Muxtar respublikamızda gələcəyimiz olan uşaqlar, o cümlədən sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar daim dövlətimizin diqqət və qayğısı əhatəsindədirlər. Onların sağlam böyümələri, biliklərə yiyələnmələri, intellektual inkişafı, xüsusi istedada malik olanların aşkara çıxarılması, milli-mənəvi dəyərlərə sadiq vətənpərvər şəxsiyyət kimi formalaşması istiqamətində davamlı tədbirlər həyata keçirilir.
Qeyd olunan tədbirlərin davamı olaraq, 15 sentyabr – Bilik Günü münasibətilə Naxçıvan şəhərində və muxtar respublikanın bütün rayonlarında Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, habelə aztəminatlı ailələrin uşaqları ilə görüş keçirilmişdir.
Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Piri Nağıyev açaraq dövlətimizin təhsilə, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarına göstərdiyi diqqət və qayğıdan danışmışdır. Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıdan söz açmış və şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək onlara təhsildə müvəffəqiyyətlər arzulamışlar.
Sonda aztəminatlı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara və sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları verilmişdir.
Tədbirdə iştirak edən sağlamlıq imkanları məhdud uşaqların valideynləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.
Qeyd edək ki, muxtar respublika üzrə aztəminatlı, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş məktəbli uşaqlara və sağlamlıq imkanları məhdud şagirdlərə məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunmuşdur. Təhsil Nazirliyi hər iki valideynini itirmiş 42, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 239 sağlamlıq imkanları məhdud, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə 60 uşağı təhsil sovqatı ilə sevindirmişdir.
Onu da deyək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı”na əsasən, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən ümumtəhsil müəssisələrinə gedə bilmədikləri üçün distant tədrisə cəlb olunmuş sağlamlıq imkanları məhdud 19 nəfər uşağa məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları evlərində təqdim olunmuşdur.
Xəbərlər şöbəsi