İnformasiya cəmiyyəti anlayışı 1960-cı illərin əvvəllərində Yaponiyada sosial elmlərin tədrisində istifadə olunmağa başlayıb və artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının məcmusudur. İnformasiya proseslərinə isə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması.
İnformasiya cəmiyyəti, başqa sözlə desək, cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi və bütövlükdə, ictimai həyatın demokratikləşməsi deməkdir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron hökumət və sair) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi aiddir.
İnformasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə həm bəşəriyyətin qarşısında duran problemlərin həllinə nail olmaq, həm də cəmiyyətin inkişafını təmin etmək mümkündür. Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı məqsədilə nəzərəçarpacaq addımlar atılıb, ciddi dəstək və qayğı nəticəsində bir çox uğurlar əldə olunub, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanaların, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması dediklərimizə əyani sübutdur.