22 Dekabr 2024, Bazar

...Ömrü-günü açıq havada, alaçıqda keçən, illərin izlərini nurlu çöhrələrindəki qırışlarda yaşadan ağbirçəklərimiz, ağsaqqallarımız torpaqla əlləşib-vuruşublar. Alın tərini torpağa qarışdıran, əllərinin qabarı ilə torpağı ovxalayanlar ondan əldə etdikləri nemətlərlə övladlarını doyurublar. Nə gecə biliblər, nə gündüz. Sağlamlığın da, uzunömürlülüyün də əlacını işdə, zəhmətdə görüblər. Yorulanda bir ağacın dibində oturub bir qurtum su içib, bir dürmək çörək yeməklə dünyanın yorğunluğu çıxıb canlarından. Bir çimir yuxudan sonra yenidən torpaqla çək-çevirə başlayıblar, ta gün dönüb anasının qoynuna girənə kimi. Sağlığı da, saflığı da, uzun ömrü-günü də beləcə qazanıblar. Ona “möhtac” olub, ondan dolanıblar.
Deməli, insan yaranışından təbiətlə bağlı olub. O, əkib-becərib, təbiət də doyurub, dolandırıb. Ona görə də gələcəyimiz naminə bu ünsiyyəti elə babalarımız kimi biz də saxlamağa borcluyuq.

Qafqazın zəngin təbii muzeyi sayılan Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamız misilsiz təbii gözəlliklər diyarıdır. Çünki il boyu zirvəsi qarla örtülü olan dağlar, könülaçan sərin yaylaqlar, zəngin və nadir landşafta malik ovalıqlar, çaylar, çeşmələr, bulaqlar, canlı və cansız təbiət inciləri qərinələrdir ki, bu diyarı dünyada tanıdır. Belə bir gözəllik məskəni olan yurdumuza insan əli ilə yeni gözəllik naxışlarının da vurulması yurd yerlərimizdə təkrar­olunmaz və heyrətamiz mənzərələr yaradıb. Əgər Azərbaycanın ən uca zirvəsindən durub Şərqin qapısı olan Naxçıvana və onun ətraflarına nəzər salsaq, oradan qeyri-adi bir mənzərə – yaşıl dünya və al-əlvan rəngli güllərin çələngini görərik. Bu görüntü içərisində muxtar respublikamızın hər bir rayonu bir ayrı mənzərə ilə könül açar. Onun yeddi şaxəsi kimi müxtəlif istiqamətlərdə yerləşən rayonlarında sanki bu gözəlliklər tamamlanır. Belə gözəlliklər diyarı olan Şahbuzda da yol boyunca sağ və sol tərəflərdə cərgələnmiş ağaclar, salınan gülkarlıqlar, dağ döşündə, yastanlarda əkilən körpə fidanlar rayonun təbiətinə insan qayğısından xəbər verir. Bu qayğını təbiətdən əsirgəməyən şahbuzlular isti yay günlərində əkilən tinglərin, salınan bağların və yaradılan yaşıllıq zolaqlarının məhv olmaması üçün hər həftə iməciliklər yolu ilə onları suvarır, diblərini boşaldır, aqrotexniki tədbirlər həyata keçirirlər.
Bütün fəsillərdə – yazda, yayda, payızda və qışda zəhmətlərini torpaqdan və yaradılan gözəllikdən, Tanrı vergisi olan təbiətimizdən, rayonun abadlığından əsirgəməyən şahbuzlular övladlarının gələcəyi və sağlamlığı üçün görülən işlərə kömək edirlər. Əsasən, şənbə günlərində iməcilik yolu ilə görülən işlər hər kəsin könüllü olaraq bu işə dəstək verdiyinin göstəricisidir. Şənbə iməcilikləri zamanı rayonun sakinləri yaşıllıq sahələrini daha da genişləndirməyə, meşə sahələrindəki seyrəklikləri aradan qaldırmağa, körpə fidanların əkilməsinə, gül kollarının çoxaldılmasına çalışır, səliqə-sahmanı qorumaqla qurulanlara, yaradılanlara qayğı göstərirlər.
Buna görə də iməciliyə çıxan şahbuzlular Şahbuz şəhərindəki yaşıllıq zolaqlarından tutmuş massivlərdə, bağlarda, yol kənarlarında və müxtəlif ərazilərdə olan ağaclara qulluq edir, mövsümlə əlaqədar onları suvarır, becərmə işləri aparır, təmizlik işləri görürlər. Rayonun kəndlərinin hər birində də bu işlər ardıcıl şəkildə il boyu davam etdirilir, abadlıq, səliqə-sahman işləri öz bəhrəsini verir.
Ekologiyanın qorunması, yaşıllıqların artırılması, iməciliklər vasitəsilə həyata keçirilən bütün işlər və ümumilikdə, bu sahədə həyata keçirilən tədbirlər yurd yerlərimizi daha da cazibədar edir, qonaqların sayını artırır. Şahbuzlular isə gördükləri işlə fəxr edir, qürur duyurlar.
Məlum həqiqətdir ki, planetimizdə insanların sayı sürətlə artır. Texnika günü-gündən inkişaf edir. Bunun nəticəsində bəşəriyyət öz inkişafının yüksək mərhələsini yaşayır. Və elə bu inkişaf nəticəsində insan təbiətə təsir edə bilir. Əlində mükəmməl texniki vasitələr cəmləşdirməklə təbiətdən daha çox mənfəət götürməyə çalışan insan bu mənfəətin əvəzində təbiətə nə isə vermirsə, onu qorumursa, tarazlığını pozursa, onda bu inkişaf onun zərərinə dəyişir. Bəlkə də, bunu xırdalıqlarına qədər diqqətdən qaçıran Adəm övladı bəzən hər addımbaşı təbiətin “qisası” ilə üzləşir. Ona görə də təbiətə övladımız kimi qayğı göstərməliyik ki, ekoloji tarazlıq pozulmasın. Bunun isə bircə yolu var – təbii sərvətlərin mühafizəsini düzgün təşkil etmək, onlardan səmərəli istifadəyə səy göstərmək və təbiətə aldıqlarımızın əvəzində nə isə vermək. İnsan təbiətə nə verə bilər? Sualın bircə cavabı var: yaşıllıq sahələrini artırmaq, fauna və floranı qorumaq. Təbiətimizin əsasını təşkil edən və oksigen mənbəyi olan yaşıllıqların qorunması, artırılması insanın qarşısında duran ən vacib vəzifələrdəndir. Çünki təbiətlə daim üzbəüz olan insan unutmamalıdır ki, bu səxavətli, əliaçıq təbiət yaşam üçün insana hər şey verir. Çəkilən yol da, salınan körpü də, adicə kiçik bir arx da, tikilən nəhəng zavodlar, binalar da, hətta balaca bir daxma da təbiətin bir parçası olan torpaqdan istifadə nəticəsində reallaşır. Buna görə də torpaq adlı nemətin, kainatın əsası olanının yetirdiyi, bitirdiyi bütün nemətlərin qədrini bilməliyik ki, yüksək məhsul bolluğu yarada bilək. Həmçinin qorxusuz, həyəcansız bir dünyada yaşayaq.

Şəhla NƏBİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR