Cəmiyyət sürətlə inkişaf edir və bu inkişaf özü ilə bərabər yeni-yeni tələbatlar doğurur. Bu tələbatlar içərisində, şübhəsiz, hər gün hər yerdə rast gəlinə bilən qəfil hadisələrə əvvəlcədən hazırlıqlı olmaq, onların vurduğu maddi zərərlərə qarşı iqtisadi təhlükəsizliyimizi təmin etmək vacib amil kimi özünü göstərir. İnsanlara belə bir rahatlığı təmin edən zəmanət, yəni sığorta varsa, onda daha firavan həyat sürmək, qurub-yaratmaq üçün digər şərtlər də təmin olunur. Odur ki, sabah rast gələ biləcəyimiz qəfil riskli hadisələrə qarşı bu gündən sığortalanmaq həm özümüz, həm ailə üzvlərimiz, həm də bütün cəmiyyət üçün ən etibarlı seçimdir. Bu inam və etibar isə inkişafın doğurduğu müasir həyat tərzimizdir.
Sığorta olunmaq müasir dövrdə mühüm tələbatlardan biridir və onun inkişaf səviyyəsi də cəmiyyətdə mövcud olan hüquqi, iqtisadi və təşkilati münasibətlərin təkmilləşməsi, onun həyata keçirilmə texnologiyası ilə paralel olaraq dəyişir. Bir neçə yüz il qabaq insanlar yalnız qəfil baş verən və ağac materiallardan inşa edilmiş minlərlə evi külə döndərən yanğın hadisələrindən sığorta olunurdularsa, hazırda sığorta olunmaqla baş verə biləcək çoxlu sayda qəfil hadisələrin vurduğu zərərlər nəticəsində dəymiş maddi itkilərin əvəzini təmin etmək mümkündür. İndi ölkəmizdə və dünyada tətbiq olunan icbari sığortalarla yanaşı, xeyli sayda könüllü sığorta xidmətləri də sığorta agentlikləri tərəfindən təklif olunur ki, bunlardan insanlar öz maraqları üçün istifadə edirlər. Sığorta xidmətlərinin belə geniş yayılması isə insanların riskli hadisələr zamanı dəyə biləcək maddi zərərlərdən tamamilə arxayın şəkildə öz həyatlarını davam etdirmələrinə imkan yaradır ki, bu da müasir həyat tərzimizin qaçılmaz elementlərindən biridir.
Qeyd edək ki, həyat tərzi anlayışı nisbidir və o, cəmiyyət inkişaf etdikcə insanların öz yaşayış səviyyələrini artırmaları üçün məqsədyönlü fəaliyyətinin nəticəsində formalaşır. Bu məqamda müasir insan həyatına çox güclü şəkildə daxil olmuş komfort anlayışını da hökmən qeyd etmək lazımdır. Çünki hazırda istər daşınmaz əmlak, istər avtomobil, istər ev əmlakı, istərsə də bahalı əşyalar baxımından tələbatlarımız yüksəldiyi kimi, onların riskli hadisələr nəticəsində itirilməsi təhlükəsinə də qarşı həssaslığımız artmışdır. Artıq heç kim əziyyətlə, zəhmət hesabına başa gəlmiş əmlakının qəfil hadisə nəticəsində itirilməsini ağılna belə gətirmək istəmir. Ona görə də həyatımızda, məişətdə, yolda, işdə, bir sözlə, hər yerdə qurmaq istədiyimiz komfortlu həyat şəraitini risklərə qarşı zəmanətli görmək tamamilə təbii tələbatımızdır. Bütün bunların zəmanət altına alınması və vaxtında sığortalanması isə insanlardan eyni dərəcədə diqqət və həssaslıq tələb edir.
Müasir dövrdə informasiya texnologiyalarının sürətli inkişafı nəticəsində informasiya almaq imkanlarımız xeyli genişlənmişdir. Artıq yaşadığımız şəhərdə olduğu kimi, planetin istənilən yerindən gələn informasiyanın bir saniyə ərzində bizə çatması mümkündür. Həmin informasiyalar arasında hər gün çoxlu sayda təbii fəlakətlər, texnogen qəzalar, insanların səhvi və ya səhlənkarlığı ucbatından baş verən arzuedilməz hadisələr haqqında xəbərlər vardır ki, bunların da nəticəsində insanlar həyat və sağlamlığını itirir, maddi zərərlərə məruz qalırlar. Ancaq maraq doğuran cəhət budur ki, hər gün bunları izləsək də və yaxud belə hadisələrə rast gəlsək də, hansısa bir arxayınçılıq hissi hələ də bəzi insanların düşüncələrində qalmaqdadır. Halbuki ehtimalı nə qədər az olsa da, qəfil hadisə hər yerdə hər an baş verə bilər. Yəni yaşadığımız evin yanğına, yaxud subasma ehtimalına qarşı riskləri olmasa da belə, hər an güclü bir zəlzələnin olmayacağına heç kim zəmanət verə bilməz. Yaxud avtomobil nə qədər etibarlı olsa da, onunla yolda gedərkən hansısa gözlənilməz hadisələrlə qarşılaşa biləcəyimizi kim əvvəlcədən deyə bilər ki? Ona görə də sığorta deyəndə qəfil hadisə baş verəndən sonra həmin hadisələrə görə sığorta agentliyi tərəfindən əvəzi ödənilən məbləğ başa düşülməlidir. Əlbəttə ki, əgər həmin qəfil hadisələrə görə vətəndaşın sığortası varsa.
Qeyd etmək lazımdır ki, müasir dövrümüzdə digər sahələr kimi, sığorta işinin texnologiyasında, onun həyatakeçirilmə mexanizmində, sığortaçı ilə sığortaolunan vətəndaşlar arasında hüquqi, təşkilati məsələlərin həllində də xeyli təkmilləşdirmələr aparılmışdır. Başqa sözlə, sığortanın tarixi bir neçə yüz illərə qədər gedib çıxsa da, dünyada, o cümlədən ölkəmizdə sığorta sahəsində cəmiyyətin inkişaf imperativlərinə uyğun olaraq, daim yeni qanun və qaydalar tətbiq olunur. Təkcə icbari sığortanın bir sıra növlərinə, məsələn, daşınmaz əmlakın, avtomobil sahiblərinin mülki məsuliyyətinin sığortasına nəzər salsaq, burada vətəndaşların rahatlığı naminə nə qədər üstünlüklərin olduğunu görərik. Belə ki, özünə avtomobil almış və hərəkət zamanı hər hansı qəfil hadisə nəticəsində üçüncü bir şəxsə vura biləcəyi maddi zərəri ağlına belə gətirməyən vətəndaşa bunu xatırladaraq sığortalamaq onun gələcəyinə ən böyük zəmanətdir. Bundan başqa, müasir texnoloji imkanlar da vətəndaşların sığorta tələbatlarını ödəmək üçün çox əlverişlidir. İndi həyata keçirilən mütərəqqi üsullarla çox az bir müddətdə vətəndaşların sığortalamaq istədikləri daşınmaz əmlak, ev əmlakı, avtomobil, eləcə də digər dəyərli və qanunla sığortalanması mümkün olan bütün obyektlərin sığorta sənədləri hazırlana bilir. Eyni ilə də baş vermiş sığorta hadisəsi zamanı sığortalı vətəndaşın müraciətindən dərhal sonra sığorta agentliyinin nümayəndələri hadisəni aktlaşdıran digər müvafiq dövlət qurumu nümayəndələri ilə birgə hadisə yerinə çatırlar. Bütün bunlar isə ölkəmizdə və muxtar respublikamızda həyatın bütün sahələrində davam edən inkişaf prosesləri fonunda mümkün olur. Çünki bu, bizim ümumi həyat tərzimiz, inkişafa aparan yolumuzdur.
Əli CABBAROV