22 Dekabr 2024, Bazar

Çağdaş gedişat hərtərəfli inkişafın gələcəyinə nikbinlik yaratsa da, bu, bəşəriyyətin qlobal problemlərdən qurtulması anlamına gəlmir. Bu qlobal problemlərdən birincisi isə insanın özü-özünü xilas etməsidir. Bəşəriyyətin varolma səbəbi təbiətdir. Təbiətə vurulan zərbələrin də bəşəri dərd olması hamı üçün aydın olmalıdır. Bu gün qlobal problemlərə “qucaq açan” dünyamızda çağdaş gedişatı yaradan da, ona qeyri-iradi təslim olan da insandır. Məhz buna görə də təbiətin xilası insanlığın xilasıdır. Bu heç də müasir dünyanın inkişafına ritorik yanaşma deyil. Söhbət real dünyada ekologiyanın qorunmasından, ətraf mühitin sağlamlaşdırılmasından gedir.

Ekoloji problemlərin ciddi fəsadlara yol açacağı insanlar tərəfindən hər zaman etiraf olunsa da, bu məsələnin həllinə dünyada hələ də kifayət qədər ciddi yanaşılmır. Ekologiya məsələləri bəşəri xarakter daşıyır. Yalnız dünyanın ağıllı xalqları bu problemlərin həllinə müəyyən qədər töhfə verə bilirlər. Ancaq təbiətə belə töhfənin verilməsində ekologiya amilinə yanaşmanın da böyük təsiri var. Çünki ekologiya dedikdə, sadəcə, ağaclar, meşələr, yaşıllıqlar başa düşülmür. Ümumilikdə, torpaq, su, Günəş, yaşıllıqlar, canlılar və sairin vəhdəti (inkişafı) nəzərdə tutulur. Buna görə də ətraf mühitin qorunmasında insanlarda ekoloji təfəkkürün düzgün formalaşdırılması mühüm şərtdir. Elmi ədəbiyyatda daha çox “ekoloji şüur” kimi istifadə olunan bu termin ictimai və fərdi şüurun təbiətə münasibətdə etik davranış xüsusiyyətlərini özündə əks etdirir.

Bu kontekstdə ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanda ekoloji şüur və mədəniyyətin əsaslı şəkildə inkişaf etdirilməsi baxımından söylədiyi fikirlər iqtisadi-siyasi strategiya aspektindən çox əhəmiyyətlidir: “Biz ciddi ekoloji tədbirlər görürük. İlk növbədə, ona görə ki, ekoloji vəziyyətin yaxşı olma­ması insanlara mənfi təsir göstərməsin. Təmiz hava, təmiz su, təmiz ətraf mühit – biz bütün bunları ona görə edirik ki, insanların sağlamlığını qoruyaq. Yəni bu sahəyə ciddi diqqət göstərilməlidir”. Bu fikir yüksək səviyyədə elmi təhlilə ehtiyac duyulan vacib tezislərdəndir və müasir ekoetikanın inkişafına böyük təsir göstərmiş amerikalı alim Aldo Leopoldun “torpaq etikası” tezisləri çərçivəsində təhlil oluna bilər. Belə ki, Leopoldun torpaq etikası anlayışında torpağa sırf ərazi deyil, insan, bitki və heyvanların həyat tsiklini davam etdirməyə imkan verən enerji mənbəyi kimi yanaşılır. Ümumilikdə, yuxarıda deyilən tezislərə belə yanaşma ortaya qoymaq olar ki, ekoloji təfəkkür insanın ətraf mühitdən asılılığının dərkidir.
İndi isə bu təfəkkürə istinad edərək muxtar respublikada həyata keçirilən ekoloji siyasətin mahiyyətinə varmağa çalışaq. Kəskin kontinental iqlimə malik regionun onsuz da az örtüyə malik yaşıllıqlarının sahəsi ötən əsrin sonlarında məlum səbəblərə görə daha da azalmış, muxtar respublika ərazisinin 0,6 faizinə bərabər olmuşdu. Ötən dövr ərzində bu sahədə həyata keçirilən tədbirlər yaşıllıqların 10 faizdən çox artırılmasına gətirib çıxarmışdır. Nəzərə alaq ki, yeni yaşıllıqların, meşə massivlərinin salınması praktik baxımdan ən böyük texniki layihələrin həyata keçirilməsindən daha çətindir. Çünki istənilən layihəni yerinə yetirmək üçün əgər maliyyə imkanları varsa, müəyyən müddətdə başa çatdırmaq mümkündür. Yaşıllıq sahələrinin yaradılmasına isə təkcə maliyyə kifayət etmir, zəhmətkeşlik, qayğı, səbir, təbii təsirlərdən qorumaq kimi vasitələr önə keçir. Məsələnin digər tərəfi isə ondan ibarətdir ki, bu tədbirlərin həyata keçirilməsində inzibati metodlardan istifadəyə yer verilmir. Muxtar respublika rəhbərinin ağac əkini kampaniyalarında şəxsi nümunə göstərməsi, ümumiyyətlə isə ekoloji tədbirlərdə yaxından iştirak etməsi regionda ekoloji mədəniyyətin formalaşmasına mühüm təsir göstərmişdir. Bu ekoloji mədəniyyət insanların düşüncəsində təkcə ağac əkmək, onlara qulluq etməklə məhdudlaşmır. Naxçıvanın çox təmiz şəhər olmasını indi kiməsə sübut etməyə ehtiyac yoxdur. Bunu yerli əhali də, bura yolu düşən qonaqlar da etiraf edirlər. İndi Naxçıvan insanının şüuraltında şəhəri çirkləndirməmək üçün, sözün müsbət mənasında, mühafizəkar düşüncə də formalaşmışdır.
Naxçıvan Muxtar Respublikasında son illərdə tarixi-mədəni abidələrimiz olan kəhrizlərin təmiri, yeni su ehtiyatlarının yaradılması, içməli su və kanalizasiya xətlərinin yenilənməsi, məişət tullantılarının toplanması üçün bütün yaşayış məntəqələrində müvafiq qutuların qoyulması və onların vaxtaşırı daşınması, fauna və flora növlərinin qorunması, tikilən və ya yenidən qurulan hər bir obyektin ətrafında yaşıllıq və ya gülkarlıq sahələrinin yaradılması, əkin sahələrinin dövriyyəsinin artırılması, yeni suvarma xətlərinin çəkilməsi, yeni yolların salınması ilk baxışda sosial-iqtisadi tədbirlər kimi görünsə də, mahiyyətində ətraf mühitin qorunması, insanların rahat yaşaması üçün sağlam şəraitin yaradılması durur. Hələ mən burada bölgələrimizin əkin atlaslarının hazırlanması və əraziyə görə müvafiq əkinlərin həyata keçirilməsindən, torpaqların münbitliyinin artırılması üçün mütərəqqi ideyaların tətbiqindən, yerli meyvə-tərəvəz bitkilərinin arealının artırılmasından və ümumilikdə, həm kənd təsərrüfatı, həm də ekologiya sahəsində indiyədək qəbul edilmiş çoxsaylı dövlət proqramlarının icrasından danışmıram. Qeyd etdiyimiz kimi, bu sahələr müəyyən mənada bir-birindən fərqlənsə də, ümumi olaraq ətraf mühitin qorunmasına, ekologiyanın sabitliyinə təminat yaradır.
Ekoloji böhranı, təbii ki, insan yaradır. Bu problemlərin də qarşısını yalnız insan ala bilər. Nəzərdən qaçırmayaq ki, istənilən iqtisadi böhrandan sərəncam, dövlət pro­qramı və ya müxtəlif ölkələrin yardımı ilə çıxmaq olar, ekoloji böhrandan isə yox. Buna görə də inkişaf etmiş ölkələrdə bu parametrlər daha çox diqqətə alınır. Bəlkə də, bu gün çoxları Nyu-York şəhəri tikiləndə şəhərin mərkəzində 340 hektar ərazinin yaşıllıqlardan ötrü park sahəsi üçün ayrıldığını, 1306-cı ildə bir London sakininin küçədə adi kömür yandırdığına və bunun da nəticəsində havanı çirkləndirdiyinə görə şəhər hakimiyyəti tərəfindən edam edilməsini, İkinci Dünya müharibəsindən sonra ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif dünya ölkələri arasında 250-dən artıq beynəlxalq müqavilə imzalandığını bilmir. Ancaq bilinən odur ki, indiki bəşəriyyət təbiətə qarşı daha amansızdır. Təbiət indi mahnılarda, poeziyada daha çox vəsf edilir. İndi təbiətə səcdə lazımdır... Onun torpağına, ağacına, suyuna... Bu, bütpərəstlik deyil... İnsan olduğumuzu dərk etməkdir!

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR