22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci ilin yanvar ayında Gürcüstanın Acarıstan Muxtar Respublikasına səfəri zamanı digər sahələrlə yanaşı, səhiyyə sahəsində də əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılmış, bu sahədə qarşılıqlı əməkdaşlığın perspektivləri nəzərdən keçirilmişdir. Ali Məclisin Sədri səhiyyə sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd etmiş, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıs­tanlı uşaqların Naxçıvanın Duzdağ Fizioterapiya Mərkəzində müalicə olunması barədə təklifi razılıqla qarşılanmışdır. Ötən dövr ərzində əməkdaşlığın inkişafı daha da genişlənmiş, tənəffüs yolu xəstəliklərindən əziyyət çəkən acarıstanlı uşaqların iki dəfə Naxçıvan Muxtar Respublikasının Duzdağ Fizioterapiya Mərkəzində müalicəsi təşkil edilmişdir.

 Avqustun 22-də isə Naxçıvan Muxtar Respublikasından sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlardan 15 nəfəri Gürcüstanın Acarıs­tan Muxtar Respublikasının Batumi şəhərindəki Tana Reabilitasiya Mərkəzinə yola salınmışdır. Yolasalma mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov, Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyev çıxış edərək bildirmişlər ki, muxtar respublikamızda bütün kateqoriyadan olan vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikasında uşaqların, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların hüquqlarının qorunması, reabilitasiyası, sosial müdafiəsi, habelə onların cəmiyyətə inteqrasiyası, təhsili və asudə vaxtlarının səmərəli təşkili üçün də mühüm tədbirlər həyata keçirilir. Bu kateqoriyadan olan uşaqların Acarıstan Muxtar Respublikasına 14 günlük müalicəvi istirahətə göndərilməsi də göstərilən dövlət qayğısının növbəti təzahürüdür.

Çıxış edənlər uşaqlara mənalı istirahət və uğurlu yol arzulamışlar.­
Valideynlər adından çıxış edən Şərur rayon Ərəbyengicə kənd sakini Qönçə Yusifova göstərilən qayğıya görə dövlətimizə min­nətdarlığını bildirmişdir.
Qeyd edək ki, yaxın günlərdə Gürcüstanın Acarıstan Muxtar Respublikasından bronxial-astma xəstə­liyindən əziyyət çəkən bir qrup uşağın müalicə üçün Duzdağ Fizioterapiya Mərkəzinə gələcəyi gözlənilir.­

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR