22 Dekabr 2024, Bazar

İnformasiya cəmiyyəti anlayışı 1960-cı illərin əvvəllərində Yaponiyada sosial elmlərin tədrisində istifadə olunmağa başlayıb və artıq 50 ildən çoxdur ki, elmi-nəzəri tədqiqat obyektinə çevrilib. Cəmiyyətin inkişaf tarixində üçüncü qlobal sosial-texniki inqilab kimi qeyd olunan müasir informasiya-kommunikasiya texnologiyaları (İKT) informasiyanın əldə edilməsi, emalı, saxlanması və ötürülməsi məqsədilə proqram-texniki vəsaitlərin, istehsalat proseslərinin və metodlarının məcmusudur. İnformasiya proseslərinə isə aiddir: informasiyanın axtarışı, seçimi, yaradılması, saxlanması, ötürülməsi, kodlaşdırılması, emalı və qorunması.

İnformasiya cəmiyyəti, başqa sözlə desək, cəmiyyətin informasiyalaşdırılması ölkənin intellektual potensialından səmərəli istifadə edərək hərtərəfli inkişafın təmin edilməsi, korrupsiya ilə mübarizə, yoxsulluq və işsizliyin aradan qaldırılması, cəmiyyətdə aşkarlıq və şəffaflığın bərqərar edilməsi və bütövlükdə, ictimai həyatın demokratikləşməsi deməkdir. Azərbaycanda informasiyalaşmış cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial və iqtisadi fəaliyyətin yeni formalarının (məsafədən təhsilalma, elektron ticarət, tele iş, elektron hökumət və sair) meydana gəlməsi, informasiya və bilik bazarının yaradılması, müxtəlif səviyyədə informasiya mübadiləsi sistemlərinin inkişafı, vətəndaş və təşkilatların istənilən məlumatı almaq, onu yaymaq və ondan istifadə etmək kimi hüquqlarının tam təmin edilməsi aiddir.
İnformasiya bolluğunun yaradılması və bu prosesin köməyi ilə həm bəşəriyyətin qarşısında duran problemlərin həllinə nail olmaq, həm də cəmiyyətin inkişafını təmin etmək mümkündür. Yəni informasiya cəmiyyəti elə bir cəmiyyətdir ki, burada əhalinin böyük hissəsi müasir informasiya texnologiyalarından istifadə etməklə informasiyanın, ən əsası isə onun ali forması olan biliyin istehsalı, saxlanması, emalı və ötürülməsi ilə məşğul olur. Son dövrlərdə Naxçıvan Muxtar Respublikasında informasiya texnologiyalarının kütləviləşməsi, bu sahənin inkişafı məqsədilə nəzərəçarpacaq addımlar atılıb, ciddi dəstək və qayğı nəticəsində bir çox uğurlar əldə olunub, informasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni mərhələyə qədəm qoyub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində, Naxçıvan Muxtar Respublika Kitabxanasında, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Universitetində və Gənclər Mərkəzində elektron kitabxanaların, eləcə də Naxçıvan Regional İnformasiya Mərkəzində məhdud fiziki imkanlılar üçün audio və elektron kitabxana xidmətinin yaradılması dediklərimizə əyani sübutdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov gənclərin informasiya-kommunikasiya texnologiyalarından istifadəsi ilə bağlı demişdir: “Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi işinin və informasiya mübadiləsinin çevik forması olan sosial şəbəkələrin getdik­cə genişlənməsi gənclər qarşısın­­da əlavə fəaliyyət sahəsi açmışdır. Bizim üçün xoşdur ki, muxtar respublika gəncləri bu sahəyə nüfuz etməyi bacarmış, sosial şəbəkələrdə fəallığı xeyli artırmışlar. Gənclərimiz sosial şəbəkələrdən, əsasən, təbliğat vasitəsi kimi istifadəyə üstünlük verir, öz təcrübə və biliyini səmərəli informasiya mübadiləsinə yönəldir, internet resurslarında ölkə­miz, eləcə də muxtar respublikamız haqqında obyektiv və zəngin məlumat bazası yaratmağa çalışırlar”.

Bəli, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi hər bir ölkə­nin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir və bu prosesin zəruriliyi indiki qloballaşma dövründə daha çox hiss olunur. Bu texnologiyaların sürətli inkişafı və yayılması bəşəriyyətin inkişafı üçün geniş imkanlar yaradır. Son zamanlar ölkəmizdə dövlət orqanları, biznes qurumları və vətəndaşların qarşılıqlı fəaliyyətlərində İKT-nin imkanlarından geniş şəkildə istifadə olunur. Mühüm idarəetmə strukturları və xüsusi dövlət xidmətləri göstərən qurumlar olan dövlət orqanları şəbəkəsində inzibati idarəetmənin səmərəliliyini yüksəldən, ictimai prosesləri tənzimləyən, büdcə vəsaitlərini səmərəli məsrəf edən və dövlət aparatı xərclərini azaldan bir sistem kimi İKT-nin əhəmiyyəti böyükdür. Cəmiyyətin informasiyalaşdırılması prosesi sənaye cəmiyyətinin informasiya cəmiyyətinə keçməsini də təmin edir. Bu proses cəmiyyətin hər bir üzvünə öz tələbatına uyğun informasiya almaq imkanı verir. Son dövrlərə kimi “informasiyalaşdırma” sözü əvəzinə “kompüterləşdirmə” sözündən istifadə olunurdu. Lakin “kompüterləşdirmə” sözünün mənası kompüter texnikasının inkişafı və tətbiqi deməkdir. Cəmiyyətin informasiyalaşdırılması isə kompüterləşdirməyə nisbətən daha geniş anlayışdır. Belə ki, bu gün texniki vasitələr deyil, sosial-texniki prosesin məqsəd və mahiyyəti daha önəmlidir. Cəmiyyətin informasiyalaşdırılmasının əsas məqsədi aşağıdakılardır:
- informasiyalaşdırma prosesinin humanistləşdirilməsi;
- şüurun inkişafını məişət inkişafından çox qabağa aparmaq;
- maddi və əmək ehtiyatlarına qənaət etmək;
- insan sivilizasiyasının davamı, inkişafı üçün baş verə biləcək fəlakətlərin qarşısını almaq;
- hər bir insanın vahid informasiya fəzasına daxil olub cəmiyyətin və özünün inkişafı üçün bu ehtiyatlardan istifadə etməsinə şərait yaratmaq.

Pulun informasiya-kredit kartları, pul banklarının informasiya bankları ilə əvəz edilməsi cəmiyyətdə oğurluğun və neqativ halların qarşısını tamamilə alır. İnformasiyalaşdırma elmin bütün sahələrinin – astronomiyanın, kimyanın, biologiyanın, tibbin, sosiologiyanın, texnikanın, hüquqi sahələrin inkişafına böyük təsir göstərir və cəmiyyətin inkişafında əsas qüvvə rolunu oynamaqla onun təhlükəsizliyində də böyük əhəmiyyət daşıyır.
Cəmiyyətin informasiyalaşması həm də elektron ödəmələrdə fəallıq nümayiş edilməsi ilə ölçülür. Bu gün ölkəmizdə, eləcə də doğma Naxçıvanımızda informasiya cəmiyyətinin bu cəhətinin kütləviləşməsinə xüsusilə diqqət göstərilir. Bunun üçün muxtar respublikada “elektron hökumət” portalı fəaliyyətə başlayıb. Bu fəaliyyətin xidmətlərindən istifadə etməklə informasiya cəmiyyətinin formalaşdırılmasına töhfələr vermiş olarıq.
İKT dövrün tələbidir, bu yolla ölkəmizi müasir dünyada daha yaxşı təmsil etmək imkanı əldə edə bilərik. Bunun üçün gəlin birlikdə çalışaq, informasiyalaşaq...

 Nərgiz İsmayılova

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR