22 Dekabr 2024, Bazar

2014-cü ildə Duzdağ Fizioterapiya Mərkəzində müalicə almaq üçün bu şəfa ocağına 4316 müraciət daxil olub. Türkiyə Cümhuriyyətindən 55, Qazaxıstandan 48, Rusiyadan 123, Tacikistandan 1, 27- si Acarıstan Muxtar Respublikasındakı aztəminatlı ailələrinin uşaqları olmaqla, Gürcüstandan 45, Avstriyadan 2, İngiltərədən 1, Ukraynadan 6 nəfər mərkəzdə müalicə alıb. Müalicəyə gətirilən uşaqların valideynləri də mərkəzin və yaxınlıqdakı beş­ulduzlu “Duzdağ” hotelinin imkanlarından yararlanıblar. Bəhs edilən dövrdə mərkəzdə 456 muxtar respublika sakini müalicə alıb. Onlardan 179-u Naxçıvan şəhər sakini olub.

Mərkəzin baş həkimi Ruslan Süleymanovun bildirdiyinə görə, uşaqlar 12-15, böyüklər isə 14-18 gün yer altında yaşamaqla müalicə almış olurlar. Burada ilin istənilən fəslində müalicə almaq mümkündür. Temperatur sabitdir, nisbi rütubət aşağıdır, havada zərərli qazlar yoxdur. Xəstəxana horizontal şəkildə olduğundan buraya gələn xəstələr, təxminən, 300 metr məsafəlik yolu özləri qət edirlər. Bu isə yeraltı şöbədəki havaya tədricən öyrəşmək imkanı yaradır.
Naxçıvanda havanın təmiz, iqlimin quru, günəşli günlərin sayının çox olması xəstəxanada rütubətin səviyyəsini normal saxlayır. Belə olan halda burada müalicə alan xəstələr qısa müddətdə sağala bilirlər. Xəstələr əvvəlcə 2-3 gün müddətində xəstəxana ərazisinə adaptasiya olunurlar. Bundan sonra saat 1800-dən səhər saat 800-dək böyüklər 20-24 seans, uşaqlar isə 14-18 seans yeraltı şöbədə olurlar. Müalicə başa çatdıqdan sonra böyüklərdə 65-70 faiz, uşaqlarda isə 80-85 faiz yaxşılaşma müşahidə olunur.
Baş həkim onu da bildirdi ki, hazırda burada 300 yataq yeri mövcuddur. Ancaq artan tələbat nəzərə alınaraq mərkəzdə körpə uşaqlar üçün əlavə 50 yataqlıq palatalar qurulur. Yeni qurulan palatalar mərkəzin tibbi xidmət imkanlarını daha da artıracaq.
Qeyd edək ki, Duzdağ Fizioterapiya Mərkəzində, əsasən, allergik xəstəliklərdən, xüsusilə bronxial-astmadan əziyyət çəkənlər müalicə alırlar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin, təqribən, 10 faizi allergik xəstəliklərdən əziyyət çəkir ki, bunun da 1,5-2 faizi bronxial-astmanın payına düşür. Məlumata görə, dünyada 15 milyon nəfərə yaxın insan bronxial-astmalı xəstədir. Bronxial-astma bronxlarda müxtəlif etioloji amillərdən asılı olaraq, sekresiyanın çoxalması, bronxların selikli qişasının ödəmi, bronxların saya əzələlərinin spazmı və bu hallardan sonra boğulma tutması baş verən allergik, xroniki xəstəlikdir. Bir çox xəstəliklərin, həmçinin bronxial-astmanın müalicəsində duz şaxtası şəraitində aparılan müalicə, yəni spleoterapiya daha effektlidir.

 Səbuhi HÜSEYNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR