Sədərək rayonunda keçirilən növbəti əmək yarmarkasını giriş sözü ilə rayon Məşğulluq Mərkəzinin direktoru Həsən Nəsirov açıb. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” muxtar respublikamızda sahibkarlığın, xüsusən kiçik sahibkarlığın inkişaf etdirilməsinə, yeni ehtiyatlar hesabına yeni iş yerlərinin açılmasına, regiondakı əmək ehtiyatlarının iqtisadi fəallığının yüksəldilməsinə xidmət edir. Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün mərkəzin əməkdaşları rayondakı idarə, müəssisə və təşkilatlarda, sahibkarlıq subyektlərində boş iş yerləri haqqında məlumatlar toplayaraq həmin yerləri əmək yarmarkalarında işaxtaran vətəndaşlara təqdim edirlər.
Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Mahmudov çıxışında rayonun sosial-iqtisadi inkişafından söz açıb. Qeyd edib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi məşğulluq strategiyası bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilir. Muxtar respublikamızda da əmək bazarının təkmilləşdirilməsi, iqtisadi fəallığın yüksəldilməsi üçün əlverişli şəraitin yaradılması sahəsində müvafiq tədbirlər həyata keçirilir, insan amilinə qayğı prioritet vəzifəyə çevrilir. Qeyd olunub ki, bu istiqamətlərdə muxtar respublikada, eləcə də Sədərək rayonunda görülən işlər təqdir edilir.
İşaxtaran vətəndaş Mahmud Əliyev yarmarkanın təşkilində əməyi olanlara minnətdarlıq edərək bildirib ki, vətəndaşların müvafiq işlərlə təmin olunmasında əmək yarmarkalarının əhəmiyyəti böyükdür.
Sonra tədbir iştirakçıları idarə, müəssisə və təşkilatlar tərəfindən əmək yarmarkasına çıxarılmış boş iş yerləri ilə tanış olublar. 7 dövlət və özəl təşkilatlardan 90 boş iş yerinin çıxarıldığı tədbirdə 12 nəfərə göndəriş verilib.
Xəbərlər şöbəsi