22 Dekabr 2024, Bazar

Budur dövlətimizin insan amilinə verdiyi dəyər

Rahat yaşayışın təmin edilməsi hər kəsin arzusu olduğu kimi, azad, demokratik, vətəndaşlarına dəyər verilən cəmiyyət və ölkələrdə də həyata keçirilən sosial tədbirlərin əsas tərkib hissəsidir. Bu rahatlıq təkcə sabitlik, dinclik mənasında deyil, həm də yaşamaq üçün müasir tələblərə uyğun şəraitin yaradılması anlamında qəbul edilməlidir. Əlbəttə, sabitlik olmadan yaşamaq üçün normal şəraitin yaradılmasının mümkünlüyünü düşünmək sadəlövhlük olardı. Ancaq istənilən halda insanlar üçün bu tərəflərin hər ikisinin olması vacibdir. 

Hər bir insan üçün həyatda ən böyük arzulardan biri gözəl, fərdi mənzilə sahib olmaqdır. Doğrudur, bazar iqtisadiyyatının “İşlə, qazan, sahib ol!” ideologiyası yüz illər boyu özünü doğrultsa da, kütləvilik baxımından buna nail olmaq hələ ki mümkün olmayıb. Buna görə də bu gün dünyanın ən inkişaf etmiş ölkələrində belə, evsizlik problemi yaşayan kifayət qədər böyük kütlələr var. Məhz bu nöqteyi-nəzərdən baxsaq, ölkəmizdə bu sahədə vəziyyətin qənaətbəxş olduğunu söyləmək mümkündür. Məsələnin mahiyyətinə varmaq üçün muxtar respublikanın rayon mərkəzlərində, eləcə də paytaxt Naxçıvan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin məğzinə bir daha diqqət yetirək. Qeyd etməliyik ki, bu gün mərkəzi yaşayış yerlərində mövcud olan binaların böyük bir hissəsi sovet dövründə tikilib. Bu binalar içərisində istismar dövrünü başa vurmuş binalar da var, mövcudluğunu hələ uzun illər sürdürəcək binalar da az deyil. Nəzər yetirsək, görərik ki, köhnə yaşayış binalarının fundamental olaraq əsaslı şəkildə yenidən qurulması, istismar yararlı­lığını özündə saxlayan binaların isə təmir və bərpa olunaraq müasir vəziyyətə gətirilməsi diqqət mərkəzində saxlanılır. Belə binaların əsaslı şəkildə yenidən qurulması zamanı mənzillərin sahəsinin genişləndirilməsi və ya mühəndis-texniki imkanları nəzərə alınaraq digər mərtəbələrin əlavə olunması da insanların rahat yaşamasına hesablanıb. Son illərdə Naxçıvanda xeyli sayda ailələr belə rahat və geniş mənzillərə sahib olublar. Və bütün bunlar üçün onlardan heç bir xərc tələb edilməyib. Vətəndaşlara məxsus mənzillərin dövlət tərəfindən əsaslı şəkildə yenidən qurulması və ya təmiri (fövqəladə hallar istisna olmaqla) dünya təcrübəsində çox nadir tədbirlərdəndir. Bundan əlavə, cəmiyyətin xüsusi imtiyazlı təbəqələrinin nümayəndələrinə davamlı olaraq fərdi evlərin tikilməsi insan amilinə verilən dəyərlə yanaşı, həm də dövlətimizin gücünün göstəricisidir. Bütün bu tərəflərinə görə muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatların mərkəzində insan amilinin dayandığını kiməsə sübut etməyə ehtiyac yoxdur. Əhalinin rahat yaşayışının təmin olunması, xüsusilə insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər bu gün də davam etdirilir. Görülən işlərin bir qismini də yeni yaşayış binalarının tikilərək istifadəyə verilməsi təşkil edir. Bir həftə bundan əvvəl Naxçıvan şəhərinin Kazım Talıblı küçəsində 20 nömrəli yaşayış binasının istifadəyə verilməsi də dediklərimizə əyani misaldır.

Bu yaşayış binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Binada 12 mənzil yerləşir. Onlardan 9-u ikiotaqlı, 3-ü isə üçotaqlıdır. Mənzillərin ümumi yaşayış sahəsi 660 kvadratmetrdir. Bina zəruri kommunikasiya sistemləri ilə təchiz olunub, yeni su və kanalizasiya xəttinə qoşulub, mənzillərin hər birində fərdi istilik sistemi quraşdırılıb, fiber-optik xətt çəkilib. Bu yaşayış binasında mənzil sahibi olanlar şəhərin Kalbalıxan və Cəlil Məmmədquluzadə küçələrində fərdi evləri plana düşən ailələrdir. Biz də bu günlərdə həmin ailələrin bəzi nümayəndələri ilə görüşüb söhbət etdik.
Bina sakini Vilayət Qasımov bildirir ki, Kalbalıxan küçəsində yerləşən evimiz bərbad vəziyyətdə idi. Deyir ki, o, 1956-cı ildə həmin evdə dünyaya göz açıb. Ancaq evin köhnə tikili olması daim onları narahat edirdi. Əslində, köhnə evin təmiri də mümkün deyildi. Çünki kiçik otaqlardan ibarət bu kiçik tikili üçün zəhmət çəkməyə də dəyməzdi. Ancaq indi yeni binada hər bir şəraiti olan, rahat, geniş otaqlar hər birimizin ürəyincədir. Bir daha ailəmiz adından dövlətimizə min­nətdarlı­ğımızı bildirirəm.
Kərim və Faiq Novruzov qardaşları da yeni binada mənzil sahibi olan sakinlərdəndir. Kərim ikiotaqlı, Faiq Novruzov isə üçotaqlı mənzilə köçməsinin sevincini yaşayır. Hər ikisi onlara bu sevinci bəxş edən dövlətimizə minnətdarlığını bildirir. Ataları Bəşir kişi deyir ki, köhnə evlərinin yerləşdiyi ərazinin qeyri-mütənasibliyi, şəraitsizlik onları hər zaman narahat edib: “Təsəvvür edin ki, hətta qız köçürəndə, oğul evləndirəndə belə, toyu digər övladlarımın yaşadığı evlərdə etmişik. Açığını desək, o ərazilərdəki həyət evlərini satmaq da mümkün olmayıb. Buna görə də orada yaşayanların yeni mənzillərlə təmin edilməsi hər birimizin hədsiz sevincinə səbəb olub. Bir daha dövlətimizə minnətdarlığımızı bildiririk”.
Həmin küçədə ötən il istifadəyə verilən 18 nömrəli yaşayış binası da 3 mərtəbə və 12 mənzildən ibarətdir. Burada mənzillə təmin olunan Vahid Qasımov yaşadıqları köhnə evin problemlərindən, oradakı şəraitsizlikdən danışmaqla bərabər, yeni mənzillərinin onlara böyük sevinc bəxş etdiyini söyləməyi də unutmur. Muxtar respublikada bu işlərin həyata keçirilməsində zəhməti olan hər kəsə minnətdarlıq etməyi də özünə borc bilir.
Gənc ailə başçısı Asiman Həsənov yeni ikiotaqlı mənzillərinin onlara böyük sevinc bəxş etdiyini söyləyir. Belə bir mənzilin hər kəs üçün arzu­olunan olduğunu deyən Asiman bunu dövlətimizin iqtisadi gücü ilə əlaqələndirir. Arzu edir ki, bütün gənc ailələr belə rahat və gözəl mənzillərə sahib olsunlar.
Qeyd edək ki, Kazım Talıblı küçəsindəki 1 nömrəli yaşayış binasında da əsaslı təmir işləri aparılıb. İki mərtəbə və 12 mənzildən ibarət olan binanın dəhlizi, fasadı, dam örtüyü, qapı və pəncərələri yenilənib, mərkəzi antena sistemi quraşdırılıb, binaların həyətində geniş abadlıq işləri görülüb.
Bəli, budur dövlətimizin insan amilinə verdiyi dəyər!

 Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR