02 Yanvar 2025, Cümə axşamı

Sentyabrın 4-də Naxçıvan şəhərində təhsil yarmarkası keçirilib. Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev açıb.
Qeyd olunub ki, ölkə başçısının 5 sentyabr 2009-cu il tarixli “Təhsil haqqında Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə” Fərmanının icrasını təmin etmək və gənc kadrların iş şəraitini yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli Qərarı ilə “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 aprel tarixli Qərarında dəyişiklik edilib. Yeni qərara əsasən, pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişi ilə iş yerlərində əmək fəaliyyətinə başlayan və 3 il müddətində bu fəaliyyəti ümumi təhsil müəssisələrində davam etdirən 35 yaşadək gənc mütəxəssislərə bu müddət ərzində kommunal xidmətlərini ödəmək üçün 60 manat, rayon mərkəzindən 20 kilometrdən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan hər bir nəfər üçün 3 il müddətində əməkhaqqına hər ay 160 manat məbləğində əlavələr ödəniləcəkdir. Üçillik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 il müddətində kompensasiya əməkhaqqına əlavə olunacaqdır.

Vurğulanıb ki, təhsilə göstərilən dövlət qayğısı Naxçıvan Muxtar Respublikasında da özünü yüksək səviyyədə göstərməkdədir. Belə ki, son 18 ildə muxtar respublikada 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Hazırda bu iş uğurla davam etdirilməkdədir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının yüksək səviyyədə qurulduğunu qeyd edən təhsil naziri bildirib ki, muxtar respublikanın ümumtəhsil müəssisələrinə 3409 dəst kompüter verilib, bu təhsil ocaqlarında 600-ə yaxın ən müasir elektron lövhə quraşdırılıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə artıq ənənəvi olaraq keçirilən təhsil yarmarkaları muxtar respublikamızda təhsilin keyfiyyət və kəmiyyətcə inkişaf etdirilməsinə əhəmiyyətli dərəcədə köməklik edib. Gənc kadrların yetişdirilməsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxından iştirak edir. 2014-cü ildə də rayon Təhsil şöbələri ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq mərkəzlərinin birgə fəaliyyəti nəticəsində muxtar respublika ərazisində yerləşən məktəblərin vakant yerləri ixtisaslar üzrə müəyyən edilib. Muxtar respublikanın təhsil sahələri üzrə boş iş yerlərinin uçotu aparılıb və müəyyən edilib ki, hazırda muxtar respublikada 26 Azərbaycan dili və ədəbiyyat, 59 xarici dil, 35 riyaziyyat, 23 informatika, 26 tarix, 43 coğrafiya, 31 fizika, 30 kimya, 24 biologiya, 41 ibtidai sinif müəlliminə ehtiyac var və ümid edirik ki, keçirilən bu təhsil yarmarkası məktəblərin pedaqoji kadrlarla təminatı işində mühüm əhəmiyyət kəsb edəcək.
İşaxtaran vətəndaş Ceyhun Abdullayev təhsil yarmarkasının keçirilməsinin böyük əhəmiyyət daşıdığını deyib, bu işdə əməyi olanlara minnətdarlığını bildirib.
Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov muxtar respublikada məşğulluq məsələlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Piri Nağıyev yekun vurub.
Qeyd edək ki, Naxçıvan şəhərində təşkil edilən təhsil yarmarkasında 108 nəfərə işə göndəriş verilib.

 Səbuhi HƏSƏNOV

ARXİV

Yanvar 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR