Babək Rayon İcra Hakimiyyətinin və Dövlət Sosial Müdafiə Fondunun təşkilatçılığı ilə Babək rayonunda “Sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi və avtomatlaşdırılmış pensiya təyinatı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Əbdülhüseyn Zamanov açıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun şöbə müdirləri Yaşar Məmmədov, Vaqif Rəsulov və İsmayıl Həsənov məcburi dövlət sosial sığorta haqlarının ödənişi və hesabat sistemində, sığorta-pensiya sistemində fərdi uçotun təşkili, əmək pensiyalarının təyinatı və ödənişi sahəsində elektron xidmətlərin tətbiqindən danışıblar.
Çıxışlarda bildirilib ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən əhəmiyyətli tədbirlər elektron sənəd mübadiləsinin daha da təkmilləşdirilməsinə və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində idarəetmənin səmərəliliyinin artırılmasına yönəlib.
Qeyd edilib ki, istifadəyə verilən “Məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi” elektron xidməti vasitəsilə sığortaedənlər, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, torpaq mülkiyyətçiləri məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini asanlıqla həyata keçirirlər. İndi istənilən sığortaedən heç yerə getmədən plastik kart vasitəsilə internet üzərindən məcburi dövlət sosial sığorta haqlarını onlayn ödəyə bilər. Kənd yerlərində yaşayan sığortaedənlər məcburi dövlət sosial sığorta haqlarını bağlanmış müqavilələrə əsasən, yaşadıqları yerlərdə poçt şöbələri vasitəsilə ödəyə bilərlər.
Sonra Babək rayonunda sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiqi ilə bağlı görülən işlər barədə fondun Babək Rayon Şöbəsinin müdiri Natiq Hacıyev tədbir iştirakçılarına məlumat verib.
Sonda elektron xidmətlərin tətbiqi və istifadə qaydaları ilə əlaqədar slayd göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti