Sual: Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi qanunvericiliklə necə tənzimlənir?
Cavab: Azərbaycan Respublikasının Ailə Məcəlləsinə 17 oktyabr 2014-cü il tarixli qanunla edilmiş əlavə və dəyişikliklərə əsasən, yanvar ayının 1-dən nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər. Belə ki, Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və Ailə Məcəlləsinə uyğun olaraq, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların müvafiq icra hakimiyyəti orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur. Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.
Nikah müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, Ailə Məcəlləsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanır. Həmçinin nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, Ailə Məcəlləsinə uyğun olaraq, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. Tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında nikahın bağlanmasına yol verilmir. Nikaha daxil olmağı arzu edənlər nikaha daxil olanlardan və ya onların valideynlərindən birinin seçdiyi hər hansı bir müvafiq icra hakimiyyəti orqanına bu barədə şəxsən yazılı ərizə verirlər. Nikaha daxil olmaq barədə ərizəyə Ailə Məcəlləsinə uyğun olaraq, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış da əlavə olunur.
Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə hüquqları pozulmuş şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə bağlanan nikah (saxta nikah) etibarsız sayılır və digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər. Nikah məhkəmə qaydasında etibarsız sayılır. Etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır.
Naxçıvan Muxtar Respublikası
Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsi