Əyləncə və İstirahət Mərkəzi. Son günlərdə bu gözəl məkan muxtar respublika sakinlərinin ən çox üz tutduqları ünvanlardan birinə çevrilib. “2014-2015-ci illərdə Naxçıvan şəhərinin sosial-iqtisadi inkişafı üzrə Proqram”a əsasən, insanların istirahətinin səmərəli təşkili məqsədilə Naxçıvançay vadisində tikilən və ötən ay istifadəyə verilən bu mərkəzdə həm uşaqların, həm də böyüklərin istirahəti üçün hər cür şərait yaradılıb. Hər gün yüzlərlə insanın axışdığı bu məkanda olduq, vətəndaşların təəssüratlarını öyrənmək istədik.
Əyləncə və İstirahət Mərkəzinə gedərkən muxtar respublikada əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, insanların istirahətlərinin səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər haqqında düşünürdüm. Son illərə, daha doğrusu, 17-18 il əvvələ qədər şəhərdə “Böyük bağ” deyilən istirahət guşəsindən başqa, yaşıllığı olan belə məkan tapa bilməzdik. Bu günsə az qala hər yaşayış binasının önündə bir park, istirahət guşəsi yaradılıb. Adıçəkilən mərkəzin istifadəyə verilməsi isə muxtar respublika sakinlərinin böyük sevincinə səbəb olub. Bu sevincdən daha çox pay alan isə gələcəyimiz olan uşaqlardır. Düzdür, şəhərimizdə uşaq istirahət mərkəzi fəaliyyət göstərir. Ancaq həmin ünvan uşaqların istirahəti üçün tam yetərli deyildi. Daha dəqiq desək, ərazi cəhətdən buraya gələn uşaqlar üçün darısqal idi. Əyləncə və İstirahət Mərkəzinin açılış mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri bu məqama toxunaraq demişdir: “Naxçıvan şəhərində bir uşaq istirahət mərkəzinin fəaliyyət göstərməsi şəhər sakinlərinin tələbatını tam ödəmirdi. Ona görə də muxtar respublikanın paytaxtında yeni Əyləncə və İstirahət Mərkəzinin yaradılmasına ehtiyac yarandı. Bu gün istifadəyə verilən Əyləncə və İstirahət Mərkəzinin yerləşdiyi ərazi vaxtilə müxtəlif məqsədlər üçün istifadə edilmiş və sonradan yararsız vəziyyətə düşmüşdü. Lakin yaradılan şərait və çəkilən zəhmət nəticəsində ərazi bu gün Naxçıvan şəhərinin ən abad yerlərindən birinə çevrilmişdir. Əyləncə və İstirahət Mərkəzində müasir avadanlıqlar qurulmuş, təhlükəsizlik təmin edilmişdir. Bu da uşaqların və böyüklərin istirahətlərinin, eləcə də asudə vaxtlarının səmərəli keçirilməsinə imkan verəcəkdir”.
Budur, Əyləncə və İstirahət Mərkəzindəyəm. Uşaqlar valideynlərinin əlindən tutaraq həyəcanla burada quraşdırılan attraksionlara doğru tələsirlər. Hər tərəfi uşaq gülüşü, uşaq təbəssümü bürüyüb. Bunları müşahidə etdikcə düşünürəm ki, mərkəzdə yaradılan şərait uşaqların istirahətinin səmərəli təşkili ilə yanaşı, həm də onların intellektual hazırlıq səviyyələrinin yüksəldilməsi və əqli inkişafı baxımından əhəmiyyətlidir.
38 min kvadratmetr sahəni əhatə edən mərkəzdə 190-a yaxın işçi heyət əhaliyə xidmət göstərir. Mərkəzdə ikimərtəbəli bina inşa edilib. Binanın birinci mərtəbəsində geyim mağazası, 2 kafe və sahəsi 1230 kvadratmetr olan örtülü oyun salonu vardır. Geyim mağazasında dünyanın məşhur geyim brendləri olan 14 firmanın məhsulları alıcılara təklif olunur. Kişi, qadın və uşaq bölmələrindən ibarət olan mağazada müştərilərə yüksək xidmət göstərilir. Oyun salonunda 25 aparat quraşdırılıb, uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün lazımi şərait yaradılıb. Mərkəzin həyətində böyüklərin istirahəti üçün 1 kafe fəaliyyət göstərir. Həmçinin burada 1 fəvvarə və 4 hovuz da istifadəyə verilib, kukla teatrının tamaşalarının göstərilməsi üçün səhnə yaradılıb.
Əyləncə və İstirahət Mərkəzinin həyətində 33 metr hündürlüyündə 24 kabinəli 144 yerlik karusel, 8 yerlik 120 dərəcəli yelləncək, 32 yerlik uşaq maşını, qatar və uşaqlar üçün nəzərdə tutulmuş 4 idman qurğusu vardır. Parkın mərkəzində azyaşlı uşaqlar üçün qurulan müxtəlif fiqurlardan ibarət çoxelementli qurğular uşaqlara əsl bayram ovqatı bəxş edir. Mərkəzin həyətində divarlara vurulmuş nağıl qəhrəmanlarının fotoları uşaqları nağıllar aləminə aparır. Övladlarının sevincini seyr edən valideynlərin sevinci birə-beş qat artır. Onlar yaradılmış belə şəraitə görə minnətdarlıq etməyi də unutmurlar. Mərkəzdə dövrə vuran qatar uşaqların ən çox sevdikləri əyləncə vasitələri sırasındadır. Axşam saatlarında səslənən musiqilər insanlara xoş ovqat bəxş edir, mərkəzdə istirahət edən insanların əhval-ruhiyyəsinə xüsusi rəng qatır. Bir məqamı da vurğulamaq lazımdır ki, mərkəz qış aylarında da fəaliyyət göstərəcək.
Skamyada ömrünün ahıl çağlarını yaşayan iki nəfərə yaxınlaşdım. Onlardan biri – Ağakişi baba deyir: – Buranın havası mənə xoş təsir bağışlayır. Demək olar ki, hər gün gəlirəm. Bilirsiniz, muxtar respublikamızda qış sərt soyuqlarla müşayiət olunduğu kimi, yay fəsli isə isti havaların müşayiəti ilə keçir. Belə olan vəziyyətdə muxtar respublika sakinləri nisbətən sərin yerlərə üz tuturlar. Odur ki, yay dövründə parkların, istirahət guşələrinin çox olması sakinləri ürəkdən sevindirir. Bura körpə fidanlara dünyaya sığmayan sevinc bəxş edir. Bu isə məni ruhən rahatladır. Bir sözlə, mən burada mənəvi rahatlıq tapıram.
Şəhər sakinlərindən Cahan Əsədovaya yaxınlaşırıq. Uşaq maşınlarında əylənən nəvələrini Cahan xanım həvəslə izləyir. Onunla bir neçə dəqiqə həmsöhbət oluruq. O deyir:
– Bu gün ilk dəfədir, buraya gəlirik. Nəvələrim sevinclə əylənirlər. Naxçıvanda belə istirahət mərkəzinin yaradılması bizi çox sevindirir. Ən çox da ona görə sevinirik ki, bu mərkəz qışda da fəaliyyət göstərəcək. Çünki muxtar respublikada qış aylarında fəaliyyət göstərən belə istirahət mərkəzi yox idi.
Başqa bir şəhər sakini Vahid İsmayılov:
– Bu gün muxtar respublikada əhalinin rifahı günü-gündən daha da yaxşılaşır. Bu da insanların istirahətinin səmərəli təşkilinə tələbatı artırır. Bunun üçün də muxtar respublikamızda belə istirahət mərkəzlərinin yaradılması böyük əhəmiyyət daşıyır. Belə mərkəzin yaradılmasına görə dövlətimizə minnətdarıq.
Əyləncə və İstirahət Mərkəzindən ayrılanda saatlar gecə 10-u göstərirdi. Amma buna baxmayaraq, mərkəzdə qələbəlik getdikcə artırdı. Doyunca əylənən uşaqlar... Böyüklərin üzlərində xoş təbəssüm. Bu təbəssüm muxtar respublikada yaradılan sakitlik, əmin-amanlıq və xoş günlərdən xəbər verirdi...
Sara ƏZİMOVA