Təbiətin oyanış fəsli baharın müjdəçisi olan Novruz bayramı xalqımız tərəfindən hər il böyük ruh yüksəkliyi ilə qarşılanmaqda, bayram adətləri yaşadılmaqdadır. Milli varlığımızı və ulu babalarımızın mənəvi aləminin zənginliyini bütün incəlikləri ilə əks etdirən Novruzun əsas atributlarından biri də bayram süfrəsidir. Martın 14-dən başlayaraq Naxçıvan şəhərindəki Mərkəzi bazarda ənənəvi bayram yarmarkasının təşkilində əsas məqsəd süfrələrimizdə əsl bayram bolluğu yaratmaqdır.
Şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə keçirilən bayram yarmarkasına martın 15-də 57 sahibkarlıq subyekti tərəfindən 109 növdə, 321 çeşiddə məhsul çıxarılmışdı. Yarmarkada səliqə-sahman, fermerlərə və digər torpaq mülkiyyətçilərinə, eyni zamanda buraya bazarlığa gələn paytaxt sakinlərinə əlverişli şəraitin yaradılması diqqəti daha çox cəlb edirdi. Yarmarkaya gələnlər yerli tərəvəz və meyvə məhsullarını həvəslə alırdılar. Yerli fermerlər yarmarkaya mal və qoyun əti, ağartı gətirmişdilər. Məhsullar mağazalardakından 15-20 faiz ucuz qiymətə təklif olunurdu. Səhər saatlarından yarmarkada əhali sıxlığı yaranmış, saat 1130-da yarmarkaya daxil olan məhsulların 85 faizindən çoxu satılmış, alıcılar bayram səbətini doldurmuşdular.
Alıcılardan biri, şəhər sakini, təqaüçü-müəllim Zahirə Cəfərova ilə elə piştaxta önündəcə həmsöhbət olduq. O dedi ki, ötən illə müqayisədə qiymətlərdə artım yoxdur. Bazarda təklifi artırmaqla və tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olunub. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun olaraq formalaşıb. Ona görə də bir çoxları kimi, mən də evdə apardığım hesabla və nəzərdə tutduğum qiymətlərə görə çətinlik çəkmədən bayram bazarlığını etdim. Yarmarkanın təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm.
Yarmarkaya Ordubad rayonunun Əndəmic kəndindən çeşid-çeşid məhsullarla – alma, armud, alana, sucuq, ərik qurusu, tut qurusu, cəviz, fındıq, mürəbbə və süfrələrin bəzəyi sayılacaq digər nemətlərlə gələn Mərdan Rüstəmov burada kənd zəhmətkeşləri üçün əlverişli şəraitin yaradıldığını bildirir və deyir ki, bayram yaxınlaşanda kəndlinin bazara çıxarmağa məhsulu yoxdursa, demək, o, bayramaqədərki müddətdə tənbəllik edib. Çünki yazda, yayda, payızda toplanan məhsulun bir qismini istənilən adam Novruz azuqəsinə çevirə bilər və bu azuqəni bayramda yarmarkaya çıxararaq yaxşı gəlir əldə edər. Kənddən gələn istənilən məhsula şəhər sakinləri tərəfindən maraq böyükdür və bu məhsul qısa zamanda alınır.
Əliylə piştaxtada səliqəylə yan-yana düzülmüş kəhrəba kimi sucuqları göstərən müsahibim deyir ki, cəviz ləpəsi, doşab və undan hazırlanan bu məhsula yarmarkada maraq böyükdür və bunu hazırlamaq o qədər də çətin deyil. Gördüyünüz kimi, bu məhsuldan yalnız mən gətirmişəm və yaxşı da qazanc əldə etmişəm. “Yarmarkaya çıxarmağa heç nəyim yoxdur”, – deyən kənd sakinlərinə də qəzetiniz vasitəsilə üzümü tutub deyirəm ki, kənddə hazırlanan hər hansı bir məhsul belə yarmarkalarda tez satılır. Əgər istəyiriksə ki, maddi cəhətdən təmin olunaq, istehlakçılara məhsulu birinci əldən çatdıraq, o zaman tənbəllik etməməli, ana torpağın bizə verdiyinin az-çoxuna baxmamalı, ruhdan düşməməliyik.
Məlumat üçün bildirək ki, sonuncu bayram yarmarkası martın 19-da təşkil ediləcək
Səbuhi Hüseynov