22 Dekabr 2024, Bazar

Həyatımıza bəzək, ömrümüzə sevinc olan körpələr gələcəyimiz, xoş sabahımızdır. Uşaq qədər məsum, təmiz, sevimli varlıq yoxdur. Onlar daim böyüklərin qayğısına ehtiyac duyurlar. Ona görə də uşaqlara, körpələrə diqqət hər birimizin borcudur. Bu, humanist və ədalətli cəmiyyətin yaranması üçün zəruri şərtlərdən biridir. Uşaqların böyük himayədarı olan ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, böyüdəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin gələcəyi bundan asılı olacaqdır”.

 Sevindirici haldır ki, ölkəmizdə uşaq və gənclərin hərtərəfli inkişafı, onların intellektual səviyyəsinin yüksəldilməsi, məktəbəqədər təlim və tərbiyənin səmərəli təşkili dövlətimizin xüsusi diqqət ayırdığı məsələlərdən biridir.

 Muxtar respublikamızda da bu sahədə lazımi tədbirlər həyata keçirilir. Məktəbəqədər və məktəbdənkənar tərbiyə müəssisələri üçün yeni binalar tikilir, onların maddi-texniki bazası gücləndirilir, uşaqların əlverişli sosial-mənəvi mühitdə böyüməsi üçün hərtərəfli şərait yaradılır. Məqsəd ondan ibarətdir ki, uşaqlarımız yüksək səviyyədə tərbiyə olunsun, Azərbaycanın layiqli vətəndaşı kimi böyüsünlər. Ötən il oktyabrın 8-də Sədərək rayonunun Heydərabad qəsəbəsində uşaq bağçasının yeni binasının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu amili xüsusi vurğulayaraq demişdir: “Hər bir ölkənin gələcəyini təmin etmək üçün, ilk növbədə, uşaqların hərtərəfli böyüməsinə ciddi diqqət yetirmək lazımdır. Bu mənada uşaqların məktəbəqədər tərbiyəsinin düzgün təşkili, onların hərtərəfli təhsil alması vacib məsələlərdəndir. Bu gün Heydərabad qəsəbəsində istifadəyə verilən uşaq bağçasında da gələcəyimiz olan uşaqlar tərbiyə olunacaqdır”.

Bağçanın binası zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarətdir. Pianino və mebel avadanlıqları ilə təchiz edilmiş 144 yerlik bağçada 5 qrup fəaliyyət göstərir. Onlardan biri körpə, biri orta, ikisi böyük, biri isə məktəbəhazırlıq qruplarıdır. Uşaqların təlim-tərbiyəsi ilə 6 tərbiyəçi-müəllim və 5 dayə məşğul olur. Hər qrupun ayrıca oyun və yataq otaqları, mətbəxi var. Hər mərtəbədə olan oyun zalları yüksək zövqlə bəzədilmişdir. Bundan başqa, metodkabinet, valideyn və iş otaqları da təlim və tərbiyə prosesində valideyn-müəllim-uşaq münasibətlərinin hərtərəfli qurulmasında mühüm rol oynayır. Tədbirlər və şənliklər zalında isə əlamətdar günlərin qeyd olunması üçün yüksək şərait yaradılıb. Bağçada uşaqların tərbiyəsinə, sağlamlığına və qidalanmasına ciddi diqqət yetirilir.
Bağçada ayrıca mətbəx, ərzaq anbarı, işçilər üçün yeməkxana və yardımçı otaqlar da vardır. Binanın həyətindəki gözoxşayan gülkarlıq, oyun konstruksiyaları, istirahət guşələri də uşaqlar üçündür. Bina fərdi qazanxana vasitəsilə qızdırılır; daimi olaraq isti və soyuq suyu var.
Bağçanın müdiri Məryəm Quliyeva söhbət zamanı dedi:
– Əvvəllər uşaq bağçalarında tərbiyəçilərin bir qismi uşağı valideynlərdən təhvil alıb əyləndirən, günün sonunda isə onlara təhvil verən şəxslər rolunu oynayırdılar. Bu gün isə fərqlidir. Elə buna görə də hazırda uşaq bağçaları təlim statusu daşıdığına görə məktəbəqədər təhsil müəssisələri adlanır. Bu gün məktəbəqədər təhsil müəssisələrinin ixtiyarında olan proqramlar əsaslı şəkildə yeniləşdirilib, balacaların istifadəsinə müasir texniki vasitələr və yeni oyuncaqlar verilib. Bütün bunlar isə tərbiyə və təlim işinin çoxcəhətliliyindən xəbər verməklə yanaşı, tərbiyəçilərin işində də ciddi dönüş yarandığını ortaya qoyur. Bu gün bizim qarşımızda duran əsas vəzifə yaddaşyönümlü təhsildən şəxsiyyətyönümlü təhsilə keçməklə vətənpərvər, ailəsi və dövləti üçün faydalı olmağı bacaran məsuliyyətli vətəndaş yetişdirməkdən ibarətdir. Fəaliyyətə başladığımız gündən işimizi bu istiqamətdə qurmuşuq.
Öncə onu deyim ki, kollektivimiz uşaqlarla işləməyi çox sevir. Balacaların qəlbinə isə asanlıqla yol tapmaq olmaz. Bunun üçün uşaqları mütləq sevmək lazımdır. Uşaq qəlbi həssas olduğundan səmimi münasibəti dərhal hiss edir və qiymətləndirir.
Bu yaxınlarda məktəbəqədər hazır­lıq qrupumuzun 25 nəfərini məktəbə yola saldıq. Onlar ilkin riyazi biliklərə, şifahi və yazılı nitq vərdişlərinə yiyələndilər, əlifba ilə tanış oldular. Məzunlarımız üçün yaddaqalan “Əlvida bağça, salam məktəb” adlı ədəbi-bədii kompozisiya keçirildi. Həmin gün göstərilən səhnəciklər çox maraqlı idi. Tədbirdə riyaziyyatdan, oxudan nələr öyrəndiklərini uşaqlar böyük həvəslə nümayiş etdirdilər.
Müsahibim onu da bildirdi ki, uşaqların Heydərabad qəsəbəsindəki Heydər Parkına, rayon Tarix-Diyarşünaslıq Muzeyinə, Sədərək kəndindəki Şəhidlər Xiyabanına ziyarətləri təşkil olunur. Keçirilən tədbirlər uşaqlarda vətənpərvərlik şüurunun formalaşmasına təsir edir.
Tərbiyə ocağında öz işinin vurğunu olan, uşaqlara böyük qayğı və məhəbbətlə yanaşan, işini müasir təlim-tərbiyə üsulları ilə qurmağa çalışan tərbiyəçi-müəllimlər çalışırlar. Onlar məşğələlərdə fəal təlim üsullarından bacarıqla istifadə edirlər.
Bağçada tədbirlərin hazırlanıb həyata keçirilməsində qrup tərbiyəçilərilə yanaşı, musiqi tərbiyəçisi Nuridə Səfərovanın da əməyi var. Yeri gəlmişkən onu da deyim ki, onların birgə əməyi sayəsində istedadlı uşaqlarımız üzə çıxır, onların istedadları inkişaf etdirilir. Bunun üçün bağçada “İstedad” qrupu yaradılmışdır. Bura 25 nəfər istedadlı uşaq cəlb olunmuşdur.
Tərbiyəçi-müəllimlər valideynlərlə sıx əlaqə saxlayırlar. Valideynlər vaxtaşırı qruplarda olur, uşaqlarla iş prosesinə qoşulur, tərbiyəçilərlə birgə mövzuya uyğun vəsaitlər hazırlayırlar. Beləliklə, balacalar məktəb təliminə yüksək səviyyədə hazırlanırlar.
Sonda bağçanın balaca sakinləri ilə tanış oldum, onların bəzilərilə söhbətləşdim. Uşaqlardan Fatimə Abdullazadənin ümummilli lider Heydər Əliyevə həsr olunmuş şeri xüsusi intonasiya ilə deməsi, Fərid Həsənlinin, Gülnar Ələkbərovanın maraqlı rəsmləri bizdə xoş təəssürat yaratdı.
M.Quliyeva onu da vurğuladı ki, bundan sonra kollektivimiz bağçada təlim-tərbiyə işlərinin keyfiyyətini daha da yüksəltməyə, uşaqlara səmərəli təhsil xidmətləri göstərməyə, onlara bağça yaşından doğma Vətənə məhəbbət hisslərinin daha dərindən aşılanmasına, əqli tərbiyə işini möhkəmləndirməyə çalışacaqdır.
Uşaqların bağçaya cəlbi və məktəb təliminə hazırlanması da diqqətimizdədir. Onu da deyim ki, uşaq kontingenti sarıdan heç bir problemimiz yoxdur.
Öyrəndik ki, Sədərək kəndindəki 65 yerlik bağçada da uşaqların təlim-tərbiyəsinin günün tələbləri səviyyəsində təşkili üçün hərtərəfli şərait var. Təlim prosesində əyani vasitələrdən istifadə edilərək uşaqlar gündəlik keçirilən nitq inkişafı, bədii ədəbiyyatla tanışlıq, riyaziyyat, rəsm, idman və musiqi məşğələlərində yaş səviyyələrinə uyğun bilik, bacarıq və vərdişlərə yiyələnirlər. Bu bağça da yeni binada yerləşir.
Bəli, sərhəd bölgəsi Sədərək rayonunda sabahımız, gələcəyi­miz olan uşaqlar şən və qayğısız böyüyürlər.

Cəfər ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR