22 Dekabr 2024, Bazar

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu hər bir vətəndaşın bu sahədə hüquqlarının müdafiəsi üzrə əsas normativ-hüquqi aktlardan biridir. Bu qanundan irəli gələn vəzifələri yerinə yetirmək üçün muxtar respublikada müntəzəm olaraq ticarət obyektlərində və qapalı müəssisələrdə keyfiyyətsiz, mənşəyi məlum olmayan məhsulların satışdan çıxarılmasını təmin etmək üçün Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi öz səlahiyyətləri çərçivəsində davamlı olaraq monitorinqlər həyata keçirir. 

Məqsəd ondan ibarətdir ki, saxlama müddəti bitmiş, mənşəyi bəlli olmayan məhsulların satılmasının qarşısı alınsın. Lakin təəssüflə qeyd etmək lazımdır ki, hərtərəfli dövlət dəstəyinin qarşısında bəzi ticarət obyektləri üzərlərinə düşən vəzifələri lazımınca yerinə yetirmirlər. Hələ də bir qrup təsərrüfat subyektləri istehsal və idxal etdikləri məhsulların saxlama müddətini saxtalaşdırmaq yolu ilə öz qazanclarının artırılmasına meyil edirlər.

Naxçıvan Muxtar Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirdilər ki, bununla bağlı komitə tərəfindən əhalinin bu istiqamətdə maarifləndirilməsi üçün müntəzəm tədbirlər keçirilir. Bu işdə vətəndaşlar da fəal olmalı, sahibkarlıq subyektlərində müşahidə olunan bəzi nöqsanlara qarşı mübarizə aparmalıdırlar. Qeyd edək ki, muxtar respublikanın bütün rayonlarında komitənin işçi qrupları fəaliyyət göstərir və eyni zamanda komitədə 545-45-09 nömrəli qaynar xətt mövcuddur.

Ticarət şəbəkələrində satılan vaxtı keçmiş məhsulların içərisində azyaşlı məktəblilərin də aldıqları məhsullar var. Ticarət müəssisələrindən hər hansı məhsul aldıqda mütləq onun etiketindəki məlumatları oxumaq, uşaqların aldığı mallara, onların yararlılıq müddətlərinə diqqət yetirmək vacibdir.
Vaxtı keçmiş məhsulların içərisində üstünlük təşkil edən digər qrup məhsullar isə yuyucu vasitələr, ətriyyat, saç boyaları və kosmetik məhsullardır. Bəzən istehlakçılar arasında bu məhsulların yararlılıq müddətinə çox da diqqət yetirilmir. Onsuz da tərkibi kimyəvi maddələrdən ibarət olan bu məhsulların yararlılıq müddəti keçdikdə onların istifadəsi dəridə və saçda müxtəlif xəstəliklərə gətirib çıxarır.
Komitədən onu da bildirdilər ki, muxtar respublika ərazisində yerləşən ticarət obyektlərində 2014-cü ildə keçirilən monitorinqlər zamanı standartların tələblərinə uyğun olmayan 57039 manat dəyərində məhsul satışdan çıxarılaraq götürülüb. Gözləmək olardı ki, bu monitorinq­lərdən sonra muxtar respublikanın ticarət obyektlərində vaxtı keçmiş, mənşəyi bəlli olmayan məhsullar olmayacaq. Ancaq cari ilin yanvar ayında aparılan monitorinq nəticəsində ticarət obyektlərindən saxlama müddəti sona çatmış 1129,4 manatlıq ərzaq və 443,9 manatlıq qeyri-ərzaq malları aşkarlanaraq satışdan çıxarılıb. Aparılan monitorinqlər zamanı diqqət yetirilən sahələrdən biri məktəbli ləvazimatları olub. Məlum olub ki, bu sahədə də keyfiyyətsiz və mənşəyi məlum olmayan, məktəblilər, xüsusən də azyaşlı məktəblilər üçün gigiyenik cəhətdən uyğun olmayan məhsullar mövcuddur. Təkcə yanvar ayı ərzində 7 adda 1298,8 manatlıq məktəbli ləvazimatları satışdan götürülüb, bunlardan 4 adda 1037,5 manat dəyərində məhsulların Bakı şəhərinə idxalçı müəssisəyə geri göndərilməsi təmin edilib.
Keyfiyyətsiz, mənşəyi məlum olmayan məhsullara qarşı mübarizə tədbirləri bundan sonra da ciddi şəkildə davam etdiriləcəkdir.

 Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR