Şərur Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə keçirilən tədbirin mövzusu “Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi və avtomatlaşdırılmış pensiya təyinatı” olub.
Tədbiri giriş sözü ilə Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hüseynov açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov və İsmayıl Həsənov sığorta-pensiya sisteminin xüsusiyyətlərindən, məcburi dövlət sosial sığorta haqqı ödənişlərinin gələcək pensiya təminatındakı mühüm əhəmiyyətindən, əmək pensiyalarının təyinatı və ödənişi sahəsində elektron xidmətlərin tətbiqindən danışıblar.
Qeyd edilib ki, fondun internet səhifəsində yaradılmış elektron xidmətlər sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilər. Diqqətə çatdırılıb ki, əmək pensiyası hüququ yaranmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən fondda yaradılan pensiya təyinatı xidmətinə zəng vurub yalnız şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər.
Bildirilib ki, “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi” elektron xidməti vasitəsilə istənilən sığortaedən heç yerə getmədən plastik kart vasitəsilə internet üzərindən məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəyə, kənd yerlərində yaşayan sığortaedənlər isə məcburi dövlət sosial sığorta haqlarını bağlanmış müqavilələrə əsasən, yaşadıqları yerlərdə poçt şöbələri vasitəsilə ödəyə bilərlər.
Şərur rayonunda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə fondun Şərur Rayon Şöbəsinin müdiri Firuz Novruzov çıxış edərək tədbir iştirakçılarına məlumat verib.
Tədbirin sonunda elektron xidmətlərin tətbiqi və istifadə qaydası ilə əlaqədar slayd göstərilib, suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti