Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi torpaq mülkiyyətçilərinə, həmçinin fermerlərə bitkiçilik və heyvandarlıq sahələrində mövsümlə bağlı aşağıdakı işlərin görülməsini tövsiyə edir.
Meyvə və üzüm bağlarında – Meyvə bağlarında məhsul yığımı davam etdirilir. Məhsulu yığılmış, eləcə də cavan ağaclardan ibarət meyvə bağında suvarma işi aparılmalıdır.
Üzüm bağlarında da kütləvi məhsul yığılır və satışa göndərilir. Məhsul yığıldıqdan sonra tənəklər suvarılır.
Əkinçilikdə – Payızlıq taxıl əkinlərinin mütəşəkkil keçirilməsi üçün sahələr seçilir, şum qaldırılır və əkinə hazırlıq işləri görülür. Səpin üçün tədarük edilmiş taxıl toxumları dərmanlanır və əkin aparılır. Toxumların dərmanlanmasında (alyans, dinit, qranozan, vitovaks və sair) preparatlardan istifadə edilir.
2015-ci ilin məhsulu üçün payız şumu qaldırılır.
Səbzə tərəvəzlərin əkini aparılır.
Bostan əkinlərində kütləvi məhsul yığımından sonra suvarma davam etdirilir.
Maldarlıqda – Mal-qara saxlanacaq binalar təmir edilərək qışlamaya hazırlanmalıdır. Mallar zoobaytar müayinəsindən keçirilərək damazlığa yaramayanlar çıxdaş edilməli və kökəldilməyə qoyulmalıdır.
Qoyunçuluqda – Qoyun saxlanacaq binaların təmiri və dezinfeksiya işləri başa çatdırılmaqla qış yataqlarına tələbata uyğun yem və duz tədarükü davam etdirilməlidir. Heyvanlar zoobaytar müayinəsindən keçirilməklə damazlığa yaramayanlar çıxdaş edilərək kökəldilməyə qoyulmalıdır.
Quşçuluqda – Daha çox yumurta götürmək üçün quş saxlanan binalarda təbii və süni işıqlandırma müddəti 14-16 saata çatdırılmalıdır. 18 aylıq yaşda olan toyuqların məhsuldarlığı azaldığına görə çıxdaş edilərək satışa verilməli, onların yeri bərpa edilməlidir.
Arıçılıqda – Arı ailələri diqqətlə yoxlanılmalı, yaşlı analar (2-3 yaşdan yuxarı analar) pətəkdən kənarlaşdırılmalı və mayalanmış cavan analarla əvəz edilməlidir.
Arı ailələrinin müalicə və profilaktikası
Varroatoz xəstəliyi. Bu xəstəliyə qarşı teda, varroset, akarasan, vamitrat, rulamit, timol preparatlarından təlimat üzrə istifadə edilməlidir.
Akarapidoz xəstəliyinə qarşı folbeks, teda, akarasan, qarışqa turşusu tətbiq olunmalıdır.
Amerika və Avropa çürüməsi xəstəlikləri. Belə xəstəlik zamanı arı ailələri dezinfeksiya olunmuş pətəklərə köçürülür. Xəstəlik oksivit, oksitetraskilin, baktopol, oksibaktosid və digər bu kimi preparatlarla müalicə edilməli və ya pətəklə birlikdə yandırılmalıdır. Bu xəstəlik karantin xəstəlik olduğu üçün baytarlıq orqanına bildirilməlidir.
Arıçılıqda sentyabr ayında həyata keçiriləcək tədbirlərdən biri də arı ailələrinin yemləndirilməsidir. Qışlamaya hazırlıq məqsədilə cavan arıların yetişdirilməsi üçün arılar 1:2 nisbətində vitaminli şəkər şərbəti ilə yemləndirilməlidir (sentyabrın 2-ci ongünlüyünədək).
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti