22 Dekabr 2024, Bazar

Elm və texnologiyanın yüksək inkişaf etdiyi XXI əsrin yenilikləri bəşəriyyət üçün nə qədər vacibdirsə, müasir dünyanın qarşı-qarşıya qaldığı ekoloji problemlərin sürətli həlli də o qədər vacibdir. Buna görə də bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biri ekoloji tarazlığın sabit saxlanılması və davamlılığına nail olunması, meyvə, giləmeyvə, bəzək bağçılığının yaradılması, meşə sahələrinin genişləndirilməsidir.

Bildiyimiz kimi, bəşər elmini düşündürən bir amil də tullantısı olmayan zavod yaratmaqdır. Məntiq etibarilə bu zavodu yaşıl yarpaqlı, geniş gövdəli, qollu-budaqlı ağaclara bənzətmək olar. Çünki istənilən yaşıl bitkinin son tullantısı kainata, bəşəriyyətə oksigen sintezidir. İqtisadi, mənəvi, ekoloji baxımdan bitkilərin, o cümlədən ağacların gündəlik həyatımızdakı rolu hər birimizə aydındır. Naxçıvan Muxtar Respublikasının kontinental iqlim şəraitində ağac əkmək, ona qulluq göstərmək və son nəticə olaraq ondan faydalanmaq çətin, məsuliyyətli və zəhmət tələb edən işdir. Təsəvvürümüzə gətirək ki, minbir əziyyətlə toxumacardan meyvə verən, kölgə salan, ekoloji baxımdan insanlara həmdəm olan ağaclara bizim nə qədər ehtiyacımız vardır. Buna görə də ağacların əkilməsində torpaq sahələrinin düzgün seçilməsi, müasir texnologiyaya cavab verəcək şəkildə becərmə işlərinin aparılması, bir sözlə, ağaclara və bitki aləminə qayğı göstərilməsi ən aktual məsələlərdən biridir.

Təbii ki, ağacların əkilməsində iki əsas amil mühüm rol oynayır. Bunlardan biri torpağın münbitliyidirsə, digəri suvarma sularından səmərəli istifadə olunmasıdır. Hamı­mıza məlumdur ki, istənilən növ əkinin aparılmasında əsas rol oynayan torpaqdır. Buna görə də ağac əkinindən əvvəl aqronomiya elminin də tələbləri əsasında torpaq sahələrinin seçilməsinə diqqət etmək lazımdır. İstər iqtisadi baxımdan fayda verəcək meyvə ağacları, istərsə də yaşıllıq, gözəllik baxımından olsun, istənilən ağac və ya gül kolu əkilərkən ərazinin yararlılığına, həmçinin ətrafdakı bitkilər aləminin növ tərkibinə diqqət etmək lazımdır. Məsələn, ərazidə cır meyvə ağacının bitməsi həmin yerdə bağ salmaq üçün əlverişli torpaq və münasib ekoloji şərait olduğunu göstərir. Ağac əkinində məhsuldar, qida maddələri ilə zəngin, rütubət tutumu yüksək olan, eyni zamanda hava və suyu normal keçirən torpaqlar daha münbit torpaqlar hesab olunur. Məlum həqiqətdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi və iştirakı, eyni zamanda tapşırıq və tövsiyələri əsasında muxtar respublikada ağac əkini geniş vüsət almış, ata-babalarımızın vurğuladığı kimi, ilanmələyən çöllər çox qısa bir müddətdə əsl gülzarlığa çevrilmişdir. Minbir zəhmət hesabına həyata keçirilən tədbirlərin nəticəsidir ki, hətta kənd təsərrüfatına az yararlı, qeyri-münbit torpaq sahələri belə, əkin dövriyyəsinə daxil edilərək ekoloji tarazlığın qorunub saxlanması təmin edilir.
Yaşıllıq sahələrinin yaradılmasında digər əsas iş əkinlərin suvarılmasıdır ki, bu da bitkilərin inkişafında mühüm rol oynayan amillərdən biridir. İnkarolunmaz həqiqətdir ki, əkilmiş bitkilərə yalnız yüksək səviyyədə qulluq göstərməklə müsbət nəticə əldə etmək olar. Burada əsas məqamlardan biri də odur ki, Naxçıvan Muxtar Respublikasının təbii şəraiti ölkəmizin digər regionlarından fərqlənir. Kəskin quru kontinental iqlimə malik regionumuzda qış fəsli çox sərt, yay fəsli isə yüksək temperatura malik istilərlə müşayiət olunur. Cari təsərrüfat ilinin başlanğıcından bu günədək yağıntının və atmosfer çöküntülərinin az olması isə, təbii ki, mövcud yaşıllıqlara öz təsirini göstərməkdədir. Yay aylarının olduqca isti keçməsi ərazilərimizdə bitki aləmi üçün, fauna, flora üçün əlverişsiz hava şəraitinin ən böyük amili hesab edilir. Aparılan müşahidələrin nəticələrinə istinad edərək vurğulamaq lazımdır ki, yaşıllıqlara aqrotexniki qulluq tədbirləri içərisində ən məsuliyyətli iş suvarma sularına olan təminatı yaratmaqdır. Suvarma ağacların normal böyüməsini və yüksək məhsul alınmasını təmin edən əsas aqrotexniki tədbirlərdən biridir. Suvarmanı tələbata uyğun aparmaq başlıca şərtlərdəndir. Buna görə də suvarmada diqqət edilməsi vacib olan bəzi məqamları oxucularımızla bölüşmək istəyirik.
Hər hansı torpaq tipi olur-olsun, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır. Ağır gilli torpaqlarda suyun dərin qatlara hopması (sızması) çətin, yüngül quruluşlu torpaqlarda isə asandır. Buna görə də səmərəli suvarma aparılması üçün torpağın tərkibi haqqında məlumatlı olmaq ilk şərtdir. Yadda saxlamaq lazımdır ki, dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır. Bu suvarma ağacların normal böyüməsini, güclü çətir əmələ gətirməsini təmin edə bilmir. Bunun nəticəsində ağacların üst budaqları qurumağa başlayır. Buna yol vermə­mək üçün yerli şəraitə uyğun və təcrübədən çıxarılmış suvarma üsullarına üstünlük vermək daha əhəmiyyətlidir. Hava şəraitinin əlverişsiz keçməsi, nisbi rütubət və yağıntının olmaması bitkilərdə dəyişkənlik hallarının üzə çıxmasına səbəb olur.
Təsəvvür edək ki, tələb olunan təlimatlara uyğun ağac əkmişik, bütün aqrotexniki qulluq qaydasında aparılır, ancaq ağacın yuxarı hissələrində budaqların quruması hallarına rast gəlinir və bu, getdikcə yayılır. Bu vaxt hansı tədbirlərin və bu tədbirlərin necə həyata keçirilməsi zəruridir?
Əvvəlcə qeyd edək ki, çətiri formalaşmamış, tam qol-budaq əmələ gətirməyən birillik və ya ikiillik ting­lərin gövdə ətrafına hər bir ting üçün azı 5 kiloqram küləş, yaxud quru ot dağıdılaraq bir bel boyu bellənərək mulçalama aparmaq lazımdır. Artıq bir neçə ildir ki, muxtar respublikamızda əksər əkin sahələri damcı üsulu ilə suvarılır. Bu üsulla suvarılma bizim regionun iqliminə uyğun olub, ən əlverişli suvarma üsuludur: ağacın kökləri daim nəm torpaqda qalır və bu, bitkinin isti hava şəraitində dözümlülüyünü artırır. Ancaq nəzərə alaq ki, bəzən bütün ağacları damcı üsulu ilə suvarmaq imkanı olmur. Əgər ağacın dibində bu cür rütubət yaratmaq mümkün deyilsə, bitkinin kök boğazından torpağa dəyən hissəsinə qədər süni örtük yaradılması daha məqbul hesab olunur. Bu örtük polietilen plyonka və digər sintetik materiallardan ibarət ola bilər. Örtüklər yaradıldıqda suvarma zamanı su örtük altından bitkilərə verilir. Günəş istiliyindən buxarlanma zamanı buxar şeh damlasına çevrilərək yenidən torpağa düşür. Beləliklə, gövdə ətrafında rütubət balansı qismən də olsa, nizamlanır. Çoxumuz bilirik ki, hər suvarmadan sonra ağacın dibindəki torpaq qatında çatlar əmələ gəlir. Yaxşı olar ki, hər suvarmadan sonra ağacların gövdə ətrafı üzdən bellənilərək əmələ gələn çatlar və qaysaq təbəqəsi dağıdılsın. Tədbir başa çatdırılan andan torpağın üzərinə çürümüş üzvi gübrə və ya nazik təbəqə halında quru torpaqla qum qarışığı verilsin. Bəzən sahələrdə axar su ehtiyatı olmadığı üçün ağaclar su çəni olan maşınlarla suvarılır. Əgər gətirilən su kəhrizlər və ya bulaqlardan, subartezian quyularından sərin halda tədarük olunursa, ağaca verməzdən əvvəl ən az 2 saat Günəş altında saxlanılıb ilıq hala gətirilməlidir. Bundan əlavə, suvarma sularından görkəmini dəyişən ağaclarda xəstəlik və zərərvericilərə qarşı kimyəvi mübarizə aparılması yolverilməzdir. Ağacların isti yay günlərində budanılaraq onlara forma verilməsi, gövdə ətrafında əmələ gələn əlavə budaqcıqları qoparıb zədələmək qətiyyən olmaz.
Sonda qeyd edək ki, hər hansı bir tədbiri həyata keçirərkən mütəxəssis məsləhətindən yararlanmaq faydalı olacaqdır.

Əsgər HƏSƏNOV
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR