22 Dekabr 2024, Bazar

Şəhərimizdə bir ünvan var: adına “Böyük bağ” deyirlər. Naxçıvan şəhərində böyüklü-kiçikli elə bir adam tapılmaz ki, buranı tanımasın. Əsasən, kiçik və orta şəhərlərə xas “ünvanı təyinetmə” prinsipi kimi bu ərazinin “kompas” rolu oynaması indiyədək xalqın, daha doğrusu, şəhər əhalisinin yaddaşında qalmaqdadır. Məsələn, “Böyük bağın yanı”, “Böyük bağın aşağısı” və sair kimi ifadələr hələ də şəhər sakinlərinin dilində işlək olmaqla gediləcək yerin bağa görə hansı səmtdə yerləşməsini təyin edib. 

Böyük bağ haqqında mənbələrdə elə də səhih məlumatlar yoxdur. Ancaq deyilənə görə, bağ çar Rusiyası dövründə şəhərdə fəaliyyət göstərən qubernator tərəfindən salınıb. Nisbətən həndəsi trapesiyaya oxşarlığı ilə diqqətçəkən bu ərazi şəhərin qərb hissəsində yerləşir. Xülasə, bilinən odur ki, hətta indiki ən yaşlı sakinlər belə, necə deyərlər, gözünü açandan buranı belə görüblər. Bu isə onu deməyə əsas verir ki, Böyük bağ Naxçıvanın muxtariyyət dövrünə şahidlik etmiş tarixi-ekoloji abidələrindən biridir. Yox, söhbətimizin mövzusu heç də muxtariyyətlə bağlı deyil, sadəcə olaraq, Naxçıvan şəhərində hələ də öz gözəlliyi və hər iki əsrə şahidlik edən, qoca ağacları ilə sakinlərin əsl istirahət məkanına çevrilən bağın keçmişinə və bu gününə nəzər salmaq istədik. Böyük xatirələri bu kiçik yazıya sığışdırmaq xatirinə olsa da...

Qeyd etdiyimiz kimi, Böyük bağ haqqında tarixi mənbələrdə dəqiq məlumatlar olmadığına görə, yazımızı da, əsasən, yaşlı sakinlərin xatirələri əsasında ərsəyə gətirməyə çalışacağıq. Sovetlər Birliyi dövründə “proletariatın dahi rəhbəri”nin adına hər bir şəhərdə mədəniyyət və istirahət parkları olduğu kimi, Naxçıvan şəhərində də bu “missiyanı” Böyük bağ daşıyıb. Ötən əsrin 50-ci illərində, hətta ondan da əvvəl bura “V.İ.Lenin adına Mədəniyyət və İstirahət Parkı” adı qoyulsa da, sakinlər buranı həmişə “Böyük bağ” adlandırıb, onu bu adla tanıyıblar. Qocaman jurnalist, Naxçıvan mətbuatının ağsaqqallarından biri olan Səxavət Kəngərli deyir ki, II Dünya müharibəsi dövründə Naxçıvan Dövlət Dram Teatrı bu bağda fəaliyyət göstərirdi. Müharibədən sonra buradakı teatr binasında güclü yanğın olur və bina tamamilə yararsız vəziyyətə düşür. 1964-cü ildə teatr indi fəaliyyət göstərdiyi yerə köçürülür. Səxavət müəllim bildirir ki, vaxtilə bağda hündürlüyü 70 metrə çatan qüllə olub. Şəhərin həyəcan və risk sevən gəncləri bu qülləyə çıxaraq oradan paraşütlə tullanırdılar. 1941-ci ildə bir axşamüstü bağda böyük bir partlayış oldu. Şəhər əhalisi bərk təşvişə düşmüşdü. Bir çoxları kimi, biz də yaşıdlarımızla qaçaraq bağa gəldik və mənzərəni uzaqdan seyr etməyə başladıq. Məlum oldu ki, bağdakı qülləni partladırlar. Birinci partlayışdan sonra qüllə əyilsə də, tam yıxılmamışdı. İkinci partlayış isə qüllənin mövcudluğuna son qoydu. Həmsöhbətim qeyd edir ki, müharibədən sonrakı illərdə burada heç bir şərait olmasa da, biz gənclər yenə də bağa gəlirdik. O zaman bağda qalan yeganə istirahət obyekti Naxçıvan Dövlət Filarmoniyasının binası idi. Hər kəs bura mədəniyyət sarayı deyirdi. Müharibədən sonra bütün təntənəli yığıncaqlar, ziyafətlər, rəsmi tədbirlər bu sarayda keçirilirdi. Əyləncə üçün isə, sadəcə, bir bilyard və bir şahmat stolu vardı. 1948-ci ildə burada nəfəsli orkestr təşkil olundu.
Səxavət müəllim yaddaşına bağla əlaqədar həkk olunmuş bir xatirəni də danışır: “1949-cu ildə Naxçıvan MSSR-in 25 illik yubileyinin keçirilməsi ilə bağlı hazırlıq işləri görülürdü. Yubiley yığıncağını keçirmək üçün mədəniyyət sarayının yanında yay estradası tikilirdi. Ərazidə torpaq işləri aparan zaman, təxminən, bir metr dərinlikdə sal daşın altından üç insan skeleti tapıldı. Ancaq ən maraqlısı bu idi ki, sümüklərə toxunan zaman onlar qum kimi ovulmağa başladı. Sümüyün ovulması prosesinin torpağın altında 3-4 min ildən sonra baş verməsini söyləyən mütəxəssislər Naxçıvanın qədim insan məskəni olduğuna bir daha şahid oldular”.
...Böyük bağ tarixin bütün dövrlərində şəhər sakinlərinin istirahət məkanı olub. Adil Musayev adlı sakin yaşının bütün dövrlərində bu bağa mütəmadi gəldiyini bildirir: “78 yaşım var, şəhərdə doğulmuşam. Sovet dövründə tikintidə sürücü işləmişəm. O zaman da işdən çıxdıqdan sonra yoldaşlarımızla bura gəlib bir çay içməmiş evə getmirdik. Bu sanki vərdiş halını almışdı. Həm də işdən sonra bütün yorğunluğumuz elə bil ki, bu bağda çıxırdı. Burada çox xatirələrimiz olub. Cavan vaxtı idmana böyük maraq göstərirdim. Ancaq o zaman indiki kimi şəraitli yerlər yox idi. Yadımdadır, 12-13 yaşım olardı. Burada voleybol, basketbol oynamaq üçün yerlər düzəldilmişdi. Bizdən böyüklər gəlib burada oynayanda onlara maraqla baxırdıq. Bəzən onlardan biri oyunu tərk edəndə mənə də oynamaq fürsəti qismət olurdu. Çünki yaşıdlarıma görə mənim boyum daha uca idi. Bağa gələnlər də çox idi. Bir də görürdün, xəbər yayılırdı ki, Bakıdan hansısa tanınmış bir müğənni gəlib, konsert olacaq. O zaman bütün şəhər əhli bağa konsertə baxmağa gəlirdi. Bir də görürdün, xanəndələr gəlib, sərin ağacların altında oxuyurlar, hamı da diqqətlə qulaq asırdı. Mahnı qurtaran kimi böyük alqış sədaları qopurdu. Oğul, gördüyün bu bağ çox belə konsertlərə, idmançıların oyununa şahidlik edib”.
Ancaq Adil dayı bağın “xoş olmayan günləri” olduğunu da deməyi unutmadı: “90-cı illərdə vəziyyət çox ağır idi. Camaatın gününün çoxu çörək növbələrində keçirdi. İşığın, qazın olmadığı o zamanlar bağın da ağaclarından bir neçəsi kəsilmişdi. Ancaq bura (əli ilə ətrafı göstərir) göz qabağı olduğundan o qədər də çox kəsə bilməmişdilər. Şəxsən mənə əsas təsir edən o idi ki, mən gözümü açıb o ağacları elə uca görmüşdüm”.
Valeh Hətəmov bağın, necə deyərlər, daimi sakinlərindən biri olduğunu deyir: “Mənim gəncliyimin çox hissəsi burada keçib, indi təqaüdçüyəm, bağa tez-tez gəlirəm. Əslində, bir müddətdir ki, hava soyuqdur deyə gəlmirdim. Ancaq bu gün, deyəsən, yaxşıdır. Yay zamanı, demək olar ki, hər gün bura gəlirik, yoldaşlarımızla çay içib söhbət edirik”.
81 yaşlı Valeh dayı buranı seçməyinin səbəbini özünəməxsus dillə belə izah edir: “Böyük bağ bizim daim söhbətləşdiyimiz, dərd-sərimizi paylaşdığımız yerdir. Üç yoldaşıq, (əli ilə Adil Musayevi göstərir) ancaq biri bu gün gəlməyib. Bizim heç birimizin əl telefonu (mobil telefon) yoxdur. Bağa gəlmək üçün müəyyən vaxtımız var ki, o saatda bura gəlirik. Mən yeniyetmə dövrümdən bura gəlib-gedirəm. Adil doğru dedi, o zaman burada indiki kimi şərait yox idi. Yadıma gəlir, Əliabadda qaldığımız zamanlar tez-tez uşaqlıq dostlarımızla bura gəlirdik. Bir də görürdün, əvvəlcədən şəhərin digər məhəllələrindən olan uşaqlarla razılaşırdıq ki, bu gün bağda güləşmə olacaq. “Əlixan”, “Xoşulu” və digər məhəllələrdən gələn yaşıdlarımızla güləşirdik. Digər məhəllə uşaqları ilə sözümüz çəp gələndə də bağa üz tuturduq. “Söhbətimizi” bitirəndən sonra hərə öz evinə dağılışırdı. Ancaq bu sirr elə bağın özündə qalırdı. Böyüklərin bu işdən xəbər tutması yaşıdlarımız arasında yaxşı qarşılanmırdı...”
Hər iki müsahibimizlə bağda çay içə-içə xeyli söhbət edirik. Maraqlı burasıdır ki, indi bu cür “ənənələrin” olmamasını da həmsöhbətlərim onunla əlaqələndirirlər ki, o zamanlar yeniyetmələrin, gənclərin asudə vaxtlarını dəyərləndirəcək indiki imkanlar yox idi. İndi şəhərimizin hansı guşəsinə getsək, gənclərlə bağlı nə qədər layihələrin həyata keçirildiyinin şahidi olarıq. Elə söhbət açdığımız Böyük bağda da müasir Çay evinin, Əyləncə Mərkəzinin fəaliyyəti dediklərimizin sübutudur.


İndi Böyük bağ şəhər sakinlərinin rahatlıq tapdığı, şirin-şirin söhbətləşdiyi, əyləndiyi, istirahət etdiyi bir məkandır. Bu məkanda yaşlıların da, gənclərin də öz yeri var. Bir azdan havalar daha da isinəcək, bağa yolu düşənlərin sayı çoxalacaq. Böyük bağ sakinləri qoynuna almaq üçün yenidən qollarını açacaq, onların istirahətlərini təmin edəcək. Beləcə, bağın qoynunda yeni xatirələr yaranacaq. Bu xatirələri gələcək nəslə məhz Böyük bağ daşıyacaq...

 Səbuhi Həsənov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR