Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən məcburi dövlət sosial sığortası sahəsində maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Növbəti maarifləndirici tədbir Naxçıvan Dövlət Sosial Müdafiə Fondunun Ordubad Rayon Şöbəsi tərəfindən rayonun Əylis kəndində keçirilib. Tədbiri Əylis kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İsmayıl Quliyev açaraq tədbirin əhəmiyyətindən danışıb.
Tədbirdə fondun Ordubad Rayon Şöbəsinin əməkdaşları Feyzulla Əkbərov, Həbib İsmayılov və Hacı Sadiqov çıxış edərək əmək pensiyaları və sığortaolunanların pensiya təminatı hüququ, sığortaolunanların fərdi uçot sistemi, məcburi dövlət sosial sığortasının mahiyyəti və könüllü sosial sığortanın, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhəmiyyəti ilə bağlı məsələlər barədə torpaq mülkiyyətçilərinə məlumat veriblər.
Qeyd olunub ki, işləyən hər bir vətəndaş fəaliyyət göstərdiyi təşkilatda əməkhaqqının düzgün rəsmiləşdirilməsinə nail olmalı, bunu işəgötürəndən tələb etməlidir. Həmçinin əməkhaqqının düzgün göstərilməsində, sosial sığorta haqlarının düzgün hesablanmasında, vaxtında və tam ödənilməsində maraqlı olmalıdır. Torpaq mülkiyyətçiləri, fiziki şəxslər isə şəxsən özləri sosial sığorta haqlarının düzgün hesablanmasını təmin etməlidirlər. Məcburi dövlət sosial sığorta haqqı sığortaedənlər tərəfindən onlayn ödəmə sistemi vasitəsilə bankda nağd qaydada və internet vasitəsilə plastik kartlardan istifadə etməklə ödənilə bilər.
Tədbirdə könüllü sosial sığortanın əhəmiyyəti barədə də yığıncaq iştirakçılarına məlumat verilib. Bildirilib ki, bütün vətəndaşlar məcburi dövlət sosial sığorta haqları ilə yanaşı, könüllü qaydada da əlavə sığorta haqqı ödəməklə sığorta oluna bilərlər. Bu, həmin vətəndaşların gələcəkdə əmək pensiyalarına əlavələrin hesablanmasına və alacaqları pensiyanın məbləğinin çox olmasına təsir göstərəcəkdir.
Vurğulanıb ki, sığortaolunanın fərdi şəxsi hesabında olan pensiya kapitalı onun bilavasitə pensiyasının məbləğinə təsir göstərir. Bu vəsait nə qədər çox olarsa, sığortaolunanın pensiyasının məbləği də bir o qədər çox olacaqdır.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə
Fondunun mətbuat xidməti