Babək Rayon Məşğulluq Mərkəzində növbəti əmək yarmarkası keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon Məşğulluq Mərkəzinin direktoru Qurban Tarverdiyev açaraq bildirib ki, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər)”nın birinci mərhələsinin uğurlu icrası yoxsulluğun nəzərəçarpacaq dərəcədə azalmasına gətirib çıxarıb. Həyata keçirilən məşğulluq tədbirləri əhalinin sosial müdafiəsinin gücləndirilməsində, insanların daimi işlə təmin olunmasında mühüm rol oynayır və muxtar respublika sakinləri tərəfindən onlara göstərilən böyük qayğı kimi dəyərləndirilir.
Qeyd olunub ki, vətəndaşların səmərəli məşğulluğunun təmin olunması, onların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının inkişafı muxtar respublikamızda da daim diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu baxımdan yeni müəssisələrin fəaliyyətə başlamasına, sahibkarlığın inkişaf etdirilməsinə xüsusi önəm verilir. İşaxtaran vətəndaşların, xüsusilə gənclərin işlə təmin olunması sahəsində mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biri də muxtar respublikada müntəzəm olaraq keçirilən əmək yarmarkalarıdır. Yarmarkalara hazırlıq dövründə həyata keçirilən təşkilati işlər, xüsusilə işəgötürənlərlə yaradılan qarşılıqlı əməkdaşlıq münasibətləri bu mühüm aktiv məşğulluq tədbirində işəgötürənlərin, işaxtaran vətəndaşların fəal iştirakını təmin edib. Babək Rayon Məşğulluq Mərkəzi də öz işini bu istiqamətdə qurub.
Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Səlvər Hacıyev çıxışında qeyd edib ki, son illərdə rayonun sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən tədbirlər əhalinin məşğulluğuna müsbət təsir göstərib, bunun da nəticəsində yüzlərlə insan müvafiq işlə təmin olunub. Keçirilən əmək yarmarkalarına işaxtaran əhalinin marağının böyük olması onu göstərir ki, işaxtaranlarda bu yarmarkalarda ixtisaslarına müvafiq iş tapmalarına böyük inam vardır.
İşaxtaran vətəndaş Xaliq Həsənov dövlətimiz tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlər üçün minnətdarlığını bildirərək vurğulayıb ki, bu gün məşğulluq sisteminin inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması, əmək bazarının tənzimlənməsi və qeyri-məşğul əhalinin sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin sosial-iqtisadi siyasətinin əsas tərkib hissəsidir. Belə tədbirlər əhali tərəfindən rəğbətlə qarşılanır.
Sonra yarmarkaya gələnlər onlara təqdim olunan vakant iş yerləri ilə tanış olublar. 13 təşkilatdan 90 boş iş yerinin çıxarıldığı yarmarkada 29 nəfərə işə göndəriş verilib.
Qeyd edək ki, belə tədbir Şərur rayonunda da keçirilib. 25 təşkilatdan 253 boş iş yeri çıxarılan əmək yarmarkasında 37 nəfərə işə göndəriş verilib.
Xəbərlər şöbəsi