22 Dekabr 2024, Bazar

Kolza xaççiçəklilər fəsiləsinə aid olan birillik zülallı və yağlı bitkidir. Onun vətəni şərqi Asiyadır. Bu gün dünyada ən geniş yayılma arealı Kanada, Hindistan, Cənubi Amerika, Avstraliya, Çin, Almaniya,  İran və Türkiyə əraziləridir. Azərbaycanın Zaqatala, Qax, Balakən, Qusar, Gədəbəy rayonlarında əkilib-becərilməkdədir. Ötən əsrin 50-60-cı illərində Naxçıvan Muxtar Respublikasının bir neçə kolxoz və sovxoz təsərrüfatında silos şəklində mal-qara üçün yem ehtiyatı toplanması məqsədilə əkini keçirilmişdir.

Botaniki xüsusiyyətləri. Naxçıvan Muxtar Respublikasında əkini keçirilmiş kolza bitkisi raps və şalğam turp adı ilə məşhur olmuşdur. Kolza bitkisi birillik və ikiillik olur. Tərəvəz bitkisi kimi, ilk olaraq, İsveç botaniki Kasper Banxin kolzanın bioloji və botaniki təsvirini vermiş və müəyyən olunmuşdur ki, bu bitki yabanı turp və Çin kələminin təsadüfi çarpazlaşması nəticəsində meydana gəlmiş bir hibriddir. Xaççiçəklilər fəsiləsinə aid olan bu bitki soyuğa davamlıdır. Yarpaqlarının üzəri sürüşkənliyə malik olub, qalın, bir növ, dilimlənmiş kələm yarpağını xatırladır.

Gövdəsi şaxələnmiş hündürboy, düz, sərtdir. Yarpaqları boz-yaşıl, alt hissəsi tünd-yaşıl, kökü güclü inkişaf etmiş, yuxarı hissəsi oturaqdır. Məhsuldar çiçəkaçma dövrü çiçəkləri çötkəvari, çiçəklənmənin axırında isə ovalvari olur. Meyvələri buynuzvari qutucuqlarda yerləşməklə qızılı sarı və ya qonur rənglidir. Toxum yerləşən buynuzcuqların uzunluğu 5-10 santimetr olmaqla pilləvaridir. Bu bitki çarpaz tozlanır və çiçəkləmə dövrü 30-40 günə qədər uzana bilir. Toxumları xaççiçəklilər fəsiləsinə aid olan digər bitkilərlə müqayisədə çox kiçikdir. Cücərməsi üçün optimal temperatur 2-3 dərəcədir. Vegetasiya müddəti 120-145 gündür.
Əkini və tətbiq olunan aqrotexniki tədbirlər. Payızlıq kolza, başlıca olaraq, yağlı bitki kimi becərilir, lakin yaz əkinində yaşıl kütlənin yüksək məhsulunu (bəzən hər hektardan 600-800 sentnerə qədər) almaq olar. Kolza bitkisi üçün ən yaxşı sələf taxıl bitkiləri və qarğıdalıdır. Bu bitki istiyə tələbkardır, dərin qara torpaqlarda, qida elementləri ilə zəngin başqa torpaqlarda yüksək yaşıl kütlə məhsulu verir. Əkin üçün əvvəlcədən sələfə uyğun torpaq sahəsi seçilir, analiz aparılaraq tərkibindəki qida elementləri öyrənilir. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasının torpaqlarında əkin aparılmazdan əvvəl hər hektara 25-30 ton üzvi gübrə, fiziki çəkidə 200-250 kiloqram azot, 120-130 kiloqram fosfor, 120 kiloqram kalium gübrələri səpib 25-35 santimetr dərinliyində şum qaldırılmalıdır. Gillicəli və qumsal torpaqlarda azot-kalium gübrələri ilə yemləmə daha əlverişlidir. Aparılan təhlillərin nəticələri göstərir ki, bu bitki qış dövründə 15 dərəcə şaxtaya dözə bilir. Ona görə də Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraiti nəzərə alınaraq əkinin erkən yazda, yəni mart ayının üçüncü ongünlüyündə aparılması məqsədəuyğun hesab edilir.
Kolzanı erkən yazda enli cərgəli üsulla (cərgə araları 45-60 santimetr) dənli və ya tərəvəz bitkilərinin toxumlarını səpən maşınlarla səpirlər; toxumun səpin norması hər hektara 8-10 kiloqram təşkil edir.
Yüngül torpaqlarda toxumlar 2-3, ağır torpaqlarda isə 10 santimetr dərinliyə basdırılır. Yaxşı gübrələnmiş sahələrdə faraş əkinlər iki biçin almağa imkan verir.
Naxçıvan şəraitində xəstəliklərə tutulma ehtimalı çox azdır. Əgər tutulmuş olarsa belə, çox asanlıqla kimyəvi mübarizə aparılmaqla qarşısı alına bilir. Yaşıl kütləsini bütün növ otbiçən maşınlarla, dən məhsulunu isə taxılbiçən kombaynlarla tədarük etmək olar. Quraqlığa həddindən artıq davamlıdır. Vegetasiya müddətində cəmi 4 dəfə suvarılır.
Çalışmaq lazımdır ki, əkin aparılarkən şırım üsulundan istifadə olunsun. Şırım üsulunda biçin asan olur, həmçinin suvarma suyundan qənaətlə istifadə edilir.
Əhəmiyyəti. Əhalinin yeyinti məhsulları, xüsusən zülalla zəngin yüksəkkalorili qida maddələri ilə təmin edilməsi, eləcə də heyvandarlığın yem rasionunun zülala görə tarazlaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Heyvanların yem payında zülal çatışmazlığı nəticəsində hər il xeyli yem səmərəsiz istifadə olunur. Ona görə də ərzaq məhsulları üçün yağ və zülal ehtiyatının yaradılması baxımından dənli-paxlalı və yağlı bitkilərin , o cümlədən kolzanın böyük əhəmiyyəti vardır.
Kolza qiymətli texniki, yem və ərzaq bitkisidir. Başqa dənli-paxlalı bitkilərdən fərqli olaraq, onun yaşıl kütləsində və dənində olan yağların, zülalın miqdarı çox, keyfiyyəti yüksəkdir. Buna görə də əksər ölkələrdə kolza bitkisinin yüksək texnologiya əsasında əkilib becərilməsinə, eləcə də ondan müxtəlif məqsədlər üçün istifadəyə xüsusi önəm verilir.
Kolza bitkisinin tərkibində protein və vitaminlər, xüsusilə karotin daha çoxdur. Tərkibi kəmiyyət və keyfiyyət göstəricilərinə görə zeytun yağından geri qalmır. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində, o cümlədən Kanada, Çin, Hindistan, Türkiyə, eləcə də Avropa ölkələrində kolza yağından istifadəyə üstünlük verilir. Bu gün dünyada hər il 22,5 milyon tona qədər kolza yağı istehsal edilir. Hətta Almaniyada dizel mühərriklərində və elektrik transformatorlarında kolza yağı sınaqdan keçirilmiş, ilkin olaraq, uğurlu nəticələr əldə edilmişdir. Təbabətdə zeytun, soya, badam yağları kimi müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Səmərəli və sərfəli göstəriciləri nəzərə alınaraq kolzanın Naxçıvan Muxtar Respublikası şəraitində əkilib becərilməsi məqsədəuyğundur.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR