Naxçıvan şəhərindəki Cəlil Məmmədquluzadə küçəsində yerləşən Əlillərin Bərpa Mərkəzi 11 ildir, fəaliyyət göstərir. “Məhdud fiziki imkanlı insanların ümid ocağı olan bu müəssisədə fəaliyyət necə qurulub?” sualına cavab almaq üçün həmin ünvana üz tutduq.
20 il bundan əvvəl muxtar respublikada bu kateqoriyadan olan insanların hansı əziyyətlərə qatlaşdığını xatırlayırsınızmı? Bu qəbildən olan insanlar bilmirdilər, öz sağlamlıqlarının qeydinə qalsınlar, yoxsa, onsuz da məhdud fiziki imkanları ilə uzun yollarda əziyyət çəksinlər. Maddi çətinliklər də bir tərəfdən. İndi isə o çətin günlər arxada qalıb. Bu sahədə bir sıra tədbirlər həyata keçirilib. Müvafiq kateqoriyadan olan şəxslər üçün fərdi evlərin və ümumi yaşayış binalarının tikilib istifadəyə verilməsi, onların minik avtomobilləri və müxtəlif texniki-bərpa vasitələri, protez-ortopediya məmulatları ilə təmin edilmələri, tənha yaşayan, köməyə ehtiyacı olan şəxslərə evdə sosial-məişət xidmətinin göstərilməsi daim diqqət mərkəzində saxlanılır. Həmçinin bu kateqoriyadan olan şəxslərin ictimai həyatın bütün sahələrində iştirakının təmin olunması, onların fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq fəaliyyət göstərmələri üçün zəruri şəraitin yaradılması, sağlam həyat tərzində yaşamaları, maddi və mənəvi tələbatlarının ödənilməsi və rifahlarının yüksəldilməsi sahəsində ardıcıl tədbirlər görülür.
2004-cü ilin may ayında istifadəyə verilən Əlillərin Bərpa Mərkəzinin binası isə həyata keçirilən tədbirlərin ilki olub. Sağlamlıq ocağına qədəm qoyduğun zaman ilk görülən buranın səliqə-sahmanı, məhdud imkanlı fiziki şəxslər üçün yaradılan yüksək şərait insanı valeh edir. Mərkəzdə muxtar respublikada belə insanlara göstərilən diqqət və qayğının bariz nümunəsini görmək olar. Burada tibbin ən son avadanlıqları ilə təchiz olunmuş müxtəlif müalicə və müayinə kabinələri var. Məsələn, ultrasəslə müayinə cihazı orqanizmdə bütün patoloji cəhətləri göstərməklə müayinədə heç bir səhvə yol vermir. İnfraqırmızı, ultrabənövşəyi şüa ilə, qısa dalğalı elektriklə, müxtəlif tezlikli elektrik aparatları, həmçinin neçə-neçə masaj qurğuları və parafinlə müalicə dəqiqliklə aparılır. Burada orqanizmin daxilindəki pozğunluqlar, oynaqlardakı ağrıverici amillər, duzlaşmalar, nahiyələrdəki zədələnmələr, bədəndəki süstlük əlamətləri, ağrıların ümumi əhval-ruhiyyəyə təsiri bu cihazlar vasitəsilə aşkara çıxarılaraq müalicə edilir. Bütün bunlar haqqında mərkəzin baş həkimi Mətanət Səfərova ilə söhbətimiz zamanı məlumat aldım.
Bərpa mərkəzində masaj, duş, dövrəvi və çiləmə duşlar, süni qaçış zolağı, velosiped və ikinəfərlik, eyni anda 22 növ hərəkətləri yerinə yetirən idman qurğuları, trenajor zalı da vardır ki, əsəblərin sakitləşdirilməsi, əzələlərin hərəkətə gətirilməsi, oynaq ağrılarının müalicəsi, habelə iflic əl-qol və ayaqların fəallaşdırılması üçün bu qurğular xüsusi əhəmiyyətə malikdir.
Kabinələrin təmizliyi, səliqəsi də göz oxşayır. Onu da deyim ki, xəstələrin hərəkət məhdudluğu nəzərə alınaraq palataların hər birində ayrıca kommunal şərait yaradılıb.
Müəssisə ilə ümumi tanışlıqdan sonra burada müalicə və müayinə olunan insanlarla da həmsöhbət oldum. Elektriklə müalicə otağından çıxan Rəfael Əliyev ilə söhbət edirəm. O, Şərur rayonunun Maxta kəndindəndir. Hər il mərkəzin müxtəlif müalicə üsullarından istifadə edir. Uzun illərdir ki, ayaqlarından əziyyət çəkən Rəfael Əliyev müalicələrdən sonra xeyli irəliləyişlər olduğunu deyir.
Dəhlizdə diqqətimi çəkən otaqlardan biri erqoterapiya otağıdır. İstirahət saatlarında xəstələr burada müxtəlif əl işləri ilə məşğul ola bilirlər. Pərvin Allahverdiyevanın əl işləri diqqətimizi çəkir. Pərvinin palatasına keçib onunla söhbət edirəm. Öyrənirəm ki, Pərvin həm də Naxçıvan radiosunda “Əngəlsiz həyat” adlı verilişin aparıcısıdır. 1988-ci il təvəllüdlü bu gənc nikbin əhval-ruhiyyəsi, intellektual səviyyəsi ilə seçilir. O, özünü çox şeylərə qadir hesab edir və buna, həqiqətən, haqqı olduğunu düşünürəm. Çünki onun fəaliyyətinə, əl işlərinə heyran olmaya bilmirsən. İnsanın qurub-yaratması üçün yalnız fiziki sağlamlıq azdır. Bunun üçün ürək lazımdır, istək lazımdır, qabiliyyət lazımdır. İnsanın insan kimi formalaşması, özünü sübut etməsi üçün bunlar gərəklidir. Bütün bunlar isə Pərvində var. Onun dediklərindən:
– Əlillərin Bərpa Mərkəzi mənim ikinci evimdir. Burada yaradılan şərait yüksək səviyyədədir. Tibb heyəti bizə öz doğmaları kimi yanaşır. Sağlamlıq imkanım məhdud olsa da, heç zaman bunu hiss etmirəm. Çünki bu gün muxtar respublikada bizim kimi insanların cəmiyyətə inteqrasiyası üçün hər cür şərait yaradılıb. Əl işlərimlə sərgilərdə iştirak edirəm. Diplomlara və hədiyyələrə layiq görülürəm.
Pərvinlə bir palatada olan 1993-cü il təvəllüdlü Nərmin Həsənova da söhbətimizə qoşulur:
– Üç gündür, mərkəzdəyəm. Düzü, bura gəlməyə çəkinirdim. Amma indi burada olan şəraiti və münasibəti gördükdən sonra inanın, getməyim gəlmir. Uşaqlıqdan aldığım bir xəsarətlə III qrup əlil olmuşam. Mütəmadi olaraq müalicəyə ehtiyacım var. Mərkəzdə müalicəm üçün, demək olar ki, hər bir şərait var. Mən bundan kifayət qədər yararlanıram.
Elektriklə müalicə otağına baş çəkirik. Burada tibb bacısı Ramilə Həsənova ayaqlarından əziyyət çəkən ahıl vətəndaş Mirzə dayıya tibbi xidmət göstərir. 1938-ci il təvəllüdlü, Babək rayonunun Qahab kəndindən olan Bəhlul Fərzəliyev isə tibb bacısı Elza Cəfərova tərəfindən masaj olunur. Müalicə seansları bitdikdən sonra onlarla söhbətləşirəm. Hər iki ahıl vətəndaşmız burada yaradılan şəraitə görə dövlətimizə minnətdar olduqlarını bildirir.
İstirahət otağında 80 yaşlı Baba Hacıyevlə həmsöhbət oluram. O deyir:
– Ordubad rayonundan gəlmişəm. Ahıl vətəndaş kimi mərkəzə ildə bir-iki dəfə gəlirəm. Artıq müəlicəm başa çatıb. Özümü gümrah hiss edirəm. Qızım, qəzetinizə “oxucu məktubu” yazacaqdım. Fürsətdən istifadə edib qəzetiniz vasitəsilə minnətdarlığımı bildirmək istəyirəm. Uzun illər xəstəliyimə görə çox əziyyət çəkmişəm. Əvvəllər xaricə gedirdim. Bu, ailəmiz üçün çətin idi. İndi öz doğma yurdumda yüksək səviyyədə müalicə alıram. Bunun üçün buradakı xəstələr adından dövlətimizə minnətdarlığımızı bildirirəm.
Sağlamlığımızı itirmək öz əlimizdə deyil – kimimiz uşaqlıqdan, kimimiz hər hansı qəza nəticəsində. Əlillərin Bərpa Mərkəzi ən etibarlı ümid yerimizdir.
Sara ƏZİMOVA