Tikinti-quruculuq işlərinin aparılması ölkəmiz üçün nə qədər vacibdirsə, Azərbaycanın ən qiymətli sərvəti olan insanların sağlamlığının qorunması ondan da vacibdir. Ona görə də insanların təhlükəsizliyi daim dövlətimizin diqqət mərkəzindədir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisində bu ilin fevral ayında tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirlərinə həsr olunmuş müşavirə keçirilmişdir. Adıçəkilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Ötən müddət ərzində bu sahədə bir çox işlərin görülməsinə baxmayaraq, hələ də bəzi çatışmazlıqlar mövcuddur. Aparılan yoxlamalar zamanı son illər istifadəyə verilmiş yeni tikililərin çoxunda nöqsan və çatışmazlıqlar aşkara çıxarılmışdır. Bu, onu göstərir ki, tikinti aparan təşkilatlar tərəfindən tələskənliyə yol verilir və tikinti zamanı təsdiq edilmiş standartlara əməl olunmur. Keyfiyyətə xüsusi diqqət yetirilməməsi, yaxud tikilənlərin lazımi qaydada qorunmaması səbəbindən istifadəyə verildikdən sonra onların bir çoxunda təmirə ehtiyac yaranır”.
Ötən dövr ərzində Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin də qarşısına qoyulan vəzifələrin icrası istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Binaların və qurğuların fövqəladə hallardan müdafiəsi, tikintidə təhlükəsizliyin təmin olunması ilə bağlı bir sıra işlər görülüb, bütün istehsal sahələrində, xüsusilə tikintilərdə olan mexanizm və avadanlıqların istifadədən əvvəl sınaqdan, texniki təhlükəsizlik ekspertizasından keçirilməsi təmin edilib. Hazırda bu işlər davam etdirilir.
Tikinti sektorunda təhlükəsizliyə nəzarət Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən həyata keçirilir. İdarənin fəaliyyəti dövründə ərazilərin, binaların və qurğuların fövqəladə hallardan müdafiəsi, tikintidə təhlükəsizliyin təmin olunması, insanların həyatı, sağlamlığı və əmlakı üçün potensial təhlükə yarada biləcək tikinti işlərinin qarşısının vaxtında alınması sahəsində müxtəlif tədbirlər görülmüşdür.
Ötən dövr ərzində mühəndis-geoloji işlərin aparılması ilə bağlı 56 obyekt ərazisindən quyu və şurf qazma üsulu ilə qrunt nümunələri götürülmüş, idarənin Mühəndis-geoloji, sement və beton laboratoriyasında analizi aparılmış və hesabatlar hazırlanaraq Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim olunmuşdur.
Obyektlərin layihələndirilməsi mərhələsində 78 obyektin tikintisi ilə bağlı layihələndirilmiş obyektlərin layihə-smeta sənədləri ekspertizadan keçirilmiş və obyektlərin tikintisi üçün işçi layihələrə müvafiq rəylər verilmişdir.
Tikintidə istifadə olunan tikinti materiallarının dövlət standartlarına uyğunluğunun yoxlanılması və həmin sahə üzrə dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı idarənin Mühəndis-geoloji, sement və beton laboratoriyasında 248 sınaq və analiz keçirilmiş, müvafiq protokollar hazırlanmışdır.
Tikinti dövrü tikintidə istifadə olunan tikinti material və konstruksiyalarının laboratoriya şəraitində keyfiyyətinin yoxlanılması ilə yanaşı, səyyar üsulla tikinti obyektlərində dəmir-beton konstruksiyalarda betonun naturada möhkəmlik göstəricisi yoxlanılmışdır.
Ötən dövr ərzində tikinti obyektlərində, ümumilikdə, 390 dəfə tikinti norma və qaydalarının tələblərinə, razılaşdırılmış və təsdiq edilmiş memarlıq və tikinti layihələrinin icrasına əməl edilməsi, tikinti işlərini həyata keçirən məsul şəxslər tərəfindən qüvvədə olan norma və standartların tələblərinə əməl olunması yoxlanılmış, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, tikinti obyektlərində texniki təhlükəsizliyin təminatı daim diqqət mərkəzindədir. Görülən işlər sırasında maarifləndirici tədbirləri də qeyd etmək lazımdır. Belə tədbirlərdə əsas məqsəd tikinti, əsaslı təmir, yenidənqurma və bərpa işləri zamanı tikinti aparan sifarişçilər və inşaat işlərini yerinə yetirən şəxslər tərəfindən tikinti norma və qaydalarına riayət olunmasını izah etmək, insanların həyatı, sağlamlığı və əmlakı üçün təhlükə yaradan risklərin vaxtında qarşısını almağın vacibliyini göstərmək, yüksək tikinti mədəniyyətini formalaşdırmaqdan ibarətdir.
Əbülfəz QAFAROV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı