Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini özündə yaşadan ümumxalq bayramıdır. Bu bayram gur tonqalları, gözoxşayan noğullu-nabatlı, dadlı şirniyyatlı və yanar şamlı xonçaları, yamyaşıl səmənisi, mübarək niyyətləri, diləkləri ilə sevilir.
Hər il olduğu kimi, bu il də muxtar respublikamızın əhalisi xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və yüksək əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşır.
Hər birimizin arzusudur ki, bütün bayramlar kimi, Novruz şənlikləri də ən ülvi duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hislərlə xatırlansın. Aparılan təhlillər zamanı aydın olur ki, bayram şənliklərinin və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğınlar baş verir, nəticədə, vətəndaşlarımıza maddi və mənəvi ziyan dəyir.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi əhalinin bayram şənlikləri və tədbirlərinin keçirilməsi zamanı arzuolunmaz hadisələrlə üzləşməməsi üçün aşağıda sadalanan yanğın təhlükəsizliyi qaydalarının tələblərinə riayət edilməsini tövsiyə edir.
Bir çox hallarda vətəndaşlar tərəfindən tonqal yandırılarkən onun yerinin düzgün seçilməməsi xoşagəlməz fəsadların yaranmasına gətirib çıxarır. Tonqal yandırılan yerlərdə əvvəlcədən təhlükəsizlik tədbirləri həyata keçirmək lazımdır: tonqallar ətrafda olan yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, elektrik və rabitə xətləri çəkilmiş dirəklərdən, binalardan, evlərdən, yardımçı tikililərdən, ot-saman tayalarından, tezalışan maye və materiallar saxlanılan yerlərdən kənarda yandırılmalıdır.
Əsən güclü külək zamanı çalışın ki, ümumiyyətlə, tonqalı yandırmayasınız. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Tonqal tam yanıb sönəndən sonra odun közünün ətrafa yayılmaması üçün onun üstü mütləq torpaqlanmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş tonqalın közü yanğının baş verməsi üçün mənbə ola bilər.
Novruz şənliklərində yanar mayelərlə hopdurulmuş məşəllərin, partladıcıların və fişənglərin azyaşlı uşaqlar tərəfindən istifadəsinə yol vermək olmaz.
Yüksəkliklərdə, dağ və dağətəyi yerlərdə, eləcə də digər yaşayış sahələrində avtomobil şinlərinin yandırılması qəti qadağandır. Belə hallarda yanan şinlər diyirlənərək ətrafdakı yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb ola bilər.
Novruz şənliklərinin və tədbirlərinin keçirildiyi küçə və meydanlarda kütləvi şəkildə toplaşan insanlar xoşagəlməz hadisələrin baş verməməsi üçün, mütləq qaydada, bir-birlərinin təhlükəsizliyini qorumalıdırlar.
Milli adət-ənənələrimizə uyğun olaraq, uşaqlar tonqalların üzərindən atlanarkən özlərini yanğından qorumalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.
Novruz bayramının bir bəzəyi də xonça bəzəmək, şam yandırmaqdır. Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək vacibdir. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsinə səbəb ola bilər.
Bayram tədbirləri zamanı əhali ilə yanaşı, idarə, müəssisə və təşkilat rəhbərləri, xüsusən də mədəniyyət və təhsil müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməli, qabaqlayıcı tədbirlər görməlidirlər.
Vətəndaşlarımıza bir daha tövsiyə edirik ki, milli bayramımız olan Novruzu acı sonluqla başa vurmamaq üçün yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər. Bayram şənliklərinin keçirilməsi zamanı vətəndaşlarımız yanğın hadisələri ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101” xidmətinə məlumat verməyi unutmamalıdırlar.
Azər QASIMOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar
Nazirliyinin əməkdaşı, daxili xidmət kapitanı