22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında sabit telefon şəbəkəsinin yeni nəsil telekommunikasiya sisteminə keçirilməsi tədbirləri uğurla həyata keçirilir. Optik şəbəkənin genişləndirilməsi evlərə optik kabelin çəkilməsinə imkan verir.

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyindən verilən məlumata görə, muxtar respublikada istismar olunan avtomat telefon stansiyalarının 94 faizi optik arabağlantılarla təmin olunub. Bu tədbirlərin həyata keçirilməsində “Evədək optika” layihəsinin icrası xüsusi əhəmiyyət kəsb edir.

Layihə GPON (Gigabit Passive Optical Network) avadanlığı vasitəsilə reallaşdırılır. GPON avadanlıqlarının abunəçi şəbəkəsinə tətbiqi bir optik lif vasitəsilə telefon, yüksəksürətli internet, videotelefon və IP televiziya adlanan rəqəmsal televiziya xidmətinin yüksək keyfiyyətlə istifadəçiyə çatdırılmasını təmin edir. Avadanlığın tətbiqi mövcud şəbəkə infrastrukturunun veriliş məsafəsini, buraxılış qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq. Nəticə etibarilə, optik lifli kabeli birbaşa abunəçinin evinə çəkmək və beləliklə, ona mis məftilin imkanlarından 100 dəfə yüksək olan 2,5 Gbit/s-lik buraxma zolağı təqdim etmək mümkündür. GPON avadanlığı ilə bir binaya gələn tək bir optik xətt splitterlər (ayırıcılar) vasitəsilə 256 abonentə xidmət göstərir. Bundan əlavə, bu avadanlıqlar abonentlərə bir xətlə iki telefon nömrəsini işlətmək imkanı verir. Eyni zamanda bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə və şəbəkənin qurulmasını tezləşdirməyə şərait yaradır.
Məlumatda o da bildirilir ki, bu sistem yuxarıda qeyd olunanlardan əlavə, həm də evdən iş yerinin idarə edilməsi, iş yerinə vizual nəzarət, elektron nəzarət, elektron təhsil almaq, elektron ticarət, bütün bank ödənişlərini və köçürmələrini həyata keçirmək kimi məhdudiyyətsiz imkanlara malikdir. “Evədək optika” layihəsi çərçivəsində indiyədək Naxçıvan şəhərində 70 fərdi mənzilə və 6 çoxmənzilli yaşayış binasına fiber-optik kabel xətləri çəkilib.
Qeyd edək ki, dünyanın bir sıra inkişaf etmiş ölkələrində tətbiq olunan və özünü doğruldan bu layihənin icrasına muxtar respublikada 2012-ci ilin avqust ayından başlanılıb.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR