Ailə dəyərlərinin qorunması, yeni nəslə aşılanması, yeniyetmə və gənclərin bu dəyərlərə sahib çıxması və yaşatması istiqamətində dövlətimiz tərəfindən ardıcıl tədbirlər görülür.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı ötən il 6-sı muxtar respublikanın rayon və kənd mərkəzlərində olmaqla, ümumilikdə, 9 dəfə tədbir keçirib, ali və orta ixtisas məktəbləri tələbələri arasında 1 dəfə rəsm və inşa-yazı müsabiqəsi təşkil edib. Bundan əlavə, komitə əməkdaşları aidiyyəti orqanlarla birlikdə muxtar respublikanın 33 şəhər, rayon və kənd tam orta məktəbi və məktəbdənkənar təlim-tərbiyə müəssisələrində uşaqlar arasında maarifləndirici söhbətlər aparıb və seminarlar keçirib.
Tədbirlərdə milli dəyərlərimizin tərkib hissəsi olan ailə institutunun qorunması və onun inkişafının təmin edilməsi, ailə münasibətlərində adət-ənənəyə yer verilməsi, sağlam ailənin formalaşmasının əsasları, ailə üzvləri vəzifələrinin düzgün yerinə yetirilməsi, müasir texnologiyaların gənc ailələrə təsiri istiqamətində söhbətlər aparılıb. Yeni nəslin gələcəkdə quracağı ailənin bütövlüyünü qorumaq üçün ailə dəyərlərinin vacibliyi, ailələrdə böyüyən uşaqların sağlam yaradıcı əməyə alışmaları, zərərli vərdişlərdən çəkinmələri, təhsil-tərbiyə məsələləri, ümumiyyətlə, sağlam həyat tərzi yaşamaları yollarından ətraflı bəhs olunub.
Uzunömürlü ailələrin keçdiyi həyat yolunun, bütövlüyünün sirlərinin gənc ailələrə aşılanması, ailə dəyərlərinin təbliği məqsədilə komitə tərəfindən muxtar respublikada yaşayan 11 uzunömürlü ailənin evlilik yubileyləri qeyd edilib.
Humanist olmaq, qayğı göstərmək, xüsusi qayğıya ehtiyacı olanları sevindirmək ailə dəyərlərimizdəndir. Bu məqsədlə aidiyyəti təşkilatlarla birgə ötən il 80-ə yaxın ahıl, tənha, əlil qadına və aztəminatlı ailəyə baş çəkilib, onların ümumi problemləri ilə maraqlanılıb, mövcud problemlərin aradan qaldırılması ilə bağlı işlər görülüb, ahıl vətəndaşlar və aztəminatlı ailə üzvləri tibbi müayinədən keçirilib, zəruri olduqda onlara dərman preparatları, geyim dəstləri, məişət əşyaları və ərzaq payı verilib. Həmçinin 115 nəfər hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud uşaqlar, aztəminatlı ailələrin uşaqları geyim dəstləri ilə təmin edilib, onlara hədiyyələr verilib.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti