Gömür kəndi də belə günlərini yaşayır
Yaxın keçmişə qısa ekskurs və ya yol boyu düşüncələr
Müstəqilliyimizin ilk illərini xatırlayanlar bu həqiqəti təsdiq edərlər ki, ümummilli liderimiz Heydər Əliyev 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində işləyərkən nəinki Naxçıvan, ümumilikdə, ölkəmiz üçün taleyüklü tədbirlər həyata keçirib. Düşmənlə üz-üzə dayanan bu qədim yurd yerinin müdafiəsi üçün xalqımızın böyük oğlu cahanşümul xidmətlər göstərib. Ulu Tanrı dahi rəhbəri böyük xilaskarlıq missiyası yerinə yetirmək üçün bu xalqa bəxş edib. O vaxtlar kommunikasiya xətləri kəsilən, yolları bağlanan bu qədim diyarda ulu öndərin çıraq işığında imzaladığı sənədlər bu günümüzə, sabahımıza hesablanmışdı. O illərdə dahi şəxsiyyət naxçıvanlıların inamlarını özünə qaytardı. Yurd qədri bilən insanlar da dahi rəhbərin ətrafında sıx birləşdilər, onunla bir oldular...
Tariximiz üçün ən ağır dövr olan o illərdə bu birlik hesabına Naxçıvan üzləşdiyi çətinliklərə mərdliklə sinə gərdi. Bu gün dönüb o illərə baxmamaq mümkün deyil. Çünki qovuşduğumuz bugünkü firavan yaşayışın təməli o günlərin çıraq işığında qoyulub. Bu işığın gur şöləsi bu gün bütün Azərbaycanı nurlandırır.
Şahbuz rayonunun ucqar dağ və sərhəd yaşayış məntəqəsi olan Gömür kəndinə gedərkən bu düşüncələr içərisində idim. Burada son illərin quruculuq tədbirlərindən də xəbərim var idi və təbii ki, bu tədbirlər ümummilli liderin ideyalarının gerçəkləşməsinin təzahürüdür. Belə təzahürləri həyatımızın hər sahəsində görürük.
* * *
Yağı düşmənlə sərhəddə yaşamağın çətinliyini məhz belə ünvanlarda ömür sürənlər yaxşı bilirlər. Odur ki, onlar daha çox qayğıya möhtacdırlar. Belələri əsl sərhədçi ömrü, əsgər ömrü yaşayırlar və bunu tale yazısı hesab edir, doğulduqları torpağın keşiyində mərdi-mərdanə dayanırlar. Çünki bu torpaqda ata-babalarımız yaşayıb, at oynadıb, qılınc çalıblar, oğuz ellərinin torpaq təəssübünü, yurd sevgisini hər şeydən üstün tutublar, ən qiymətli əmanəti bu günədək qoruyub saxlayıblar. Bugünkü dövlət qayğısı isə onların torpağa bağlılıq hisslərini daha da gücləndirib.
Bu da dağlar qoynunda yerləşən Gömür kəndi. İlk olaraq bu yaşayış məntəqəsinin adının etimologiyası barədə filologiya elmləri doktoru, AMEA-nın müxbir üzvü Adil Bağırovun fikirlərini xatırlayıram. Alim Naxçıvanın tarixi ərazilərindəki yaşayış məntəqə adlarının müasir toponimik səviyyədə tədqiqindən ibarət “Naxçıvanın oykonimləri” adlı monoqrafiyasında yazır ki, Şahbuz rayonunda “Gömür kəndi”, “Gömür yolu”, “Gömür dağı”, “Gömür mineral suyu” kimi onomastik vahidlər mövcuddur. Lakin “Gömür” adının əmələgəlmə və yaranma tarixi məlum deyil. 1590 və 1727-ci illərdə də bu ad olduğu kimi yazılıb və kənd əhalisi azərbaycanlılardan ibarət olub. “Gömür” sözü türkmənşəlidir. Bu ad qədim türk abidələrinin dilində də işlənib. Sözün məna açımı ilə bağlı A.Bağırovun fikrincə, bu söz “Dağ başında dar, yarğanlı, uçurumlu yer” mənasını bildirir. Doğrudan da, Gömür kəndi ərazinin relyef quruluşuna görə dağlıq hissədə yerləşir. Elə buna görə də adın məna açımı tamamilə həqiqətə uyğundur.
Müasir yaşayış məntəqəsinin canlı nümunəsi
Alimin gəldiyi qənaətə təkcə onu əlavə etmək istəyirik ki, yayın isti günlərində öz yaşıl donu ilə diqqəti çəkən bu yaşayış məntəqəsinin sığındığı dağlar möhtəşəmlik simvolu kimi min illərdir, məğrur-məğrur dayanıblar – sanki kəndin keşiyini çəkirlər.
Əvvəlcədən razılaşdığımız kimi, Gömür kənd inzibati ərazi dairəsi üzrə nü-mayəndə Mənsur Orucovla kəndin meydanında görüşürük. İlk olaraq kəndin füsunkar təbiətindən söz salıram. Müsahibim deyir:
– Kəndimizə yaz və yay fəsillərində yolu düşənlər buradan ayrılmaq istəmirlər. Əsl istirahət zonasıdır. Demək olar ki, ilin bütün fəsillərində kənd qonaqlı-qaralı olur. Füsunkar təbiəti olan bu yurd yerinin sakinləri məlum hadisələr dövrü heç nədən çəkinməyərək kəndi qorudular. Heç kim doğma yurdu tərk etmədi. Hazırda Gömürdə 150 təsərrüfatda 570 nəfər yaşayır. Bu ailələrin 42-si məlum hadisələr dövrü Gömürə Ermənistandan pənah gətiriblər. Onların problemlərinə həssaslıqla yanaşılıb, 2006-cı ildə 19 ailə üçün hər cür mənzil-məişət şəraiti olan evlər tikilib, həmin ailələr torpaq sahəsi ilə təmin olunublar. Özlərinə yeni ev inşa etdirən ailələr də az deyil. Bu məqsədlə həmin ailələrə də dövlət tərəfindən köməklik olunur. Ümumiyyətlə isə hər il kənddə 2-3 ailə yeni evin sevincini yaşayır. Bu tədbir cari ildə də davam etdirilir.
Ömrünün doqquzuncu onilliyinə qədəm qoymuş Baba Babayevi bir neçə il bundan əvvəl tanıyıram. Gömürdə son illərdə həyata keçirilən quruculuq tədbirlərinə, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması üçün görülən işlərə münasibətini öyrənmək üçün onunla görüşməyimə icra nümayəndəsi köməklik göstərir. Baba kişi doğulduğu yurd yerinin dünənini yaxşı xatırlayır, bu günündən qürur hissi keçirir:
– Ölkəmizdə insanların yaşayışına böyük diqqət yetirilir. İnkişaf da, tərəqqi də məhz insana qayğı olan yerdə mümkündür. Çünki insan məxsus olduğu dövlətin ən qiymətli dəyəridir. Naxçıvanda da bunu bütün çalarları ilə görmək mümkündür. Əgər belə olmasaydı, kilometrlərlə dağlı-dərəli ərazilərdən keçərək kəndə qısa müddətdə qaz xətti çəkilməzdi. Elektrik enerjisindən isə bir neçə ildir ki, fasiləsiz istifadə edirik. Salvartıdan və Gəlinqayadan kəndə təbii yolla su xətti çəkilib.
Qeyd edək ki, Gömürdə quruculuq tədbirləri bunlarla bitmir. 2007-ci ildə yeni məktəb binası müəllim və şagirdlərin ixtiyarına verilib, təhsilin yüksək səviyyədə qurulmasını təmin etmək üçün hərtərəfli şərait yaradılıb. İcra nümayəndəliyinin, klubun və kitabxananın yerləşdiyi binalar təmir olunub.
Yeni quruculuq obyektləri gömürlülərə dövlət qayğısının yeni ifadəsidir
Bu gün Gömür yenə də tikinti meydançasını xatırladır. Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Şahbuz Rayon İdarəsinin inşaatçıları burada bir neçə obyektdə tikinti işləri aparırlar.
Obyektlərdə yaradılan şərait hesabına ötən müddət ərzində xeyli inşaat işi həyata keçirilib. Bu obyektlərdən biri kənd tam orta məktəbinin binasıdır. Binada yenidənqurma və əsaslı təmir işləri aparılır. Binanın müasir layihə əsasında yenilənməsi kənddə təhsilin müasir standartlar əsasında qurulmasına şərait yaradacaq. İki mərtəbədən ibarət olan binada geniş və işıqlı sinif otaqları, fənn kabinələri, laboratoriyalar, kitabxana, idman zalı müəllim və şagirdlərin ixtiyarına veriləcək. İnşaatçılar növbəti dərs ilinə kimi obyekti təhvil vermək əzmi ilə çalışırlar. Gömürdə həm də kənd və xidmət mərkəzləri üçün binalar inşa edilir. İki mərtəbədən ibarət olacaq kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana və mədəniyyət evi fəaliyyət göstərəcək. Obyektdə tikinti işləri sürətlə davam etdirilir.
Yeni obyektlər sırasında 1 mərtəbədən ibarət xidmət mərkəzi də var. Hər 3 obyektin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq, yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.
Kənd tam orta məktəbinin müəllimi Zahid Aslanov:
– “Muxtariyyət ili”ndə muxtar respublikamızın bütün bölgələrində kompleks quruculuq tədbirlərinin həcmi bir qədər də artıb. Belə tədbirlər ucqar dağ və sərhəd yaşayış məntəqələrinə daha geniş yol açıb. Bu da onunla bağlıdır ki, dövlətimiz belə ünvanlarda yaşayan insanların həyat şəraitinin daha da yaxşılaşmasını özünün prioritet vəzifəsinə çevirib. Gömürdə həyata keçirilən quruculuq tədbirlərini kənd sakinləri regionumuzda davamlı xarakter almış sosial-iqtisadi inkişafın yeni bəhrələri kimi dəyərləndirirlər.
Onu da deyək ki, davamlı dövlət qayğısı gömürlüləri qurub-yaratmağa, onları muxtar respublikamızın iqtisadiyyatının gücləndirilməsinə öz töhfələrini verməyə ruhlandırır. Kənd adamları təsərrüfatın müxtəlif sahələrində çalışır, məhsul bolluğu yaratmağa səy göstərirlər. Çəkdikləri zəhmət də hədər getmir.
Gömürlülər zəhmətə qatlaşan insanlardır
Gömürün ümumi sahəsi 3160 hektardır. Bunun 360 hektarı pay torpağı kimi kənd adamlarına paylanılıb. Gömürlülər həm də 33 hektar həyətyanı torpaq sahələrindən istifadə edirlər. Yerdə qalan sahələr isə örüş və biçənəkdən ibarətdir. Digər dağlıq ərazilər kimi, Gömürdə də belə yaşayış məntəqələri üçün inkişafı mümkün olan təsərrüfat sahələri diqqət mərkəzində saxlanılır. Bu sahələrdən biri kartofçuluqdur. Cari təsərrüfat ilində kəndin torpaq mülkiyyətçiləri 20 hektar sahədə kartof əkini keçiriblər. Onlar dövlətdən güzəştli kreditlər alıblar, keyfiyyətli toxum sortları ilə təchiz olunublar.
Kənd üçün spesifik sahələrdən biri də meyvəçilikdir. “2012-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qəbulundan ötən müddətdə bu sahələrə maraq daha da artıb. Demək olar ki, bütün həyətyanı sahələrdə meyvəçilik inkişaf etdirilir. Son illərdə isə pay torpaq sahələrində də meyvə bağlarının salınmasına başlanılıb. Yazın ilk günlərindən sahələrə çıxan torpaq mülkiyyətçiləri özlərinin tələbatını ödəmək üçün tərəvəz əkininə də üstünlük verirlər. Gömürün iqtisadiyyatına xeyli gəlir gətirən sahələrdən biri isə arıçılıqdır, bu kənddə 500 arı ailəsi saxlanılır. Kənd sakini, Ermənistandan bu yaşayış məntəqəsinə pənah gətirmiş Məmmədəli Ağamalıyev:
– 77 yaşım var. Ömrüm boyu təsərrüfatla məşğul olmuşam. Gömürə gələndən arı ailəsi də saxlayıram, mal-qara da. Bir neçə il əvvəl vur-tut 10-12 arı pətəyim var idi. İlbəil qazancım artdıqca arı ailələrinin sayını da artırmağa başladım. Təcrübədə müəyyən etmişəm ki, tələb olunan səviyyədə qulluq, təmiz hava, güllü-çiçəkli ərazilər hər arı ailəsindən orta hesabla 10-15 kiloqram, bəzən bundan da artıq məhsul almağa imkan verir. Elə bu səbəbdəndir ki, arıçılar ildə 1-1,5 ton bala sahib olurlar. Şahbuz balı isə adı ilə tanındığından alıcısı da həmişə başının üstündədir. 30 baş iribuynuzlu heyvanım var. Dövlətimizin qayğısı kənddə bu sahələrin inkişafına imkan verib. Kim bu imkanlardan səmərəli istifadə edirsə, o da yaxşı yaşayır. Demək olar ki, Gömürdə bu gün heç kim yaşayışından narazılıq edə bilməz.
Bu günün həqiqəti
Oxuculara qısaca bəhs etdiyim Gömür kəndinin yurd qədri bilən insanlarının bugünkü həyat tərzi, yaşayış səviyyəsi belədir. Təbii ki, bunlar asan qazanılmayıb; insanlara qayğı göstərilib, onlar da bu qayğını dəyərləndirməyi, ondan səmərəli istifadə etməyi bacarıblar. Ona görə də bu gün Gömür Şahbuz rayonunun inkişaf etmiş kəndləri sırasında özünəməxsus yer tutur. Ölkəmizdə ulu öndər Heydər Əliyevin uzaqgörən ideyaları reallaşdıqca digər yaşayış məntəqələrimiz kimi, Gömür kəndi də gözəlləşir, inamla daha xoş sabahlara addımlayır.
Muxtar MƏMMƏDOV