vardır.
Geyim mövzusu cazibədar olduğu qədər də mürəkkəbdir. Yəni burada cəmiyyətdə ümumi qəbul olunmuş etiketlə yanaşı, hər kəsin də bir subyektiv fikri, tutarlı dəlilləri ola bilər. İnsanlar bəzən öz geyimi ilə sosial statuslarını nümayiş etdirməyə çalışsalar da, əslində, bu, onların cəmiyyətdə həm özlərinə, həm də başqalarına olan hörmətinin sadə dillə ifadəsidir. Başqa sözlə, sadə və gözəl geyim mədəniyyəti hər bir insanın digərindən geyiminə görə fərqlənmədiyinin, əsl fərqin məhz yaradıcı, məhsuldar əməklə cəmiyyətə nə qədər faydalı ola bilməyin bir ifadəsidirsə, həddən artıq şit və bayağı geyimlərlə özünü göstərmək istəyənlərə cəmiyyətin verdiyi qiymət isə yalnız onların geyiminə görədir desək, yanılmarıq. Ona görə də cəmiyyətdə, xüsusən də nizam-intizam tələb olunan yerlərdə, təlim-tərbiyə müəssisələrində, uşaq və gənclərin formalaşdığı hər bir məkanda geyimlə bağlı münasibətlər tənzimlənmədikdə bu, nəinki insanların sərbəst yaşayıb düşünmə tərzinə kölgə salır, hətta milli dəyərlərimizə, ağsaqqal, ağbirçək hörmətinə, müəllim zəhmətinə və rəhbər nüfuzuna xələl gətirən bir aşınmaya aparıb çıxarır. Bunu bildiyimiz halda, nədənsə, hələ körpə yaşından uşaqlara minbir həvəslə gözəl paltarlar seçib sonra da ilk məktəb günlərindən onlara böyüklərə aid ciddi kostyumlar geyindirən valideynlər sonralar kənar mədəniyyətlərin təsiri ilə gənclərin nə cür geyimlərə meyil etmələrinə biganə qalırlar. Bəlkə də, bu biganəlikdəndir ki, uşaqlar “ağlı kəsəndən” özlərinə geyim seçimində müstəqil qərarlar verir və bununla da…
İnanmırsınız, bircə dəfə parkda, alış-veriş mərkəzlərində, hava limanında və insanların daha sıx olduğu digər yerlərdə yarımca saat diqqət edib müşahidə aparın. Baxırsan ki, budur, iki qayğısız gənc şirin söhbət edə-edə sizə yaxınlaşır. Gənclərdən biri dəbli və səliqəli geyimi ilə diqqəti cəlb edir, digəri isə sanki “müharibədən çıxmışa” bənzəyən cins şalvarı və mənasını bilmədiyi yazıların yazıldığı köynəyi ilə əvvəl yaranmış zövqümüzü alt-üst edir. Hansısa mağazadan aldığı bu geyimlərin üzərində soy-kökümüzdən, milliliyimizdən başqa, nə istəsən, var. Yetər ki, bu yazılar anlaşılmaz, əcaib ifadələr kəsb edən olsun. Bir lüğətə baxın, görün gülməlidir, ya düşündürücü? Bəlkə, bunlar artıq təqlidçilərə dönmüşlər? Yox! Mən inanmıram ki, cəmiyyətimizdə Nigarı Ceniferə, Mübarizi də Tarkana bərabər tuta biləcək bir “ideya” sahibi olsun. Amma nədənsə, kimlərinsə səhlənkarlığından, ya məsuliyyətsizliyindən belə mallar dükan-bazar vitrinlərini “bəzəməkdədir”. Məktəbdə və universitetdə müəyyən olunmuş formanı fürsət düşən kimi çıxarıb atan, pencəyini torbada, qalstukunu da cibində gəzdirən bəzi “müasir” tələbələrimiz belə paltarlarla sanki səviyyə nümayişinə çıxır, başqalarının da şüurunu zəhərləyərək beyinlərini mənasız yerə məşğul edirlər. Ona görə də təhsil və təlim müəssisələri kimi, valideynlər də özümüzəqayıdışda çox böyük əziyyətli yol keçdiyimiz bir zamanda bu cür beşmanatlıq paltarların gənclərin dünyagörüşünün formalaşmasına vurduğu zərərləri görüb məsuliyyət dərk etməlidirlər.
Geyim mövzusunun digər bir tərəfi belə “markalı” geyimlərin istehsalçısının, əslində, heç kim tərəfindən tanınmaması və deməli, parçasının keyfiyyətinə də zəmanət verilməməsidir. O keyfiyyət zəmanəti ki, əvvəllər geyindiyimiz bir kostyum köhnələnə qədər onun rənginin solması, əzilməsi və sair problemi olmazdı. İndi isə nisbətən ucuz qiymətə satılan və əsasən, idxal mənşəli belə geyimlərin bu tələblərə necə cavab verdiyi göz qabağındadır.
Ölkəmizin valyuta ehtiyatlarına da öz ciddi təsirini göstərən moda-geyim sənayesindəki bu boşluqların doldurulması isə öz həllini gözləyən məsələlərdəndir. Bu istiqamətdə atılan ilk addımlar kimi digər rəsmi geyim formaları ilə bərabər, məktəbli geyim formalarının da tikilişi üzrə muxtar respublikamızda istehsal müəssisələrinin qurulmasını göstərə bilərik. Yeni texnologiyanın tətbiq olunduğu belə müəssisələrin sayının artırılması və onların iş həcminin genişləndirilməsi ilə gələcəkdə həm geyim sənayesində, həm də moda sektorunda mühüm irəliləyişlər əldə etmək mümkündür. Çünki bu gün təkcə vahid geyim sektorunda yer tutan belə müəssisələrimiz gələcəkdə modalı geyimlər istehsalına da başlayaraq idxaldan asılılığı azalda bilər. Buna isə bizim hər cür imkanımız, gözəl geyinməyə zövqümüz, gözəl paltarlar tikməyə usta dərzilərimiz vardır.
Əli CABBAROV