22 Dekabr 2024, Bazar

Qış fəsli ilə əlaqədar olaraq, muxtar respublika ərazisində əhalinin mavi yanacağa olan tələbatı artıb. Ötən illərin təcrübəsi onu göstərir ki, bəzi hallarda vətəndaşlar tərəfindən qaz cihazlarından təhlükəsizlik qaydalarına uyğun istifadə edilməməsi səbəbindən çox vaxt insan itkisi ilə nəticələnən partlayış, yanğın və zəhərlənmə kimi bədbəxt hadisələr baş verir.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bütün bunları nəzərə alaraq, qaz cihazları və qaz təsərrüfatı ilə bağlı təhlükəsizlik qaydalarının tələblərini bir daha nəzərə çatdırır, aşağıdakı yanğın təhlükəsizlik qaydalarına ciddi əməl olunmasını vacib hesab edir.
Qaz təsərrüfatının mövcud olduğu sahələrdə yanğın, partlayış və zəhərlənmə kimi arzuolunmaz hallardan mühafizə olunmaq üçün mülkiyyət formasından asılı olmayaraq, hər bir təşkilatın, həmçinin hər bir vətəndaşın bir sıra qaydalara, xüsusən də yanğın təhlükəsizliyi qaydalarına əməl etməsi zəruridir. Qaz təsərrüfatı ilə bağlı yanğın təhlükəsizliyi qaydalarına tikinti və quraşdırma işlərindən başlamaq lazımdır. Təyinatından asılı olmayaraq, bina və qurğulara qaz kəməri çəkilərkən kəmər binanın bünövrəsindən binaya polad qılaf daxilində keçməlidir. Qılafın daxilində qaz kəmərinin birləşmə hissələri olmamalı, kəmər torpaqdan çıxdığı yerdə zədədən mühafizə edilməlidir. Qaz kəməri binanın üstündən çəkilərsə, kəmərin aşağı hissəsindən bina örtüyünə qədər məsafə ən azı 50 santimetr olmalı, divarboyu çəkildiyi halda isə pəncərə və qapıların qarşısını kəsmə­məlidir. Qaz kəməri elə çəkilməlidir ki, o, başqa otaqlara deyil, bilavasitə qaz işlədən qurğunun yerləşdiyi otağa daxil olsun. Bir sıra təhlükəli hallara şərait yaratdığından lift şaxtası, havadəyişmə şaxta və kanalları, eləcə də tüstü boruları ilə qaz kəmərinin çəkilməsi qadağan olunur.

Təhlükəsizliyi təmin etmək üçün yaşayış binalarında digər tələblər də yerinə yetirilməlidir. Birinci növbədə, yaşayış binasının qaz kəməri polad borudan olmalı, suvaq altından deyil, açıq havada çəkilməlidir. Qaz cihazlarına qazın verilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır.
Bu qaydaların pozulması ilə yanaşı, bir sıra digər səbəblər də yaşayış evlərində yanğın baş verməsinə şərait yaradır. Məişətdə işlədilən qaz cihazlarından törənən yanğınların əsas səbəbi boru kəmərlə­rində, birləşmə qovşaqlarında kipliyin pozulması və qaz pilitələrinin odluqlarından qazın sızmasıdır. Təbii qaz, eləcə də mayeləşdirilmiş balon qazı hava ilə birlikdə partlayış təhlükəli qarışıqlar əmələ gətirməyə qadirdir. Elə buna görə də mənzildə və digər yerlərdə qaz qoxusu hiss etdikdə kibrit, alışqan yandırmaq, hər hansı bir elektrik qurğu və cihazlarından istifadə etmək, o cümlədən onları cərəyana qoşmaq və ayırmaq olmaz. Qazın sızması müxtəlif səbəblərdən ola bilər. Əgər sızma qaz cihazındakı kranın açıq qalmasından əmələ gəlmişsə, onu bağlamaq, mənzilin havasını dəyişmək üçün qapı və pəncərələri açmaq, hava axını yaratmaq lazımdır. Əgər qazın sızması qaz kəmərinin və ya qaz cihazının zədələnməsindən əmələ gəlmişsə, onda qazdan istifadə etmək olmaz və təcili qaz idarəsinin qəza xidmətinə (104 nömrəsinə zəng etməklə) xəbər vermək lazımdır. Qaz kəmərlərindən, qaz balon və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq oddan istifadə etmək qəti qadağandır. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir.
Statistika göstərir ki, dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında dördüncü yeri tutur. Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Nəticə etibarilə, dəm qazından zəhərlənmə baş verir. Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamamyanma məhsulu olub, güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4 oksidə çevrilərək tüstü boruları vasitəsilə xaric olunur.
Dəm qazı ilə zəhərlənmənin səbəbləri kimi hamam və vanna otaqlarında nəfəsliklərin olmamasını, suqızdırıcıların hamam və vanna otaqlarında quraşdırılmasını, soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulmasını, standarta uyğun olmayan və kustar üsulla hazırlanmış qaz sobalarından və suqızdırıcılarından istifadə edilməsini, sobanın və tüstüçəkən bacanın nasaz vəziyyətdə olmasını göstərmək olar.
Zəhərlənməyə səbəb olan amillərdən biri də əhali tərəfindən yaşayış sahələrində kustar qaydada hazırlanmış qeyri-standart qızdırıcı qaz cihazlarından və suqızdırıcılarından istifadə olunmasıdır. Buna görə də, bir qayda olaraq, zavodda istehsal edilmiş qaz cihazlarından istifadə etmək məsləhət görülür. Qeyri-standart qaz cihazlarından istifadə edilməsinə, ümumiyyətlə, yol verilmə­məlidir.
Vətəndaşlar qaz cihazları alan zaman onun uyğunluq sertifikatını və texniki pasportunu mağaza sahiblərindən mütləq tələb etməlidirlər. Cihaz quraşdırıldıqdan sonra onun istifadə qaydaları ilə tanış olmaq vacibdir. Çünki partlayış, yanğın və dəm qazı ilə zəhərlənmə kimi qəza hadisələrinin əksəriyyəti bu qaydaları bilməzlikdən və ya onlara riayət edilməməsi səbəbindən baş verir. Bunun üçün cihazın istismarı qaydaları, avtomatik təhlükəsizlik qurğusu ilə təchiz olunub-olunmaması, tüstü borusunun düzgün quraşdırılması, ən vacibi isə hansı şəraitdə normal rejimdə işləməsi məsələlərini dəqiq bilmək və yadda saxlamaq lazımdır.
Qazla əlaqədar təhlükəsizlik qaydalarını hamı bilməli, ona hər bir vətəndaş ciddi əməl etməlidir. Unutmamalıyıq ki, bu qaydalara əməl etməməklə biz zəhərlənmə, yanğın, partlayış təhlükəsi yaradır, özümüzü, ailə üzvlərimizi, ətrafdakı insanları bədbəxt hadisələrə düçar edirik.
Qaz cihazları ilə bağlı hər hansı təhlükə ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidmətinə məlumat verilməlidir. Unutmayaq ki, təhlükəsizliyimiz öz əlimizdədir.

Mirtaleh SEYİDOV
Fövqəladə Hallar Nazirliyinin bölmə rəisi, daxili xidmət kapitanı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR