22 Dekabr 2024, Bazar

Bu istiqamətdə qazanılmış nümunəvi təcrübə, görülən məqsədyönlü
işlər də belə deməyə əsas verir

Bəzi sosioloqlar haqlı olaraq cəmiyyəti vahid orqanizmə bənzədirlər. Bu arqumentin çoxsaylı tərəfdarları insan orqanizmini misal göstərərək belə bir fikir irəli sürürlər ki, əgər insanın hər hansı bir yerində ağrı baş qaldırırsa, bu, onun ümumi vəziyyətinə mənfi mənada əsaslı təsir göstərir. Cəmiyyət də məhz belədir. Cəmiyyətin istənilən sahəsində çatışmazlıq olarsa, ümumi həyatın müsbət ritmi pozulur, yeni və gözlənilməz problemlər baş qaldırır. Sevindirici haldır ki, bu gün vaxtilə ciddi problem kimi gündəmdə olan bir sıra məsələlər artıq öz həllini tapıb. Məhz buna görədir ki, muxtar respublika cəmiyyətinin qabaqcıl insanları bugünkü fəaliyyətini artıq daha mütərəqqi ideyaların reallaşdırılması istiqamətində qurublar. Bu çərçivədə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinə, reabilitasiyasına, cəmiyyətə inteqrasiyasına, təhsilinə diqqət daha da artırılıb.

Onu da qeyd edək ki, cəmiyyətin həssas təbəqəsi hesab olunan bu uşaqların problemləri, onların gələcəyi yalnız dünyanın inkişaf etmiş qabaqcıl ölkələrində diqqət mərkəzində saxlanılır. Çünki bu səviyyəyə çatmaq üçün istər dövlətlər, istərsə də cəmiyyətlər çox mühüm inkişaf mərhələlərini keçməlidirlər. Azərbaycan Respublikası bu mərhələləri uğurla başa vurub. Bu gün ölkəmizdə fiziki imkanları məhdud uşaqların gələcək taleyi təkcə həmin uşaqların valideynlərini deyil, həm də dövlətimizi, cəmiyyətimizi yaxından düşündürür. Naxçıvan Muxtar Respublikası bir sıra məsələlərdə olduğu kimi, bu məsələdə də ölkəmizdə liderliyini qorumaqdadır.

Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası istiqamətində bu gün muxtar respublikada kompleks tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2014-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramı” bu kateqoriyadan olan uşaqların təhsil hüquqlarının müdafiəsində səmərəli mexanizmin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Proqramın əsas məqsədi sağlam­lıq imkanları məhdud uşaqların digər həmyaşıdları ilə bərabər təhsil hüquqlarının təmin olunması, inklüziv və məsafədən, yəni distant təhsilə keçidə zəmin hazırlanması, onların sosial reabilitasiyasının gücləndirilməsi, cəmiyyətə inteqra­siyalarına nail olunması kimi bir sıra digər mühüm məsələlərin reallaşdırılmasıdır. Digər mühüm bir məqam ondan ibarətdir ki, dövlət proqramı 15-ə yaxın dövlət orqanının qarşısında konkret vəzifələr müəyyən edib. Yəni proqramda adıçəkilən həmin dövlət orqanlarının bu məsələyə dair fəaliyyət istiqamətləri müəyyənləşdirilib ki, bu da dövlət proqramının dəqiqliklə icrası və icrasına nəzarət üçün şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il iyunun 20-də imzaladığı Sərəncamın uğurlu icrası nəticəsində ötən il oktyabrın 1-də Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzinin istifadəyə verilməsi sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üçün əsaslı zəmin yaradıb. Mərkəzin audio və elektron kitabxanasında 439 audio və 518 elektron kitab mövcuddur. Həmçinin burada brayl əlifbası ilə çap olunmuş dərslik, ədəbiyyat və jurnallar da vardır. Distant Tədris Mərkəzi istifadəyə verildiyi gün məlum oldu ki, audiokitabxanada muxtar respublika üzrə 482 görmə qabiliyyəti məhdud şəxs qeydiyyatdan keçirilib. Müasir informasiya texnologiyalarından istifadə sahəsində biliklərini artırmaq məqsədilə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin məşğələlərinə sağlamlıq imkanları məhdud 80 uşaq cəlb edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumata görə, ötən il muxtar respublika üzrə 18 sağlamlıq imkanı məhdud uşaq distant təhsilə cəlb olunub. Bu uşaqların yaşadığı mənzillərdə asinxron rəqəmsal abunəçi avadanlığı, noutbuk və veb-kameralar quraşdırılıb. Mərkəzdə çalışan 4 müəllimə, eləcə də uşaqların valideynlərinə sistemdən istifadə qaydalarının öyrədilməsi məqsədilə kurs keçilib. Distant Tədris Mərkəzinə eyni vaxtda 50 istifadəçinin qoşulması mümkündür. Gələcəkdə serverin tutumunun 200 istifadəçiyədək artırılması nəzərdə tutulub ki, bu da daha çox şagirdin videobağlantı vasitəsilə məsafədən tədris prosesinə qoşulmasına imkan verəcəkdir.
Bu gün məktəbəqədəryaşlı sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının yaradılması da gələcəkdə onların təhsilə cəlbinin diqqətdə saxlanılmasına imkan verəcəkdir. Keçən il 35 uşağın məktəbəqədər təhsil müəssisələrinə, 8 uşağın isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə cəlb edilməsi bu istiqamətdə ardıcıl iş görüldüyündən xəbər verir. Hazırda belə müəssisələrdə sağlamlıq imkanları məhdud 61 uşaq qeydiyyatdadır. Bu müəssisələrdə təlim-tərbiyə işinin təşkilinə məsul işçilərin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kurslar keçilib, onlar maarifləndirici materiallarla təmin olunublar.
Muxtar respublikada məktəb yaşına çatan sağlamlıq imkanları məhdud uşaqlar haqqında da məlumat bazası yaradılıb. 2014-2015-ci tədris ilində müvafiq kateqoriyalı 73 uşaq ümumtəhsil müəssisələrinin birinci siniflərinə, 2 uşaq gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbə, 2 uşaq isə Bakı şəhərində fəaliyyət göstərən eşitmə qabiliyyəti məhdud uşaqlar üçün xüsusi internat məktəbinə qəbul olunub.
Bu da əhəmiyyətli faktdır ki, sağlamlıq imkanları məhdud uşaqların ünsiyyətqurma bacarığının inkişafı və sosial reabilitasiyası məqsədilə Naxçıvan Uşaq Bərpa Mərkəzində multisensorlu terapiya otağı quraşdırılıb. 2014-2015-ci tədris ilində aztəminatlı sağlamlıq imkanları məhdud 246 uşağa məktəbli geyimi və ləvazimatı verilib.
2014-cü il ərzində bacarıq və maraqları nəzərə alınaraq sağlamlıq imkanları məhdud uşaqların musi­qi məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə, idman qruplarına cəlb edilməsi istiqamətində bir sıra işlər görülüb. Hazırda sağlam­lıq imkanları məhdud 15 uşaq musiqi məktəblərinə cəlb edilib. Bununla da, muxtar respublikanın musiqi məktəblərində bu kateqoriyadan olan uşaqların sayı 78-ə çatıb. Bundan başqa, müvafiq kateqoriyalı 68 uşaq məktəbdənkənar müəssisələrin dərnəklərinə, onlardan 27 nəfər şahmat məktəblərinin dərnəklərinə, əlavə olaraq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində məktəb təhsili olmayan görmə qabiliyyəti məhdud 4 nəfər brayl əlifbasının tədrisi məqsədilə təşkil edilmiş kurslara cəlb edilib.
Sağlamlıq imkanları məhdud uşaqlar arasında istedadlıların aşkara çıxarılması istiqamətində də tədbirlər həyata keçirilib. Belə ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində müvafiq kateqoriyalı uşaqlar arasında intellektual və kinekt oyunları, “Oxu, qavra” adlı mütaliə yarışları, görmə qabiliyyəti olmayan şəxslər arasında brayl yazı və oxu müsabiqələri keçirilib, həmçinin eşitmə qabiliyyəti məhdud uşaqların iştirakı ilə müxtəlif səhnəciklər və intellektual oyunlar təşkil edilib.
Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanım mənim” mövzusunda sağlamlıq imkanları məhdud uşaqlar arasında rəsm, əl işləri, musiqi müsabiqələri, eyni zamanda şahmat, xalq uşaq oyunlarından ibarət əyləncəli idman yarışı keçirilib. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində isə görmə qabiliyyəti məhdud şəxslər üçün “Könül işığı” adlı aylıq brayl jurnalının nəşrinə başlanılıb. Bu, onların cəmiyyətə inteqrasiyasının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Sağlamlıq imkanları məhdud uşaqlar bayram və əlamətdar günlərdə də diqqətdən kənarda qalmırlar. Onlarla görüşlər təşkil edilir, sovqat verilir. Mütəmadi olaraq hər il yay tətili dövründə sağlamlıq imkanları məhdud uşaqların Ağbulaq İstirahət Mərkəzində istirahətlərinin təşkil olunması onların həm səhhətinə, həm də psixologiyasına müsbət təsir göstərir.
Naxçıvan Muxtar Respublikasında məhdud fiziki imkanlı uşaqların təhsilə cəlbi, cəmiyyətə inteqrasiyası ilə bağlı görülən işlərin həcmi bir məqaləyə sığmayacaq qədər çoxdur və biz burada yalnız bəzi məqamları oxucuların diqqətinə çatdırdıq.
Hazırda ümumtəhsil müəssisələrində təhsil alan sağlamlıq imkanları məhdud uşaqların sayının 760 nəfər olması bu sahəyə daha çox diqqət yetirilməsini zərurətə çevirir. Etiraf etməliyik ki, bu gün əgər biz həmin uşaqların təhsilinə diqqət yetirməsək, onların cəmiyyətə inte­qrasiyasını təmin etməsək, onda gələcəkdə, necə deyərlər, 760-dək problemlə üz-üzə qalacağıq.

Bizim üçün doğma, əziz olan bu uşaqları yetişdirməklə, onların istər peşə, istərsə də ali təhsil almasını təmin etməklə, müxtəlif faydalı işlərə cəlb etməklə isə biz cəmiyyətimizə həmin sayda faydalı insan qazandırmış olacağıq. Yəni gələcəyimizi qurmaq bu gün bizim öz əlimizdədir. Bu gün cəmiyyətimiz üçün görəcəyimiz işlər sabah bizim övladlarımızın rahat yaşayışını təmin edəcəkdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın, dövlətimizin gələcəyini düşünürüksə, bu gələcəyin təminatçısı olan uşaq və gənclərin sağlam mühitdə yetişməsi qayğısına qalmalı, onların təlim-tərbiyəsi ilə ciddi məşğul olmalıyıq”.

Rauf Əliyev

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR