22 Dekabr 2024, Bazar

Yulaf (avena) çox qədim dövrlərdən Asiyanın qərbi ilə şərqi arasında olan ölkələrdə geniş ərazilərdə yayılmış bitkidir. Bu bitkinin yabanı və mədəni növləri müxtəlif məqsədlər üçün becərilib artırılmışdır. Azərbaycanın əksər ərazilərində, o cümlədən Naxçıvan Muxtar Respublikasında daha çox əkilən taxıl sahələrində yabanı forması olan tarla yulafçası geniş yayılmışdır.

Naxçıvan ərazisində yulafın səciyyəvi xüsusiyyətlərinin öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin yardımçı təcrübə təsərrüfatında 2011-ci ildə kiçik ərazidə sınaq əkini aparılmışdır. Fenoloji müşahidələrin nəticəsi göstərmişdir ki, ərazidə əkin özünü doğruldur və əkin sahələrinin genişləndirilməsi məqsədəuyğundur.
Botaniki xüsusiyyətləri. Xarici görünüşünə görə vələmirə çox oxşayır və hətta onu tozlandırıb növ keyfiyyətini dəyişir. Toxumları vələmirin toxumuna qarışdıqda çətin seçilir. Bol nişastalı dən məhsulu üçün yetişdirilən tarla bitkisidir. Cücərtisi açıq-yaşıl rəngli, olduqca zərifdir. Çiçək qrupu şaxələnən, yaxud şaxələnməyən, sıxılmış və ya dağınıq süpürgə təşkil edir. Sünbülcüyü 2-3 və çoxçiçəklidir.

Sünbülcük pulcuqları enli, qabarıq, uzununa damarlı, çiçək pulcuqlarından uzun, yaxud onlara bərabərdir. Sünbülcük saplağına öz əsası ilə birləşən ən iri çiçək aşağı, qısasaplaqlı və nisbətən xırda olanı isə yuxarı çiçək adlanır. Aşağı çiçək-də faraş əmələ gəlir, normal inkişaf edir və hamısından iri olur. Daxili çiçək pulcuğu şəffaf, zərif, uzununa ikitillidir. Toxumlarında uzun, burulmuş və dirsək şəklində əyilmiş qılçıqları olur. Torpağa düşmüş toxumlar yığılıb açılan həmin qılçıqların köməyi ilə hərəkət edərək əlverişli şəraitdə cücərdilir.
Yulafın 1000 dəninin mütləq çəkisi 35-40, bəzən də 50 qrama qədər olur.
Dənin pərdəliliyi əsas təsərrüfat xüsusiyyəti hesab edilir və şəraitdən asılı olaraq, dənin ümumi çəkisinin 20-40 faizini təşkil edir. Çiçəklənmə fazasında quraqlıq olduqda dən əmələ gətirməyən boş çiçəklərin sayı artır. Eləcə də yetişmə dövründə qida maddələrinin və nəmliyin çatışmaması nəticəsində dənlər xırda və cılız olur.
Məlumat üçün bildirək ki, tədqiqat nəticəsində yulafın 50-yə yaxın növü müəyyənləşdirilmişdir. Bu növlər, əsasən, çiçək qruplarının yerləşdiyi süpürgəciklərin vəziyyətinə, sünbülcüyün qılçıqlılığına və çiçək pulcuğunun (xarici çiçək pulcuğunun) rənginə görə təyin edilir.
Yulafda qılçıqlılıq sabit xassə olmadığı üçün xarici mühitin təsirindən çox kəskin dəyişir (azalır və çoxalır). Ona görə də növ müxtəlifliyini təyin edərkən bir süpürgədə olan qılçıqlı sünbülcüklərin sayı 25-dən çox olarsa, həmin süpürgə qılçıqlı hesab edilir. Çiçək pulcuğunun rəngi əsas növ müxtəlifliyi əlaməti hesab edilir, ağ, sarı, boz, darçını, qara olur.
Tətbiq olunan aqrotexnika. Yulafı cərgəarası becərilən bitkilər və dənli-paxlalılardan sonra növbələşdirmək daha əlverişlidir. Azot elementinə tələbkar olduğundan onun dənli-paxlalı bitkilərdən, xüsusən noxuddan sonra növbələşdirilməsi daha səmərəlidir. Yulaf bitkisi nəmliyə çox tələbat göstərən və alaqlanmaya dözməyəndir.
Naxçıvan Muxtar Respublikası şəraitində herik tarlasından sonra da becərmək olar. Çuğundur bitkisindən sonra yulafı növbələşdirmək məsləhət görülmür. Ona görə ki, hər iki bitkinin zərərvericiləri eynidir. Yulaf becəriləcək tarlaların əsas və səpinqabağı becərilmə üsulları torpaq-iqlim şəraitindən və digər səbəblərdən asılı olaraq müəyyənləşdirilir. Əgər sələf bitkiləri payızlıq taxıllardırsa, məhsul yığıldıqdan sonra kövşənlik üzlənir və 25-27 santimetr dərinliyində şum qaldırılır. Səpindən 10-15 gün qabaq məsaməliliyi ağır olan torpaqlarda arat aparılır. Səpindən əvvəl 10-12 santimetr dərinlikdə torpağı yumşaltmaq məqsədilə kultivasiya çəkilməsi də tövsiyə olunur. Səpinqabağı becərmədə toxum səpilən dərinlikdə torpağa kultivasiya çəkilir və malalanır.
Yulaf üzvi və mineral gübrələrin verilməsinə tələbkardır. Xüsusən azot gübrəsini sevir. Hər bir hektara 150 kiloqram azot, 120 kiloqram fosfor, 120 kiloqram kalium gübrələrinin verilməsi torpaq tipindən asılı olaraq yaxşı nəticə verir.
Səpindən əvvəl toxumlar təmizlənərək iriliyinə görə çeşidlənir, qranozon və ya merkuran preparatlarının biri ilə quru üsulla dərmanlanır. Tozlu sürməyə qarşı 40 faizli formalin məhlulu ilə tona 0,4 litr hesabı ilə səpinə 3-4 gün qalmış dərmanlama aparılır. Səpindən 4-5 gün əvvəl toxumlar açıq havada işıq altında isidilir.
Səpin müddəti payızda orta gündəlik temperatur 12-14 dərəcə olduğu dövr hesab olunur. Səpin adi cərgəli və ya darcərgəli üsulla aparılır.­
Muxtar respublika şəraitində hər hektara 200-250 kiloqram toxum səpilməsi məqsədəuyğun hesab olunub, toxumların basdırılma dərinliyinin 4-6 santimetr olması məsləhət görülür.
Toxum arata səpilməyibsə, şırım üsulu tətbiq edilməklə səpsuvar aparılır. Payız dövründə əkinlərdə alaqlama çox olarsa, onlara qarşı mübarizə aparmaq lazımdır. Erkən yazda tarla köndələninə malalanır. Eyni zamanda hektara 30 kiloqram azot və 20 kiloqram fosfor norması ilə birinci yemləmə gübrəsi verilir. İkinci yemləmə gübrəsi isə boruyaçıxma fazasının əvvəlində həyata keçirilir. Suvarma bölgələrində əkinlər 2-3 dəfə şırımla suvarılır. Su norması hektara 800-1000 kubmetr olmaqla bitkilərin inkişaf fazaları ilə əlaqələndirilməlidir.
Yulafın toxumları bir bərabərdə yetişmirlər. Süpürgənin uc hissəsində sünbülcüklərdə dənlər birinci yetişir. Süpürgənin aşağı hissəsindəki dənlər isə gec yetişirlər. Yulafı hədsiz tez biçmək də faydasızdır. Çünki bu zaman çoxlu yaşıl toxumlar alınır. Yulafın birbaşa yığılması dənin mum yetişkənlik dövründən başlanır. Yığımı qısa müddətə – 5-7 günə başa çatdırmaq lazımdır ki, dən itkisi minimuma endirilsin.

Bunları bilmək faydalıdır

Bir xörək qaşığı yulaf bitkisini bir stəkan (200 qramlıq) qaynar suda 10-15 dəqiqə dəmləyib süzgəcdən keçirin. Gün ərzində belə dəmləmədən hazırlayaraq çay kimi 3-4 dəfə için. İçərkən içərisinə şəkər və ya digər qatqılar əlavə etmək olmaz. Bir ay istifadə etsəniz, gümrahlıq baxımından özünüzdə əsaslı dəyişiklik müşahidə edəcəksiniz.
Bir litr qaynar suya 40 qram yulaf samanı qatıb dəmləyin, sonra süzgəcdən keçirin. Süzülmüş mayedən gün ərzində iki dəfə, hər dəfədə üç stəkan hazırlamaqla için. Belə etsəniz yorğunluğunuz aradan qalxar, tərləmə azalar və bədənin oynaq hissələrində duzlaşma əmələ gəlməsinin qarşısı alınar.­
Bir stəkan (200 qramlıq) yulaf dənini (plov hazır­layarkən düyünü stəkanla ölçdüyünüz kimi) bir litr suda qaynadın. Hədik şəklində dənlər bişərkən suyunu süzün. Gün ərzində 3-4 dəfə ürəyiniz istəyən miqdarda yeyin. Bu, öd yollarının iltihabının müalicəsində ən təsirli və əvəzsiz çarədir.
Qədim xalq təbabətçiləri yulaf bitkisini şəkər xəstəliyinə dərman buyurublar. Bu xəstəliyin müalicəsi üçün yulaf dəmləməsi belə hazırlanır: 100 qram yulaf üç stəkan (200 qramlıq) suda qaynadılır. Yeddi saat dəmdə saxlanılır, sonra süzülür. Mayedən gün ərzində yeməkdən əvvəl yarım stəkan olmaqla, üç dəfə içilir. Bu dəmləmə bir həftə ərzində müsbət təsirini göstərir.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR