22 Dekabr 2024, Bazar

Özünün fauna və florası ilə zəngin olan Şərur rayonunda nadir bitkilər, ağaclar çoxdur. Nadir ağaclar silsiləsinə aid edilən narbənd daha uzunömürlülər siyahısına daxildir. 300-350 il, hətta bundan da artıq yaşaya bilən narbənd ağacı yayın qızmar istisinə, quraqlığa, borana, güclü küləyə, çovğuna, 40-45 dərəcə şaxtaya dözümlüdür. Çətirinin böyüklüyünə, budaqlarının sıxlığına, gözəl görkəminə görə narbəndi əvəz edən ikinci ağac çətin tapılsın.
Narbənd ağacı barədə akademik Həsən Əliyev hələ 1982-ci ildə çap etdirdiyi “Həyəcan təbili” adlı kitabında yazmışdır: “Bəzək ağaclarından narbənd, demək olar ki, tamamilə məhv olmuşdur. Bu bəzək ağacına SSRİ ərazisində yalnız Naxçıvan Muxtar Respublikasında rast gəlirdik. 40-50 il bundan əvvəl Naxçıvanda hər bağın ortasında kölgəlik üçün yalnız bu ağaclar görünürdü. Onun sıx yarpaqları nəinki Günəşin şüalarını buraxmır, hətta çox vaxt yağışı da keçirmir. Belə bir gözəl bəzək ağacı görkəmli rəssam Bəhruz Kəngərlinin əsərlərində də təsvir edilmişdir. Təəssüf ki, indi bu ağacdan yalnız Naxçıvan kəndlərinin ərazisində tək-tək qalmışdır, nəsli kəsilmək üzrədir. Belə bəzək ağacının artırılması vacib məsələlərdən biridir”.
Mərhum şair Əliağa Kürçaylı isə “Narbənd ağacı” adlı şeirində həyəcanını belə ifadə edirdi:

Bəs nədən adını qoyublar “narbənd?”
Deyirlər, kəsilir nəsli ilbəil.
Nə calaq götürür, nə də ki peyvənd,
O nə toxum verir, nə də ki şitil…
“Narbənd ağacı” şeirinin təsiri ilə həmyerlimiz şair Vaqif Məmmədov Əliağa Kürçaylıya ünvanladığı “Şair, gözlərin aydın…” şeirində onu, necə deyərlər, muştuluqlayırdı:

İstədim, deyəm ki, gözlərin aydın,
Şərurda narbəndin nəsli kəsilmir.
Bəlkə də, bu sirri ellərə yaydın,
Bəlkə, bu hikməti çoxları bilmir?


Bir qoca yaşayır Şərur elində,
Qəlbi saz, ağsaqqal kişidir, bilin.
Qayçısı, bıçağı hər vaxt əlində,
Narbənd peyvəndləmək işidir, bilin…

Bu, o vaxtlar idi ki, Şərur rayonunun Mahmudkənd sakini Hüseyn Əliyevin (ona el arasında “Narbənd Hüseyn” deyirdilər) calaq üsulu ilə yetişdirdiyi narbənd şitillərindən ərsəyə gəlmiş ağaclar nəinki muxtar respublikamızın ərazisində, hətta Azərbaycanın digər rayonlarında, iri şəhərlərində belə, öz görkəmi, yaraşığı ilə göz oxşayırdı. Bu işdə təbiət aşiqi Hüseyn kişiyə onun oğlu İskəndər və nəvəsi Fərhad da kömək edirdilər. Hüseyn kişi qapısına peyvənd elədiyi narbənd tingləri üçün gələnləri boş qaytarmaz, həm də heç kimdən heç nə ummazdı. Bir istəyi var idi ki, kökü kəsilməkdə olan narbənd yenidən artsın, çoxalsın, respublikamızın hər tərəfinə yayılsın.
Həyatını bu nəcib işə həsr edən Hüseyn kişi narbəndin nəslini qaraağaca peyvənd etməklə artırırdı. Şərur rayonunun mərkəzində, Cəlilkənddə, Mahmudkənddə, Kəngərli rayonunun Qıvraq qəsəbəsində, Xok kəndində, eləcə də muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində, hətta Bakıda, Gəncədə, Sumqayıtda 40-45 il bundan əvvəl Hüseyn kişinin əkdiyi narbənd ağaclarına indi də rast gəlmək olar.
Akademik Həsən Əliyevin yazdığı kimi, bir sıra yaşayış məntəqələrində bu ağacı hətta həyətlərdə də əkir, yayın qızmar günlərində sərin kölgəsində dincəlirdilər.
Hüseyn kişi tingi təkcə torpağa basdırmaqla kifayətlənmirdi, hər birinə öz övladı kimi baxırdı. Onlara tez-tez baş çəkir, becərilməsi ilə məşğul olurdu. Gödəksaplı beli, bıçağı və bağ qayçısı həmişə yanında olardı. Tinglərin, yaxud böyümüş ağacların diblərini yumşaldar, suvarar, artıq zoğlarını kəsər, ağaca xüsusi görkəm verərdi. Bir ağac, yaxud ting müəyyən səbəblərdən quruyanda isə gözləri yaşarır, ürəyi ağrıyırdı.
Heç yadımdan çıxmır, Hüseyn kişi Şərur şəhərinin Nizami küçəsindəki 7 nömrəli binanın qarşısına öz əlləri ilə iki narbənd tingi basdırmışdı və tez-tez onlara baş çəkirdi. Ağaclar artıq böyümüşdü və binaya boy verirdi. Səksəninci illərin ortaları idi, narbənd ağaclarına bir xəstəlik düşmüşdü; qurdlar ağacı içəridən yeyib çürüdür, nəticədə, ağacın gövdəsi quruyurdu. Heç bir dava-dərman kömək eləmirdi. Bir-iki ilin içərisində bu xəstəlikdən onlarla qollu-budaqlı narbənd ağacı məhv olmuşdu. Həmin ağaclardan da biri qurd xəstəliyinin güdazına getmişdi. Hüseyn kişi qurumuş ağacın yanında dayanıb elə ağlayırdı ki… Gördüyüm mənzərədən təsirlənib “Ağlama, Hüseyn əmi…” adlı bir yazı hazırlayıb qəzetdə dərc etdirdim.
Bu gün də rayonumuzda, eləcə də respublikanın yolum düşən bəzi bölgələrində quruyan narbəndlərə baxanda həmin hadisə yadıma düşür. Fikirləşirəm ki, kaş Hüseyn kişi sağ olaydı, quruyan ağacların yerində bərpa işləri aparmaq üçün calaq edilmiş şitillər yetişdirəydi. Təəssüf ki, nə Hüseyn kişi var, nə də onun bu nəcib işini davam etdirənlər.
Unutmamalıyıq ki, yaşıllıq gözəllik, yaraşıq olmaqla bərabər, həm də sağlamlıqdır. Gərək bu həqiqəti həmişə yadda saxlayaq; qoruyaq narbənd gözəlliklərini, yaşadaq narbənd ağacının sərinliyini. Bu iş hər kəsin vətəndaşlıq borcuna çevrilməlidir. Düzdür, Şərur rayonunda son illər çoxlu çinar ağacı əkilmiş və bu ağaclar artıq böyümüş, qol-budaq atmışdır. Bu uzun­ömürlü, dəyərli ağacla yanaşı, kökü kəsilməkdə olan narbənd haqqında da fikirləşməyə dəyər.
Deyirlər, rəhmətlik Hüseyn kişinin calaq alətləri oğlu İskəndər də dünyasını dəyişdikdən sonra bu ocaqda qiymətli yadigarlar kimi bu gün də qorunub saxlanılır. Geciksək, çox şey itirərik; rəhmətlik Hüseyn kişinin narbənd calaq etmək üçün işlətdiyi bıçaq və bağ qayçısı onlardan istifadə etməyi bacaranların yolunu gözləyir.

Elman MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR