22 Dekabr 2024, Bazar

Kəngərli Rayon İcra Hakimiyyətinin və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Kəngərli rayonunda “Sığorta-pensiya sisteminin mahiyyəti və bu sahədə elektron xidmətlərin tətbiqi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Kəngərli Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Canbaxşıyev tədbiri açaraq sığorta-pensiya sistemində informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin əhəmiyyətindən danışıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Gəlirlər şöbəsinin müdiri Yaşar Məmmədov, Pensiya şöbəsinin müdiri Vaqif Rəsulov və Fərdi uçotun təşkili şöbəsinin müdiri İsmayıl Həsənov çıxış edərək sığorta-pensiya sisteminin mahiyyəti, məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sistemində, eləcə də sığorta-pensiya sistemində fərdi uçotun təşkili, əmək pensiyalarının təyinatı və ödənişi sahələrində elektron xidmətlərin tətbiqindən danışıblar.
Qeyd olunub ki, son illər ərzində sosial sığorta sahəsinin sürətli inkişafı bu sahədə elektron xidmətlərin tətbiqini zəruri edib. Fond informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Bu tədbirlərə sığortaolunanların fərdi hesabları üzrə ödənilmiş sığorta haqları barədə məlumat bazasının yaradılması, məcburi dövlət sosial sığorta haqlarının toplanması və fərdi uçotun qurulması, pensiyaların məbləğinin hesablanması, onların ödənişi və ödənişinə nəzarətin avtomatlaşdırılması daxildir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanından irəli gələn vəzifələrin yerinə yetirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən 20 növ elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Bu elektron xidmətlərdən 10-u aktivdir. Buraya məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi, pensiya kalkulyatoru, sığortaolunanın onlayn uçota alınması, sığortaolunanlara məlumatların verilməsi, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, hamiləliyə və doğuşa, uşağın anadan olmasına, uşağın üç yaşına çatanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəllərinin təqdim olunması, pensiyaçıya məlumatın verilməsi, pensiya təyinatı və pensiya növünün dəyişdirilməsi üçün müraciətlərin və sənədlərin qəbulu elektron xidmətlər daxildir.
Bildirilib ki, fond tərəfindən 2014-cü ilin noyabr ayından avtomatlaşdırılmış pensiya təyinatı sistemi istifadəyə verilib.
Çıxışlarda bildirilib ki, yaxın gələcəkdə sığorta-pensiya sistemində nəzərdə tutulan digər elektron xidmətlərin də əhaliyə təqdim olunması planlaşdırılır.
Kəngərli rayonunda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə fondun Kəngərli Rayon Şöbəsinin müdiri Altun Seyidov tədbir iştirakçılarına məlumat verib.
Sonda iştirakçılara elektron xidmətlərin tətbiqi və istifadə qaydaları ilə əlaqədar slayd göstərilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR