Peşəmlə, işimlə əlaqədar olaraq Şərur rayonunun əksər kəndlərində olsam da, son zamanlar Püsyana yolum düşməmişdi. Rayon mərkəzindən 23 kilometr cənub-şərqdə yerləşən Püsyanda aparılan genişmiqyaslı quruculuq işləri haqqında bu günlər tez-tez eşitdiyim xoş sözlər məndə həmin kəndə getmək marağı yaratdı.
Tarixi yaddaş
Püsyan kəndi Şərurun ən iri yaşayış məntəqələrindən biridir. Dörd min beş yüzdən çox insan Tanrının heç bir səxavətinə “tamarzı” qalmayan bu yurd yerinin qoynuna sığınaraq xoş və firavan həyat sürür. Püsyan kəndinin tarixi çox qədimlərə gedib çıxır. Bunu aparılan arxeoloji qazıntıların elmi təhlili də təsdiq edir. Kəndin cənub-şərqindəki antik dövrə aid yaşayış yerinin sahəsi 3 hektardır. Burada aşkarlanan maddi-mədəniyyət nümunələri eramızdan əvvəl I və eramızın II əsrlərinə aid edilir.
Kəndin cənub-şərqində yerləşən daha bir arxeoloji abidə antik dövrə aid nekropoldur. Sahəsi 1200 kvadratmetrdir. Hər tərəfdən əkin sahələri ilə əhatə olunub. 1981-ci ildə təsərrüfat işləri görülərkən aşkara çıxıb. Abidələr daş qutu və torpaq qəbirlərdən ibarətdir. Abidənin eramızdan əvvəl II-I əsrlərə aid olunması ehtimal edilir.
Bəli, Püsyan kəndi çoxəsrlik qədim tarixə malikdir, zamanın gərdişini, isti-soyuğunu, dolanbaclarını görüb, xoş günləri də olub, sıxıntıya tuş gələn çağları da. Lakin bir məsələ dəqiqdir ki, yaşı əsrlərlə ölçülən bu qədim yaşayış məskəni özünün əsl firavan həyatına, səadətinə ölkəmiz müstəqillik qazandıqdan sonra qədəm qoyub.
Son illər kənd özünün hərtərəfli inkişafı ilə bütün sahələr üzrə öndə gedir. Buranın adamları ictimai, iqtisadi, siyasi və mədəni işlərdə fəaldırlar. Qədim təhsil və mədəniyyət ənənələrinə malik Püsyan kəndi öz ziyalıları, səmimi, mehriban və qonaqpərvər insanları ilə də öyünür.
Quruculuq ərməğanları və sakinlərin ürək sözləri
Hazırda Püsyan kəndində sakinlərin həyat şəraitini yaxşılaşdırmaq üçün kompleks tikinti-quruculuq işləri həyata keçirilir. Kənd mərkəzi, sözün həqiqi mənasında, tikinti meydançasını xatırladır. Kənddə 4 bina tikilir. Həmçinin Naxçıvan və Şərur şəhərlərinə gedən yolların əsaslı təmirinə hazırlıq işləri görülür.
Hər bir xalqın həyatında təhsilin əvəzsiz rolu vardır. Mükəmməl biliyə yiyələnmədən müasir inkişafa nail olmaq mümkün deyil. Təhsilin Vətən və millətin həm bu günü, həm də gələcəyi üçün vacib strateji sahə olduğunu xüsusi vurğulayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qədim diyarımızın hərtərəfli inkişafını təmin edən yorulmaz fəaliyyətində təhsil sektorunun əsaslı şəkildə qurulması, sürətli inkişafı məsələləri xüsusi yer tutur. Muxtar respublikamızda təhsil müəssisələrinin müasir dünya standartları səviyyəsində mükəmməl maddi-texniki baza ilə təmin olunması və intensiv fəaliyyəti üçün həyata keçirilən sistemli, ardıcıl tədbirlər özünün böyük nəticələrini ildən-ilə qabarıq şəkildə göstərməkdədir. Püsyan kəndində tam orta məktəb binasının yenidən qurulması da bu günümüzə və gələcəyimizə göstərilən böyük qayğının parlaq təzahürüdür.
Qeyd edək ki, 330 şagirdin təhsil aldığı məktəbin yeni binasının layihəsində kəndin gələcək perspektivi nəzərə alınıb. Yeni bina 720 şagird yerlik nəzərdə tutulub. İnşaatçılara hərtərəfli iş şəraiti yaradılıb. Bu isə inşaat işlərinin sürətlə və keyfiyyətlə aparılmasına imkan verir. Köhnə məktəb binasında bəzi yardımçı tikililər sökülüb, əvvəlki binaya daha bir korpus əlavə edilib. Artıq binanın dam örtüyü vurulub, suvaq işləri qurtarıb, pəncərələr salınıb, kommunikasiya xətlərinin çəkilişi başa çatdırılıb. Zirzəmi ilə birlikdə dörd mərtəbədən ibarət olan məktəb binasında 40 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, 3 elektron lövhəli sinif, 3 kompüter otağı, hərbi kabinə, idman zalı, direktor, psixoloq və müəllimlər otaqları, yeməkxana yerləşəcək. Tikinti işləri yekunlaşmaq üzrədir.
Bu il məktəbin 4 məzunu ali məktəblərə qəbul olunub. Abituriyentlərdən 1-i 500-dən, 1-i isə 600-dən yuxarı bal toplayıb. Təhsil ocağının şagirdlərindən 2 nəfər Hərbi Liseyə qəbul olunub. Lakin bu nəticə pedaqoji kollektivi arxayınlaşdırmır. Məktəbin direktoru Ülkər Nağıyeva söhbət zamanı dedi ki, binamızın müasir tələblər səviyyəsində yenidən qurulması məktəbdə təhsilin səviyyəsini daha da yüksəltməyə imkan verəcəkdir.
İkimərtəbəli həkim ambulatoriyası kəndə xüsusi gözəllik bəxş edəcək. Həkim ambulatoriyasının tikintisində keyfiyyət amilinə xüsusi diqqət yetirilir. Ambulatoriyada uşaq həkimi, ginekoloq, stomatoloq, baş həkim fəaliyyət göstərəcək, aptek, palata, doğuş, peyvənd, manupulyasiya, qeydiyyat və müayinə otaqları yerləşəcəkdir. Bütün bunlar kənddə əhaliyə nümunəvi səhiyyə xidməti göstərməyə imkan verəcəkdir.
Digər bir obyekt kənddə fəaliyyət göstərən qurumların birgə işini təşkil etmək üçün inşa olunan kənd mərkəzidir. İnşaatçılar iki mərtəbədən ibarət olan kənd mərkəzində son tamamlama işləri aparırlar. Binanın birinci mərtəbəsi poçt, ATS, qazanxana, baytarlıq məntəqəsi, kitabxana, arxiv və sahə müvəkkili üçün nəzərdə tutulub. İkinci mərtəbə isə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və bələdiyyə üçün ayrılıb. Həmçinin Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, klub işçiləri üçün ayrılan otaq və iclas zalı da ikinci mərtəbədə yerləşəcək.
Püsyanda geniş vüsət alan çoxşaxəli abadlıq-quruculuq işləri bununla bitmir. Birmərtəbəli xidmət mərkəzində isə ticarət və xidmət obyektləri fəaliyyət göstərəcəkdir.
Qeyd edilən hər 4 obyektin tikintisi “Gəmiqaya” Məhdud Məsuliyyətli Cəmiyyətinin inşaatçıları tərəfindən həyata keçirilir. İş icraçısı Vüqar Şabanov bildirdi ki, tikintilərin vaxtında və keyfiyyətlə başa çatması üçün inşaatçılar səylə çalışırlar. İnşaat işləri yekunlaşdıqdan sonra ətrafda abadlıq tədbirləri görüləcək, ağac və gül kolları əkiləcək, yeni park salınacaqdır.
Bu qədər böyük tikintinin getdiyi Püsyan kəndinə inşaat materialları daşıyan maşın karvanları ilə rastlaşdıq. Bu qədər maşın-mexanizm, quruculuq işləri kənd sakinlərində böyük fərəh yaradıb. On illər boyu şagirdlərinə Azərbaycan dili və ədəbiyyatını səylə öyrədən 80 yaşlı Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi Teymur Əliyevlə tikinti meydançasının yaxınlığında qarşılaşdıq. Çoxillik səmərəli pedaqoji fəaliyyətdən sonra hazırda təqaüddədir. O, kənd məktəbinin ötən çağlardakı durumunu xatırlayır, yeni məktəb binasının tikintisi barədə həvəslə danışır:
– Bir zamanlar kənddə dərs keçilən binaya məktəb binası deməyə adamın dili gəlmirdi. Həddindən artıq yararsız hala düşmüşdü. Partalar və yazı taxtaları da köhnə və keyfiyyətsiz idi. Fənn kabinələri, laboratoriyalar isə yalnız xəyallarımızda yer alırdı. Sonralar yeni məktəb binası tikildi, şəraitimiz nisbətən yaxşılaşdı, lakin köklü problemlər qalmaqda idi. Bütün bunları yaşamış bir müəllim olaraq indi mənim sevincimin həddi-hüdudu yoxdur – kəndimizin digər sakinləri də mənim kimi. Müasir şəhər məktəblərində olan hər cür şəraitin yaradılacağı bu yeni məktəb binasının istifadəyə verilməsi elmə, təhsilə misilsiz dövlət qayğısının parlaq təzahürü olacaqdır.
95 yaşlı kənd ağsaqqalı İbrahim Əliyev də Teymur müəllimin sözlərinə qüvvət verir:
– Gözümü bu dünyaya Püsyanda açmışam. Deyim ki, nə mən, nə də ata-babalarımız Püsyanın belə xoş günlərini görmüşük. Bu gün dədə-baba yurdumuz olan doğma kəndimizə belə qayğı göstərilməsi muxtar respublikamızda ulu öndərimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir. Bəzən bu qədər qayğı üçün minnətdarlıq etməyə söz də tapmırsan. Nə deyək, hər şey göz qabağındadır.
Firudin Quliyev də söhbətə qoşulur, fikirlərini bizimlə bölüşür:
– Püsyanda kənd mərkəzinin, həkim ambulatoriyasının, xidmət mərkəzinin inşa olunması əhalinin daha rahat və firavan yaşayışının təmin olunmasına yönəldilib. Bunların hər biri kənd üçün böyük əhəmiyyət daşıyır. Xəstələrimizə ilkin tibbi xidmət üçün uzaq məsafə qət edib başqa yerlərə üz tutmağımıza ehtiyac qalmayacaq. Gündəlik tələbat malları, ərzaq məhsulları almaq üçün Naxçıvan və Şərur şəhərlərinə getmək çətinliyi də aradan qalxacaq – kəndli təsərrüfatı üçün zəruri olan baytarlıq xidmətinin təşkili də bunun kimi. Hər cür xidmət imkanları olacaq rabitə evi də ürəyimizcədir. Bir sözlə, kəndimiz üçün şəhər ovqatı, şəhər görüntüsü, şəhər rahatlığı yaradan muxtar respublika rəhbərinə daim minnətdarıq. Bütün bunların müqabilində hamımız daha səylə çalışmalı, kəndimizin bütün sahələrdə yeni uğurlar qazanmasına, təhsilin, kənd təsərrüfatının yeni yüksəlişinə nail olmalıyıq.
Bəli, Püsyanda geniş bir ərazidə həyata keçirilən quruculuq meydançasında yükdaşıyan ağırtonnajlı maşınların, ekskavatorların, qaldırıcı kranların səsi bir-birinə qarışmışdı. Usta və fəhlələr böyük səylə, həvəslə işləyirdilər. Bu mənzərəni kənardan seyr edən kənd sakinlərinin isə sevinci yerə-göyə sığmır...
Torpağın sahibləri
Məhsuldar, bərəkətli torpaq sahələri olan Püsyanın yurd qədri bilən insanları ilə söhbətdə bir daha inandım ki, onlar dövlətimizin həyata keçirdiyi tədbirləri ürəkdən alqışlayırlar, müstəqilliyimizin verdiyi bəhrələrin artırılması üçün səy və bacarıqlarını əsirgəmirlər.
İnzibati ərazi dairəsi üzrə nümayəndə Əli Əsədovla söhbətdə öyrəndik ki, kəndin ümumi ərazisi 1407 hektardır. Aqrar islahatlar zamanı püsyanlıların şəxsi mülkiyyətinə kifayət qədər pay torpağı verilib. Kənd adamları bu torpaqlardan, əsasən, taxılçılığın, kartofçuluğun, bostan-tərəvəzçiliyin, meyvəçiliyin və heyvandarlığın inkişafı üçün istifadə edirlər.
İnzibati ərazi dairəsi üzrə nümayəndə onu da xüsusi vurğuladı ki, dövlətimiz əmək adamlarını torpaq vergisindən başqa, bütün vergilərdən azad edib, onlara müntəzəm surətdə subsidiyalar, güzəştli şərtlərlə gübrələr, yanacaq və sair verilir. Yollar çəkilir, meliorativ tədbirlər icra edilir. Bütün bunlar, şübhəsiz ki, sahibkarlığın inkişafına güclü təkan verir. Artıq kəndli torpağın əsl sahibinə çevrilib.
Kənddə pay torpağını əkib-becərməyən adama, demək olar ki, rast gəlinmir. Torpağın sahibləri muxtar respublikada taxılçılığın inkişaf etdirilməsi, daxili bazarın bu strateji məhsula tələbatının yerli imkanlar hesabına ödənilməsi üçün həyata keçirilən tədbirlərdə xüsusilə fəallıq göstərirlər. Şərur rayonunun daha çox taxıl yetişdirilən kəndi məhz Püsyandır. Təkcə “Muxtariyyət ili”ndə 910,5 hektarın məhsulu biçilib ki, bu da əvvəlki ildəkindən 128,5 hektar artıqdır. Taxılçılar bu il hektarın orta məhsuldarlığını 35 sentnerə çatdırıblar. Bu, 2013-cü ilin göstəricisini 5 sentner üstələyir. Ayrı-ayrı torpaq mülkiyyətçilərində bu rəqəm daha yüksək olub. Onlardan biri ilə – Ələkbər Cəfərovla həmsöhbət oldum. Onun dediklərindən:
– Kəndimizdə tarixən taxıl yetişdirilib. Çünki torpaqlarımız yüksək məhsuldarlığa malikdir. Son illər kənd adamlarına bu sahəni daha da inkişaf etdirmək üçün əlverişli şərait yaradılması taxılçılığa marağı xeyli artırıb. Problemlərin həllinə həssaslıqla yanaşılan yerdə, təbii ki, qazanılan uğur da yüksək olur. Zəhmətlə hasilə gətirilən sərvətin isə qiyməti əvəzsizdir. Kənd adamı da yaxşı yaşaması üçün zəhmətə qatlaşır. Bilir ki, torpağa axıtdığı tər havayı yerə getmir. Ona görə də sahibi olduğu torpaqdan ikiəlli yapışıb. Keçən ilin payızında 16 hektara buğda əkmişdim. Məhsulum yaxşı oldu – hektardan 40 sentner. Kəndimizdə təcrübəli taxılçılar çoxdur: Elnur Əliyev, Səfər və Elşən Tağıyevlər və başqaları bol məhsul yetişdiriblər.
Artıq sahələrdə gələn ilin taxıl əkini üçün şum qaldırılmasına başlanılıb. Bu tədbiri və əkin kampaniyasını vaxtında yekunlaşdırmaq, gələn ilin bol məhsulunun əsasını qoymaq üçün torpaq mülkiyyətçiləri əzmkarlıq göstərirlər. Onlar bu il də rayonda taxıl əkini sahəsində birinciliyi əldən vermək fikrində deyillər.
Kartofçuluq da torpaq sahibkarlarının daha çox məşğul olduqları sahələrdən biridir. Onlar bu gəlirli sahəni inkişaf etdirməklə həm öz tələbatlarını ödəyir, həm də daxili bazarın bu qiymətli ərzaq məhsulu ilə təmin olunmasına töhfə verirlər. Keçən il 937 ton kartof götürən püsyanlılar bu il 60 hektar sahəyə toxum basdırmışlar. Artıq tarlaların yarısının məhsulu torpaqdan çıxarılıb, 500 tondan çox kartof toplanılıb.
Püsyanda inkişafına ciddi önəm verilən sahələrdən biri də bostan-tərəvəzçilikdir. Cari ildə 221 hektar sahədə bostan-tərəvəz əkini keçirilib. Tonlarla məhsul yığılıb.
Meyvəçilik Püsyanda ata-babadan inkişaf etdirilən sahələrdən biridir. Kənd adamları bütün həyətlərdə və pay torpaqlarında müxtəlif növ meyvələr yetişdirməkdə ad-san qazanıblar. Keçən il bağlardan 1146 ton dadlı-tamlı meyvə tədarük olunub. Bu il isə bazara azı 1200 ton meyvə çıxarmaq qərara alınıb. Hələlik bağlardan 800 tona yaxın meyvə dərilib.
Kənd adamlarının iqtisadiyyatına gəlir gətirən sahələrdən biri də heyvandarlıqdır. Püsyanın təbii şəraiti burada heyvandarlığın inkişafı üçün də geniş imkanlar yaradır. Ona görə də kənddəki heyvandarlıq təsərrüfatları ildən-ilə genişləndirilir, mal-qaranın baş sayı artırılır. İndi kənddəki təsərrüfatlarda, ümumilikdə, 4 mindən çox qaramal və 13 mindən çox davar bəslənilir. Qeyd edək ki, rayonda ət və süd məhsullarına olan tələbatın ödənilməsində bu yaşayış məntəqəsi sakinlərinin xüsusi xidməti var. Buradakı peşəkar fermerlərdən olan Vahid Əliyevlə yaxından tanış olduq, fəaliyyəti ilə maraqlandıq:
– Ailəlikcə kəndimizi tərk edib Bakı şəhərində məskunlaşmışdıq. Bir müddət kiçik ticarətlə məşğul oldum. Zərərə düşdüyüm üçün bu peşənin daşını atdım və yenidən doğma kəndimizə qayıtdıq. Əvvəlcə 5-10 qoyun aldım. İndi davarımın sayını 180 başa çatdırmışam. Doğrudan da, halal əmək başucalığıdır. Firavan dolanışığımı, xoşbəxtliyimi doğma yurdumda tapmışam. Odur ki, kəndimi dünyanın heç bir yerinə dəyişmərəm.
Püsyanda kənd adamlarının son illər bu sahəyə daha ciddi önəm vermələri muxtar respublikada heyvandarlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlərlə əlaqədardır. Regionda baytarlıq xidmətinin yaxşılaşdırılması, heyvandarlıqla məşğul olanlara kreditlərin verilməsi və digər tədbirlər bu kənddə də bəhrəsiz qalmır.
Bu gün Püsyanda, sözün həqiqi mənasında, yeni həyat çağlayır. Kənd adamlarının zəhmətə bağlılıqları, onlara göstərilən dövlət qayğısı qazanılan uğurların sabah daha çox olacağından soraq verir. Mehrini torpağa salan, yetişdirdiyi nemətlərlə gün-güzəranını quran Püsyan camaatının buna haqqı var. Ölkəmizin dinamik inkişafından bu yaşayış məntəqəsinə düşən pay adamların rifah halının gündən-günə yaxşılaşması ilə müşayiət olunur. Bütün bunlar müstəqilliyimizin qısa tarixdə xalqımıza bəxş etdiyi ərməğan kimi kənd əhalisi tərəfindən rəğbətlə qarşılanır, yüksək qiymətləndirilir.
Cəfər ƏLİYEV