Ölkəmizdə 2006-cı ildən tətbiq olunan sığorta-pensiya modeli müasir dünyada sığorta-pensiya sistemləri üzrə ən mühüm elementləri özündə birləşdirir və bu sahədəki islahatlar nüfuzlu beynəlxalq təşkilatlar, maliyyə institutları tərəfindən çox yüksək qiymətləndirilir.
Fərdi uçot sisteminin əsas məqsədlərindən biri sığortaolunanların gələcəkdə alacaqları pensiyaların hansı məbləğdə olacağını qabaqcadan müəyyənləşdirmələrinə şərait yaratmaqdır. Fərdi uçotla bağlı yaradılmış bazadan istifadə etməklə sosial sığorta iştirakçıları haqqında dəqiq məlumat almaq mümkündür. Bu da, öz növbəsində, sığortaolunanın pensiyaya çıxacağı haqqında dəqiq proqnozların verilməsinə, sığortaolunanlar və sığortaedənlər tərəfindən ödənilməli və ödənilmiş olan məcburi dövlət sosial sığorta haqlarına daha asan və çox vaxt sərf etmədən nəzarət etməyə imkan verir.
Hazırda muxtar respublika üzrə 149183 sığortaolunan sosial sığorta şəhadətnaməsi ilə təmin olunmuşdur və bu da ötən ilin müvafiq dövründən 8,9 faiz və yaxud 12 min 282 ədəd çoxdur.
2014-cü ilin yanvar ayının 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2013-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə Dövlət Sosial Müdafiə Fonduna sığortaolunanların sığorta stajlarının fərdi şəxsi hesablarına işlənilməsinin təmin edilməsi, məcburi dövlət sosial sığorta haqlarından yayınma hallarının aradan qaldırılması, sığorta haqlarının “onlayn ödəmə” sistemi vasitəsilə ödənilməsi sahəsində təbliğat və maarifləndirmə işlərini gücləndirməsi tapşırılmışdır. Bu tapşırığa əsasən, Dövlət Sosial Müdafiə Fondu bu sahədə işlərini sürətləndirmişdir. Belə ki, 2013-cü il yanvarın birindən 2014-cü il yanvarın birinədək olan bəyannamələr Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının Fərdi uçotun təşkili sektorları tərəfindən tam şəkildə qəbul olunmuşdur. Hal-hazırda fərdi hesablara işlənilməsi prosesi gedir. Bəyannamələrdə sığortaolunanların aldıqları aylar üzrə əməkhaqları, ödənilən sosial sığorta haqları, sosial sığorta stajı öz əksini tapır. Sığortaolunanların fərdi şəxsi hesablarında olan məcburi dövlət sosial sığorta haqları hər ilin əvvəlində keçən ilin inflyasiya faizinə əsasən indeksləşdirilir. Belə ki, 2006-cı ilin inflyasiya faizi 8,3 faiz, 2007-ci ilin inflyasiya faizi 16,7 faiz, 2008-ci ilin inflyasiya faizi 20,8 faiz, 2009-cu ilin inflyasiya faizi 1,5 faiz, 2010-cu ilin inflyasiya faizi 5,7 faiz, 2011-ci ilin inflyasiya faizi 7,9 faiz, 2012-ci ilin inflyasiya faizi 1,1 faiz, 2013-cü ilin inflyasiya faizi 2,4 faiz olmuşdur. Bu onu göstərir ki, sığortaolunanların ödədikləri sosial sığorta haqları fərdi şəxsi hesablarına işləndikdən sonra hər il indeksləşmə faizinə uyğun olaraq artırılır. Sığortaolunanın 2006-cı ildə pensiya kapitalı 100 manat idisə, artıq indeksləşmə faizilərinə uyğun olaraq artaraq 182,97 manat olmuşdur.
Avtomatlaşdırılmış pensiya təyinatına keçidlə əlaqədar Dövlət Sosial Müdafiə Fondu tərəfindən işləyən vətəndaşların 2006-cı il tarixə qədər olan iş stajlarının yığılması prosesi də davam etdirilir. Yaxın vaxtlarda muxtar respublikada avtomatlaşdırılmış pensiya təyinatı sistemi işə düşəcəkdir. Bununla da, əmək pensiyası hüququ yaranmış vətəndaş bu sistemdən rahat istifadə edə biləcək, nəticədə isə vətəndaş çoxlu sayda sənəd toplamaqdan və vaxt itkisindən azad olacaq.
Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə belə, əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyasının hələ də problem olaraq qaldığı bir şəraitdə ölkəmizdə bu prosesin tam gerçəkləşdirilməsi qeyd olunan sahədə əsl nümunədir.
İsmayıl HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun əməkdaşı