Fevralın 9-da Naxçıvan Muxtar Respublikasında 2014-cü ilin yekunları və qarşıda duran vəzifələrə dair keçirilmiş müşavirədə aidiyyəti orqanlara verilən sahibkarların maarifləndirilməsi, işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin bağlanmasına diqqətin artırılması, hər bir sahibkara tabeliyində çalışan işçilər üçün normal iş yeri və istirahət şəraitinin yaradılması, xüsusi istehsal müəssisələrində əməyin təşkili və təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarətin artırılması ilə bağlı tapşırığın icrası istiqamətində Naxçıvan Regional Peşə Tədris Mərkəzində növbəti ixtisasartırma kursuna start verilib.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Texniki təhlükəsizlik və əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl olunması” mövzusunda təşkil etdiyi kursa martın 12-də başlanılıb.
İxtisasartırma kursuna “Gəmiqaya Sənaye Kompleksi”, “Gəmiqaya Daş Məhsulları Kompleksi”, “Gəmiqaya Beton Məmulatları Kompleksi”, “Gəmiqaya Nəqliyyat”, “Dizayn Metaləritmə Zavodu”, “Dizayn Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin, Cahan Panel-Radiator və Dam Örtükləri Zavodunun, eləcə də Naxçıvan Şəhər Abadlıq və Təmir-Tikinti İdarəsinin qum-çınqıl istehsalı zavodunun, ümumilikdə, 15 mütəxəssisi cəlb olunub. 6 gün davam edəcək kursda Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mütəxəssisləri tərəfindən işçilər üçün normal iş və istirahət şəraitinin yaradılması, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına əməl olunması, eləcə də bu istiqamətdə daxili nəzarətin gücləndirilməsi, baş verə biləcək bədbəxt hadisələr və peşə xəstəliklərinin qarşısının alınmasına dair mövzular tədris olunacaq.
Bəhs olunan kursda Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Dövlət Baş Sığorta Agentliyinin əməkdaşları tərəfindən iş sahəsində əməyin mühafizəsi və təhlükəsizlik tədbirlərinin görülməməsinə görə məsuliyyət, iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin yaradılması, baş verən qəzalar zamanı zərərçəkənə ilk tibbi yardımın göstərilməsi, baş verən bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarından işçilərin icbari sığorta olunmalarının zəruriliyi ilə bağlı dərslər keçiləcək.
Yekunda kurs iştirakçılarının bu sahədə bilikləri yoxlanılacaq.
Səbuhi HƏSƏNOV