Zaman-zaman verilən tapşırıqların və qarşıya qoyulan vəzifələrin adı dəyişsə də hədəf birdir: ailələrin rahat, layiqli yaşayışını təmin etmək və bütövlüyünü qorumaq!
Ötən əsrin 90-cı illərinin əvvəlində Naxçıvan Muxtar Respublikasının qarşısında çox mühüm vəzifələr dayanırdı. Ən başlıca vəzifələrdən biri dövlət quruculuğu prosesini uğurla həyata keçirmək idi. İqtisadi və sosial islahatlar, xüsusilə ictimai mülkiyyətə (əslində, dövlət mülkiyyətinə) əsaslanan sistemdən liberal iqtisadiyyata – bazar iqtisadiyyatına keçid vacib amillərdən biri kimi öz həllini tapmalıydı. Əlbəttə, bu məsələnin həlli o qədər də asan deyildi. Uzun müddət sovet iqtisadi-sosial sistemində yaşamış əhalinin birdən-birə bazar münasibətlərinə keçməsi müəyyən sosial, iqtisadi və psixoloji çətinliklər yaradırdı. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikasının təcavüzkar Ermənistan tərəfindən blokadaya salınması burada yaşayan ailələrin vəziyyətini bir qədər də mürəkkəbləşdirirdi.
Muxtar respublikada yaşayan ailələri yaxınlaşan bəladan, sosial partlayışdan, məcburi köçkün ömrü yaşamaqdan qurtaracaq xilaskara ehtiyac var idi. Belə bir uzaqgörən, xalqın qeydinə qalan fenomeni – Heydər Əliyevi Tanrı bu ulu torpağa 1990-cı ilin yayında xilaskar göndərdi. Müstəqilliyin ilk illərində Azərbaycanın əsas ərazilərindən ayrı düşmüş Naxçıvan Muxtar Respublikasının sərhəd bölgələrində yaşayan ailələr Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalır, sosial, iqtisadi və kommunikasiya blokadası şəraitində çətin vəziyyətdə yaşayırdılar. Buna baxmayaraq, bu dövrdə ölkədə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında iqtisadi islahatlara başlanılmışdır. Culfa rayonunun Şurud və Gal kimi sərhəd kəndlərində eksperimental qaydada torpaq islahatlarına start verilmiş, torpaqlar pay norması əsasında həmin kəndlərdə yaşayan ailələrə paylanılmışdır.
Muxtar dövlətimizdə 1995-ci ildən başlanan intibah ailələri də öz ağuşuna almış, bugünkü ağ günə gətirib çıxarmışdır. 19 ilə yaxın bir zaman kəsiyi tarix üçün böyük olmasa da, ailə siyasətinin sistemli şəkildə həyata keçirilməsinə, ailələrin həyatında müsbət dəyişikliklərin həcminə, məzmun və əhəmiyyətliliyinə görə qərinələrə, əsrlərə bərabərdir. Buna stimul verən isə ölkənin, eləcə də muxtar respublikanın sosial-iqtisadi yüksəlişidir.
Naxçıvan Muxtar Respublikasının çağdaş dövründə görülən işlər, qazanılan uğurlar, ailələrin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, yaşayış şəraitinin yüksəldilməsinə yönəldilən tədbirlər insanları razı salmış, onların fəal ömür yaşamalarına zəmin yaratmışdır. Muxtar respublika iqtisadiyyatında əldə olunmuş sabit artım tempi ailələrin sosial müdafiəsinin vacib tərəfi olan səmərəli məşğulluğun təşkili və yeni iş yerlərinin yaradılması üçün də əlverişli mühit formalaşdırmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 30 may 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında Məşğulluq Strategiyası”nın həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” müvəffəqiyyətlə icra olunmuşdur.
Bundan əlavə, muxtar respublikada əhalinin səmərəli məşğulluğunun inkişafına yönəldilən tədbirlərin həyata keçirilməsi, işaxtaranların, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsinə köməklik göstərilməsi, əlillərin əmək bazarına inteqrasiyasının təmin edilməsi, onların məşğulluq səviyyəsinin artırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Cari ilin ilk 6 ayı ərzində 1655 yeni iş yeri yaradılmışdır ki, bu da əhalinin məşğulluğunun təmin edilməsində yüksək göstəricidir. Təqdirəlayiq haldır ki, proqramın icrası ilə əlaqədar sağlamlıq imkanları məhdud şəxslər peşə kurslarına cəlb olunur, müvafiq peşə sahəsini öyrəndikdən sonra onların işlə təmin olunmasına xüsusi diqqət yetirilir. Sözsüz, belə bir köməklik həm ailələrin maddi gəlirlərinin yüksəlməsinə, həm də ailələrdə psixoloji ab-havanın yaxşılaşmasına xidmət edir.
Muxtar respublika ailələrinin həyatında baş verən ən əlamətdar hadisələrdən biri də uzun illər fasilədən sonra 2005-ci ildə Naxçıvan Muxtar Respublikasına təbii qaz kəmərinin çəkilişi oldu. Həmin ildən başlayaraq mənzillər qazlaşdırılmış, pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz sayğacları quraşdırılmışdır. Bütün ailələr fasiləsiz təbii qaz və elektrik enerjisi ilə təmin olunmuşdur. Ailələrin içməli su ilə təchizatı məsələsinə, mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına da xüsusi əhəmiyyət verilmiş, müharibə veteranı, şəhid və aztəminatlı ailələrin sosial müdafiəsinə diqqət xeyli artırılmış, onlar dövlət vəsaiti hesabına yeni mənzillərlə, minik avtomobilləri ilə təmin edilmişdir. Son 19 ildə əlil, məcburi köçkün, qaçqın və şəhid ailələri, təbii fəlakətdən zərərçəkənlər və digər bu kimi kateqoriyalardan olan şəxslər üçün 500-ə yaxın ev tikilərək istifadəyə verilmişdir.
Əhalini keyfiyyətli məhsullarla təmin etmək, əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilmiş, uğurla icra olunmaqdadır. Qeyri-ərzaq məhsulları istehsalına da ciddi fikir verilir, sahibkarlara hər cür dövlət dəstəyi göstərilir. Hazırda muxtar respublika ailələri 107 növdə ərzaq, 227 növdə qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 334 növdə məhsula olan tələbatını yerli istehsal hesabına ödəyir. Bu da ailələrin həm büdcəsinə xeyirdir, həm də standarta uyğun məhsullarla təmin olunması deməkdir.
19 ilə yaxın bir dövr iqtisadiyyatın dinamik inkişafı, sosialyönümlü tədbirlərin uğurla davam etdirilməsi ilə yanaşı, ailələrin sosial rifahının yaxşılaşmasına xidmət edən çoxsaylı tədbirlərin həyata keçirilməsi ilə əlamətdardır. Həyata keçirilən düşünülmüş ailə siyasəti hər bir ailənin yaşayış səviyyəsinin yüksəldilməsinə, xüsusən aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edir. Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı muxtar respublikada ailə siyasətinin ana xəttini təşkil edir. Onlara maddi və mənəvi dəstək olmaq dövlətin prioritetləri sırasındadır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ötən il aidiyyəti dövlət orqanlarına verdiyi tapşırığa əsasən, muxtar respublikada yaşayan 200-ə yaxın aztəminatlı ailəyə baş çəkilmişdir. Bu ailələrin kommunal problemləri ilə maraqlanılmış, həmin problemlərin aradan qaldırılması ilə bağlı işlər görülmüş, ailələrin üzvləri tibbi müayinədən keçirilmiş, onlara məişət əşyaları və ərzaq payı verilmişdir.
Muxtar respublikada ailələrin sosial problemlərinin həll olunması cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Regionun iqtisadi inkişafı isə belə bir fikri söyləməyə əsas verir ki, dövlətimizin maliyyə imkanları artdıqca ailələrin sosial rifahı daha da yaxşılaşacaqdır. Ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən islahatların mühüm istiqamətlərindən biri də muxtar respublikada ünvanlı sosial yardım mexanizminin düzgün, qərəzsiz tətbiq olunmasıdır. Dövlət büdcəsi hesabına aztəminatlı ailələri əhatə edən bu mexanizmin fəaliyyəti daha da gücləndirilmiş, ildən-ilə müavinətlərin məbləği artırılmışdır.
Naxçıvan Muxtar Respublikasında bir nəfərə düşən orta aylıq sosial müavinət (manatla)
Son zamanlar bütün dünyada boşanmalar ən üst səviyyəyə qalxmış, ailə institutları məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bəzi Qərb dövlətləri hər bağlanmış 2 nikahdan birinin dağılması halı ilə barışmalı olmuşlar. Muxtar respublikada həyata keçirilən uğurlu ailə siyasətinin nəticəsidir ki, regionun dünyaya inteqrasiya etdiyi, azad internetin olduğu, informasiya-kommunikasiya texnologiyalarının geniş istifadə olunduğu bir vaxtda insanlar öz soy-köklərindən gələn dəyərlərindən, o cümlədən ailə dəyərlərindən uzaqlaşmamışdır. Bunun nəticəsində də bağlanan nikahlarla boşanmaların arasındakı say fərqi yaxınlaşmamış, stabil qalmaqdadır. Ailələri təkcə sosial baxımdan təmin etmək onun bütövlüyünü qorumaq demək deyildir, onlara tərəf getmək, dərd-sərlərini öyrənib müvafiq məsləhətlər vermək, maarifləndirmə işləri aparmaq da gərəkdir. Bu zaman ailələrin möhkəmliyinə, uzunömürlü olmasına nail olmaq olar. Düşünürəm ki, muxtar respublikamızda dövlətin ailə siyasətinin ən incə məqamı da elə budur.
Rəsmi qeydə alınmış nikah və boşanmaların ümumi əmsalları
Sağlam və möhkəm ailədə həmişə yeni doğulan uşaqların sayı üstünlük təşkil edir. Vətəndaş cəmiyyətinə xas olan mühüm bir xüsusiyyət ondan ibarətdir ki, ailələrin əksəriyyəti yalnız iqtisadi müstəqilliklərinin təmin olunduğu şəraitdə dünyaya övlad gətirirlər. Bu gün bu hal muxtar respublikamız üçün də xarakterikdir. İlbəil yüksələn doğum səviyyəsi daha da yaxşılaşmaqda olan əhali rifahına paralel olmaqla, onun məntiqi nəticəsi kimi çıxış edir. Amma çatdırmaq istədiyim bu deyil. Muxtar respublikada ana və uşaqların sağlamlıqlarının qorunması, müasir infrastrukturun qurulması, tibbi xidmətin keyfiyyətinin artırılması dolayısı ilə ailələrə xidmət edir. Bu gün ən müasir avadanlıqlarla təmin edilmiş səhiyyə müəssisələrində ailənin dayağı olan ana və uşaqlar müayinə olunur, tibbi cihazların vasitəsi ilə düzgün diaqnoz qoyulur, xəstəliklər dərhal aşkar olunub həllini tapır. Ailənin reproduktiv sağlamlığının qorunmasının əsas göstəricisi olan ana və uşaqların sağlamlıqlarına xüsusi diqqət göstərilməsinin nəticələri göz qabağındadır.
Körpə ölümünün əmsalı (1 yaşa qədər uşaqlar)
İqtisadiyyatın qloballaşdığı, ailə modellərinin dəyişdiyi, texnologiyaların sürətlə inkişaf etdiyi, urbanizasiyanın artdığı XXI əsrdə ailələrin və insanların uzunömürlü olması aktualdır. Sevindiricidir. Ona görə ki, muxtar respublikada 70 yaşı olan ailələr var. Bu, dövlətin ailələrə qayğısının, sağlam yaşlanmaya, sağlamlığa və firavan yaşayışa baxışının məntiqi nəticəsidir. Bununla yanaşı, son illər ərzində tibbi xidmətin müasir tələblər səviyyəsində qurulması üçün, ilk növbədə, bu sahədə infrastrukturun müasirləşdirilməsi istiqamətində tədbirlər diqqət mərkəzində saxlanılmışdır. Yeni tələblərə cavab verən səhiyyə müəssisələri tikilmiş, mövcud tibb ocaqlarının təmiri və yenidən qurulması işləri aparılmışdır. Bunlarla yanaşı, uzunömürlülüyün rəhni olan fəal həyat fəaliyyətini təmin edən qida və dövlətin həyata keçirdiyi ümumi siyasət nəticəsində cəmiyyətə ixrac olunan pozitiv enerji muxtar respublika insanının ömrünü bir qədər də uzatmışdır.
Naxçıvan Muxtar Respublikası üzrə doğulanların gözlənilən ömür uzunluğu
19 ilə yaxın bir dövrdə Naxçıvan Muxtar Respublikasının qazandığı nailiyyətlər bundan əvvəl bütün tarix boyu əldə edilən nəticələrdən daha üstündür. Düşünülmüş və məqsədyönlü siyasət uğurların davamlılığını təmin etməklə gələcəyə daha böyük inamla yanaşmağa stimul verir. Bu, regionumuzda ümummilli lider Heydər Əliyevin ideyalarının uğurla reallığa çevrilməsinin təsdiqidir. Naxçıvan Muxtar Respublikasında yaşayan ailələr əmindir ki, ulu öndər Heydər Əliyevin inkişaf strategiyasından qaynaqlanan uzaqgörən, sistemli və qətiyyətli sosial-iqtisadi inkişaf siyasəti bundan sonra da davam etməklə qarşıda duran vəzifələrin uğurla yerinə yetirilməsini, regionun inkişafının daha da sürətlənməsini və nəticədə, ailələrin sosial rifahının davamlı olaraq yaxşılaşmasını təmin edəcəkdir.
Sahir RÜSTƏMOV
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri