22 Dekabr 2024, Bazar

Şurudluların sevinci böyükdür

Zirvəsi qarla örtülmüş əzəmətli dağların ətəyində yerləşən Culfa rayonunun Şurud kəndi indi daha gözəl görünür. Burada aparılan quruculuq işləri nəticəsində Şurud kəndi muxtar respublikanın digər kəndləri kimi, müasir kənd görkəmi alıb. Yanvarın 22-də burada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə sosial obyektlər istifadəyə verildi. Həmin obyektlərdən biri də məktəb binasıdır. Məktəbimizdə yenidənqurma işləri aparıldı.

Hazırda məktəbdə 2-si elektron lövhəli olmaqla, 11 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, kompüter otağı, kitabxana, müəllimlər otağı, hərbi kabinə, şahmat sinfi, idman zalı, açıq idman meydançası və bufet vardır. Məktəb kollektivinin sevinci çox böyükdür. Əvvəllər məktəbimizdə nə idman zalı, nə də açıq idman meydançası var idi. İndi müəllimlərimiz şagirdlərimizə fiziki tərbiyə dərslərini rahatlıqla keçirlər. Göstərilən qayğı qarşımıza mühüm vəzifələr qoyur. Məktəb kollektivi ilə görüşən Ali Məclisin Sədri müəllim-şagird işinin düzgün qurulması, yaxşı təhsil ənənələrinin davam etdirilməsi, uğurların artırılması istiqamətində tapşı­rıqlar verdi. Bu tapşırıqları işimizdə devizə çevirmişik. Məktəbimizin müəllimləri bundan sonra da səylə çalışacaq, ölkəmiz və xalqımız üçün savadlı və vətənpərvər gənclər yetişdirəcəklər.

Yaradılan bu şəraitə görə qəzet vasitəsilə şurudlular sevinclərini oxucularla paylaşmaq istəyirlər. Onlar bu xoş günlərə görə dövlətimizə minnətdardırlar. Bu gün şurudlular ən xoş və rahat günlərini yaşayırlar. Bütün bunlar dövlətimizin yaratdığı şəraitin, insanlara göstərilən qayğının nəticəsidir. Naxçıvan Muxtar Respublikasının inkişafı, onun hər bir yaşayış məntəqəsinin, hər bir kəndinin abadlığı sakinləri öz yurdlarına daha sıx tellərlə bağlayır, onların qurub-yaratmaq əzmini daha da artırır.

İlham ŞƏKƏRƏLİYEV
Şurud kənd tam orta məktəbinin direktoru

Keyfiyyətli içməli su ilə təmin olunuruq

Yetmişdən yuxarı yaşım var. Naxçıvan şəhərində doğulmuşam, hazırda Məhəmmədhüseyn Şəhriyar küçəsində yaşayıram. Demək istəyirəm ki, bu şəhərin dünənini də görmüşəm, bu gününü də görürəm. Heç müqayisə etməyə dəyməz. Yəni Naxçıvandakı dəyişikliklər yerlə göy arasındakı fərqə bərabərdir. Şəhərin harasına çıxırsan, bir yenilik görürsən. Küçələr, gülzarlıqlar, yeni binalar adamın üzünə gülür, yaşamaq həvəsini artırır. Blokada şəraitində yaşayan bir diyarda bu qədər iş görmək əsl qəhrəmanlıqdır. Sözümün canı var.
Bir neçə il əvvəl eşidəndə ki, şəhərimizin su xətlərini yenidən çəkirlər, xeyli sevindim. Budur, artıq hər bir sakinin evində yeni çəkilmiş su xəttindən istifadə olunur. Eşitdiyimə görə, suyun təmizliyinin də qeydinə qalınıb ki, ondan istifadə edənlər hansısa bir xəstəliyə tutulmasınlar. Günün 24 saatı həmin xətdən istifadə etmək olar. Bu işin təşkilatçısına, su xəttinin çəkilişində iştirak edənlərə yaşlı bir şəhər sakini kimi minnətdarlığımı bildirirəm.

 

Gülzar OSMANOVA
Naxçıvan şəhər sakini

Ucqar dağ kəndində keyfiyyətli rabitə xidmətindən,
sürətli internetdən istifadə edirik

Hörmətli redaksiya!
Mən Şərur rayonunun mərkəzindən 22 kilometr aralıda, dəniz səviyyəsindən 1600 metr yüksəklikdə, hər tərəfdən əlçatmaz, ünyetməz dağlar əhatəsində yerləşən qədim tarixə malik olan bir yaşayış məntəqəsinin – Şahbulaq kəndinin sakiniyəm. Bu məktubu sizə ün­vanlamaqda məqsədim keçirdiyim hisləri, sonsuz sevincimi “Şərq qapısı” qəzetinin çoxsaylı oxucuları ilə paylaşmaqdır. Sevincimin səbəbi isə mənfur ermənilərlə sərhəd zolağında boy göstərib şahlanan Şahbulaq kəndinin sakinlərinin bu gün xoş və firavan həyat sürməsidir.
Bir vaxtlar muxtar respublikanın digər kəndləri kimi, çətin günlərini yaşayan ucqar dağ kəndi Şahbulaqda bu gün təzə məktəb binası, kənd və xidmət mərkəzləri tikilib, müasir tələblər səviyyəsində yol çəkilib, körpü salınıb. Bütün bunlar ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq siya­sətinin muxtar respublikada uğurla davam etdirilməsinin nəticəsidir.
1990-cı illərin əvvəllərində, o çətin və məşəqqətli günlərdə kimə desəydilər ki, doğma Şahbulağın yolları abadlaşacaq, bura qaz kəməri, telefon xətti çəkiləcək, gecə-gündüz işıqlarımız yanacaq, heç kəs inanmazdı. Həmin vaxtı bu sözləri nağıla, əfsanəyə bənzədərdik. Lakin bu gün zəhmətkeş, işgüzar, vətənpərvər insanların fədakarlığı, ulu öndərin nurlu yoluna sədaqəti nəticəsində əfsanə reallığa çevrilib. Bu gün Şahbulaqda elə bir ev yoxdur ki, orada radioqəbuledici, tele­vizor olmasın. Bütün bunlara görə dövlətimizə minnətdarıq.
Bu gün Şahbulaq kəndinə 7 min metrdən artıq bir məsafədən fiber-optik xətt çəkilib, televiziya kanallarının yayımı, mobil telefonların işləməsi üçün texniki avadanlıqlar quraşdırılıb istismara verilib. Mən ucqar dağ kəndinin sakini bu gün internetdən istifadə edirəm, hətta kompüter vasitəsilə Bakıda və ölkə­mizdən kənarda yaşayan qohumlarımızla videogörüntüylə danışıram, ölkəmizin, hətta xarici ölkələrin televiziya kanallarını izləyə bilirəm. İstədiyim yerə dərhal zəng edə, istədiyim şəxslə telefon əlaqəsi yarada, istədiyim qədər rahat danışa bilirəm. Dediyim kimi, bütün bunlar bir vaxtlar bizim üçün nağıla bənzəyirdi, çünki əlçatmaz idi. Bu gün isə həyatımızın ayrılmaz bir parçasıdır.
Şahbulaqda yaradılan bu şəraiti gördükcə qəlbim dağa dönür, sonsuz sevinc hisləri keçirirəm. Bu sevinci bizə bəxş edən dövlətimizə bir daha minnətdarlığımı bildirirəm.

Əşrəf BAĞIROV
Şahbulaq kənd sakini

Sağlamlığımızın qorunmasına böyük qayğı göstərilir

Hörmətli redaksiya!
Mənim 63 yaşım var: şəkər və ürək xəstəsiyəm. Həyat yoldaşım da şəkər və dializ xəstəsidir.
Bu məktubu sizə yazmaqda məqsədim ailəmiz adından bütün bölgələrdə quruculuq tədbirləri həyata keçirən, müasir standartlara cavab verən ən mükəmməl tibbi avadanlıqlarla təmin edilmiş xəstə­xanalar tikdirən dövlətimizə minnətdarlığımı bildirməkdir.
Həyat yoldaşım Zərqələm müəllimə haliyədə Naxçıvan şəhərindəki Diaqnostika-Müalicə Mərkəzində dializ alır. Burada yaradılan səliqə-sahman, vaxtlı-vaxtında aparılan laborator yoxlamalar nəticəsində hər bir xəstə özünü gümrah hiss edir. O kəslərdən biri də bizik.
Bu yaxınlarda infarkt keçirmək təhlükəsi ilə üz-üzə qalmışdım. Diaqnostika-Müalicə Mərkəzinin həkimi, kardioloq Mahir həkim məni müayinə edib angioqrafiya əməliyyatı olunmağımı tövsiyə etdi. Əməliy­yatdan öncə lazım olan bütün analizlərdən keçdim və angioqrafiya əməliyyatı oluna biləcəyim qənaətinə gəlindi. Əməliyyat uğurla başa çatdı, şükürlər olsun ki, indi özümü daha yaxşı hiss edirəm; daha əvvəlki kimi ürəkdə ağrı, halsızlıq, yüksək təzyiq kimi narahatedici vəziyyətlə qarşılaşmıram. Bütün bunlar əməliyyat otağında qaldı.
Müalicə prosesi davam edir. Hər ötən gün özümü daha gümrah hiss edirəm. İnanıram ki, bu proses tam başa çatdıqdan sonra daha da yaxşı olacağam.
Diaqnostika-Müalicə Mərkəzindəki gənc həkimlər mənim kimi çox xəstələrə şəfa bəxş etdilər və bəxş edəcəklər. Onlara “Şəfalı əlləriniz var olsun”, – deyirəm.
Həmvətənlərimə üzümü tutub demək istəyirəm ki, uzaqlara gedib özünüzə zəhmət verməyin. Bizim savadlı və bacarıqlı həkimlərimiz çoxdur, bu həkimlərin Naxçıvanda uğurlu müalicə aparmaları üçün müasir standartlara uyğun tibbi avadanlıqlar kifayət qədərdir. Sadəcə, bu həkimləri tanımaq lazımdır.

Adil SƏFƏROV
Naxçıvan şəhər sakini

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR